1 İyul 2020 20:00
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə videokonfransdakı çıxışında bir sıra önəmli məqamlara toxundu.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O qeyd edib ki, pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri də turizmdir. Belə ki, pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan öz sərhədlərini bağlayıb:

“Bu sahəyə dəyən ziyan milyardlarla ölçülür. Lakin qeyd etmək lazımdır ki, post-pandemiya dövründə də bu sahənin bərpa olunması üçün çoxşaxəli fəaliyyətə ehtiyac var. Burada müəyyən məhdudiyyətlərin aradan qaldırılmasından tutmuş, bu sahəyə investisiya yatırılmasına qədər çoxçeşidli problemlər olduğunu nəzərə almaq lazımdır”.

İlyas Hüseynov deyib ki, pandemiya Azərbaycanın da turizm sektoruna mənfi təsir göstərib:
“Son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən “Formula-1” yarışlarının keçirilməsi ilə bağlı idi. Hər keçən il bu sahədə artım dinamikası hiss olunurdu və müxtəlif məlumatlara görə əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirdilər. Bu fakt onu göstərir ki, turizm sahəsi bizim iqtisadiyyata böyük valyuta axınını təmin edir. Keçən il rekord göstərici qeydə alınmışdı – 3 milyondan çox əcnəbi vətəndaşın Azərbaycana səfər etməsi müşahidə olunmuşdu. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artmışdı. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb”.

İlyas Hüseynov bildirib ki, pandemiya dövründə daxili turizmə böyük diqqət yetirilməsi turizm infrastrukturunda yaranmış boşluğu doldura bilər: “Fikrimcə, post-pandemiya dövründə bütün dünyada daxili turizm daha inkişaf edəcək. Çünki bu mənəvi-psixoloji baryeri qısa müddətdə aradan qaldırmaq çətin olacaq. Şübhəsiz ki, sabit ictimai-siyasi şərait, təhlükəsizlik, coğrafi mövqe, xalqın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və dadlı mətbəx kimi amillər Azərbaycanda turizm sənayesinin bərpa olunmasına kömək edə biləcək”.

Qeyd edək ki, iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Prezident İlham Əliyev ilə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər