21 İyul 2020 19:00
9 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanın diqqətini Qarabağ cəbhəsindən yayındırmaq, ordumuzun zərbə qüvvəsini Dağlıq Qarabağdan qaçırmaq üçün Tovuz istiqamətində məlum hadisələri törətdi. Bilirdilər ki, Azərbaycan əvvəl-axır Qarabağa girəcək. Buna da tam haqqı var.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Rüstəm Məmmədov bildirib.

O qeyd edib ki, Tovuz istiqamətində hərbi aksiyanın baş verməsinin günahı Ermənistandadır:

“Ermənistan sanki hiss edir ki, Azərbaycan əvvəl-axır Dağlıq Qarabağa girməlidir. Çünki bununla bağlı çoxlu bəyanat verilib, çıxış edilib. Azərbaycan ictimai rəyində bununla bağlı etirazçı əhval-ruhiyyə mövcuddur. Ermənistan tərəfi bunu hiss edirdi. Buna görə də onlar Dağlıq Qarabağın üzərindən zərbəni götürmək naminə Tovuz istiqamətində provokasiya törətdilər. Mən bunu birmənalı şəkildə belə qəbul edirəm”.

Rüstəm Məmmədov bildirib ki, ermənilər bu təxribatı törətmək barədə fikirləşərkən qarşılarına bir neçə məqsəd qoyublar:

“Azərbaycandan bir qədər də torpaq ələ keçirsinlər, mühüm kommunikasiya xətlərinə ziyan vursunlar və Azərbaycanı qorxutsunlar ki, Dağlıq Qarabağa girmək olmaz. Yəni, məqsəd bu idi. Ancaq hər şey gözlənildiyinin əksinə oldu. Yəni, ermənilər özləri də bu gün pat vəziyyətində oturub, düşünürlər ki, görəsən, Azərbaycan bundan sonra nə qərar qəbul edəcək? Görürsünüz ki, bu gün Azərbaycanın xeyrinə dünyada çoxlu aksiya keçirilir. Azərbaycan diasporu, ayrı-ayrı xarici dövlətlər Azərbaycanı dəstəkləyir. Yəni, bu, ermənilərin təklənməsi deməkdir. ABŞ Konqresinin 296 saylı qərarı ermənilərin belini təmiz qırdı. Ermənilər ümidlərini ona bağlamışdılar ki, Azərbaycan əleyhinə sanksiya qəbul olunacaq. Ancaq bu baş vermədi. İndi Azərbaycan əslinə qalsa, yeniləşmiş diplomatiya xətti, eyni zamanda silahlı qüvvələrin sınaqdan keçirilmiş hərbçiləri ilə Dağlıq Qarabağda hərbi aksiya hazırlamalıdır. Bunun başqa yolu yoxdur. Çünki ermənilər işğal olunmuş əraziləri könüllü surətdə qaytarmayacaqlar. Ona görə də biz, buna hazırlaşmalıyıq. Görürsünüz ki, əhali də bununla bağlı qərarlar qəbul edir. Könüllü surətdə orduya yazılır. Yəni, bununla bağlı heç kim maneçilik törətməməlidir”.

Rusiyanın bu məsələlərə münasibətinə dair sualımızı cavablandıran politoloq qeyd edib ki, Ermənistanın məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu prosesə cəlb etmək idi, ancaq bu niyyət baş tutmadı:

“Mən sizə deyim ki, Rusiya bu gün birmənalı şəkildə Ermənistanın siyasətinin - həm Ermənistandakı siyasi rejimin, həm də onların siyasi xəttinin əleyhinədir. Yəni, bu mənada bu gün biz Rusiyadan zərbə yox, dost münasibət gözləməliyik. Bu o deməkdir ki, əgər Azərbaycan Dağlıq Qarabağa daxil olarsa, Ermənistan ortalıqda tək qalacaq. Rusiya Azərbaycana qarşı heç bir aksiya həyata keçirməyəcək. Çünki Rusiyanın başı özünə qarışıb”.

Politoloq bundan sonrakı proseslərə dair gözləntilərini də bölüşüb:

"Açığını deyim ki, Azərbaycan yaxın vaxtlarda Dağlıq Qarabağa girəcək. Bunun başqa yolu yoxdur. Biz, 30 ildir gözləyirik. 30 il hövsələ olar? Azərbaycanın bu gün hərbi gücü və beynəlxalq aləmdə dəstəyi var. Bu mənada bunu xüsusi qeyd etmək lazımdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər