16 İyul 2020 09:19
1 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Azərbaycan xalqının öz ordusunun, dövlətinin yanında olub torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşə hazır olduğunun bir daha şahidi olduq. Cəbhədə düşmənlə üz-üzə gəlmək arzusunda olan insanların əzmini şəhərimizin müxtəlif yerlərində başlayan, sonra “Azadlıq” meydanından üzü Şəhidlər Xiyabanına qədər hərəkatda gördük. Belə vətənpərvər ruh yüksəkliyindən heç şübhəsiz qürur hissi keçirdik.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, hər kəs ölkəni qoruyanların təkcə əsgər və zabitlər olmadığını gördü: “Sıravi vətəndaşlar, yaşından, kimliyindən asılı olmayaraq bu yürüşdə iştirak edirdilər. Bütün yol boyu səsləndirilən şüarların hər birinin arxasında dövlətlə həmrəylik, cənab ali baş komandana dəstək nümayiş olunurdu. Onlar səsləndirdikləri fikirlərində ön cəbhəyə getmək üçün ali baş komandandan əmr gözlədiklərini dilə gətirirdilər. Bütün bunlar sözsüz ki, Azərbaycan xalqının mütəşəkkiliyini, öz dövlətinin, prezidentinin yanında olduğunu bir daha nümayiş etdirdi”.

Deputat təəssüf hissi ilə qeyd edib ki, bütün bunlarla bərabər gecə yarı nizamlı, sülhpərvər nümayişçilərin arasından bir qrup heç kəsin gözləmədiyi anda Milli Məclisin binasına daxil olublar:

“Həmin təxribatçı qrup ali qanunverici orqana hücum edərək əllərində olan müxtəlif vasitələrlə parlament binasına zərər vurmağa çalışıblar. Anlaşılmayan odur ki, bu qruplar hansı məqsədlə belə bir qeyri-normal davranışa əl atıblar? Parlamentə getdik və bu hadisənin nəticələrini görüb böyük üzüntü yaşadıq. Parlament binasının divarlarına, çılçıraqlarını zərər vurulması, hər tərəfə vandalcasına hücum təəssüf doğurur. Hər kəsə səslənirəm, düşmən, erməni səngərdə, cəbhədədir. Ermənilər bu gün haqsız olaraq sürükləndiyimiz müharibənin ədalətli şəkildə sonlandırılmasına imkan verməyən bir subyektdir. Həmin ermənilər parlament binasında deyillər. Düşmən bizim qarşımızdadır”.

Jalə Əliyeva vurğulayıb edib ki, düşmənlərimiz ermənilər və onların havadarları, bu problemin həllini bu günə qədər uzadanlardır: “Hətta o qürurverici nümayişi belə dünyaya utancverici formada çatdırmaq istəyən, əllərindən gələni bu məqamda da əsirgəməyənlərdir düşmənlərimiz. Düşmənə qarşı mübarizə aparmaq əvəzinə belə bir təxribat törədib dünyanı, xüsusən də erməniləri bizə qarşı qoymaq, bu mütəşəkkil tədbiri pozmaq cəhdini pisləyirik. Baş verənlər sadəcə Azərbaycan parlamentinə qarşı deyil, həmin zaman canından, qanından keçməyə hazır olan yüz minlərlə, milyonlarla vətəndaşımıza, Azərbaycan xalqına edilmiş böyük bir hörmətsizlikdir”.


Müəllif: Tapdıq Qurbanlı