Milli Məclisin 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə deputatı Arzu Nağıyev Tovuzdakı son vəziyyət barədə Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Düşmənin bu dəfə qoşunların təmas xəttində deyil, Azərbaycan-Ermənistan dövlət sərhəddində təxribatının arxasında hansı məqsəd dayanır?
- Tovuza həmlə etməkdə əsas məqsəd mühüm yüksəklikləri ələ keçirməkdir. Çünki Tovuz çox strateji əhəmiyyətli bir ərazidir, buradan kommunikasiya xətləri keçir. Bura həm Bakı-Tbilisi-Qars dəmir yolu, həm Bakı-Tbilisi avtomobil yolu, həm də böyük meqalayihələr olan kəmərlərin keçdiyi ərazidir. Birinci məsələ budur ki, onlar bu istiqamətdə nəzarəti ələ keçirmək istəyirlər. Çünki həmin yüksəkliklərdə uzunluğu, eninə, sağa-sola 25 kilometrlik ərazini tam şəkildə nəzarətdə saxlamaq mümkündür. Digər məsələ ondan ibarətdir ki, Azərbaycan-Ermənistan sərhədində təxribat törədən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu qeyd edir. Bu qeyddə əsas məsələ odur ki, bu təşkilatın üzvü olan dövlətlər ona yardım etsin.
- Ermənistanı Tovuza hücum etməyə Rusiyanın ilhamlandırdığına dair deyilənlərə münasibətiniz necədir? Yoxsa bu hadisələrdə Rusiyanın iştirakı yoxdur?
- Burada ən birinci oyunçu məhz Rusiyadır. Çünki sərhədin sol tərəfində hər hansı digər dövlətin deyil, Rusiyanın ordusu var. Ona görə də bunlar nəyin bahasına olursa-olsun, Rusiyanı bu oyuna cəlb etməyə çalışırlar. Eyni zamanda, həm Ermənistanı, həm də onun bəzi havadarlarını Azərbaycanın müstəqil xarici siyasəti qane etmir. Çünki Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), həmçinin digər beynəlxalq təşkilatlar səviyyəsində böyük tədbirlərə ev sahibliyi etməyə çalışır və dünyaya öz tövhəsini verməkdədir. Digər məsələ isə Paşinyan hakimiyyətinin tənəzzülə uğramasıdır. İqtisadi və siyasi cəhətdən tənəzzülə uğradığına görə artıq Qarabağ kartı ilə oynamağa başlayır. Daxildə olan iqtisadi tənəzzülünü ört-basdır etmək, vətəndaşın fikrini problemlərdən yayındırmaq üçün əsbu yola əl atır.
- Hazırda Tovuzda vəziyyət necədir?
- İki gündür Tovuzdayam. Hazırda intensiv atışma gedir. Artıq böyükçaplı silahlar, eyni zamanda artilleriya qurğularından istifadə edirlər. Kəndləri vururlar, dinc əhaliyə atəş açırlar. Ciddi atışma gedən kəndlər Ağdam və Dondar Quşçudur.
- Əhali arasında ab-hava necədir?
- Əhali arasında ciddi panika yoxdur. Hətta atışmanın, artilleriyanın səsi evlərə gəlir. Bir azdan cəbhə bölgəsindəki kəndə yollanacam. Demək olar ki, proseslərə camaat tərəfindən nəzarət olunur. Əhali ordusu ilə birgə olub köməklik göstərir. Lakin düşünürəm ki, buna da ehtiyac yoxdur. Ordu tam şəkildə öz üzərinə düşən funksiyanı yerinə yetirə bilir.
- Belə fikirlər səslənir ki, təxribat törədən Ermənistana qarşı savaşı davam etdirək...
- Nəyin bahasına olursa-olsun, bu məsələyə son qoyulmalıdır. Müharibə tək səngərdə deyil, diplomatik səviyyədə də gedir. Azərbaycan öz ərazisində anti-terror əməliyyatı keçirib, buna nail ola bilər. Düşünürəm ki, artıq bu istiqamətdə başqa yol yoxdur.