7 İyul 2020 18:29
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub: "Ümumilikdə, modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır".

Millət vəkili qeyd edib ki, ölkəmizdə COVID-19 pandemiyasına yoluxmalar başlandığı gündən ölkə və xalq olaraq bu böyük bəladan ən az itki və ən az ziyanla qurtula bilməyimiz üçün Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyevanın birbaşa dəstəyi və göstərişləri ilə həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər siyahısında modul tipli xəstəxanaların tikintisini xüsusi çəkisi var:

“Bakının Xətai rayonunda modul tipli 10 korpuslu, 800 yerlik xəstəxananın açılışı da dövlətin vətəndaşının sağlamılığına olan qayğısının növbəti təcəssümüdür. Prezident İlham Əliyev hər zaman olduğu kimi, ən çətin, ən mümkünsüz şəraitdə belə ölkənin bütün vətəndaşlarını qorumaq, onları himayə etmək əzmində və iqtidarında olduğunu bir daha nümayiş etdirdi, hətta ölkə hüdudlarından kənara çıxaraq, bir çox dünya ölkələrinə də bu mərhələdə köməyimizi əsirgəmədiyimizi açıqladı”.

Millət vəkili vurğulayıb ki, hazırda dünya ölkələri bütün səylərini COVID-19 pandemiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib: "Pandemiyaya qarşı mübarizədə dövlət tərəfindən həyata keçirilən bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsinə, səylərimizi birləşdirməyə bu gün daha böyük ehtiyac var. Qəbul olunan qərarlara, maarifləndirici tədbirlərin həyata keçirilməsinə baxmayaraq, koronavirus pandemiyasına yoluxma halları kəskin artmaqdadır. Bu onu göstərir ki, nə qədər məhdudiyyətli qərarlar qəbul olunsa da, bu məsələdə məsuliyyətli şəxsi yanaşma olmasa bu qərarların müsbət nəticəsi olmayacaq.

Elementar qaydalara əməl etməklə hər kəs özünün və doğmalarının həyatının qorunmasını təmin etmiş olacaq. Sosial məsafənin saxlanılması, dezinfeksiya qaydalarına əməl olunması və maskadan mütləq istifadə kimi qaydalar yalnız ölkəmizdə deyil, bütün dünya dövlətlərində hər bir şəxsin yerinə yetirə biləcəyi çox sadə qaydalardır. Bu qaydalara əməl etməklə, həmrəy olmaqla bu virusun yayılmasının qarşısını almaqda dövlətimizə dəstək ola bilərik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər