Ukrayna ilə Rusiya arasına son danışıqlar Donbasda atəşkəsin əldə edilməsinə gətirib çıxarıb. Konflikt ərazisindən silahlı qüvvələrin geri çəkilməsi, minadan təmizlənməsi məsələsi var. Normand formatında bu məsələlərin həllinə qarant olan dövlətlər də münaqişənin həllinə çalışır. Rusiyanın indi sülhə razılaşması, atəşkəs elan etməsi təsadüfi deyil.
Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Donbasda atəşkəsin elan edilməsi və prezidentlər Zelenski-Putin danışıqlarının nəticələrini şərh edərkən deyib.
Partiya sədri qeyd edib ki, indiki mərhələdə Rusiyanın sülhə razılaşması onun durumu ilə bağlıdır: “Rusiya sanksiyalarla üz-üzədir, habelə “Şimal” axını kimi qlobal layihə faktiki embarqo altındadır. İndi Moskva Berlinlə münasibətləri yoluna qoymaq istəyir. Qeyd edim ki, rus qazının əsas alıcısı olan Almaniya eyni zamanda Normand formatında təmsil olunur”.
CHP sədri bildirib ki, Luqansk və Donetskin özünüidarəetmə formatına dair tərəflərin yanaşması fərqlidir: “Buna baxmayaraq əsas hədəf bu ərazilərin Ukrayna daxilində müəyyən statusa nail olmasıdır. Yəni münaqişə bu formatda öz həllini tapa bilər. Bir çox ekspertər də qeyd edir ki, əslində Moskva Luqansk və Donetski geri qaytarmaq istəyir. Məqsəd isə Avropadan ona olan təzyiq və sanksiyaları aradan qaldırmaqdır.
Sözsüz ki, hazırda iqtisadi baxımdan Rusiyanın vəziyyəti heç də ürəkaçan deyil. Odur ki, Moskva bölgədə əlavə münaqişə ocaqlarından qaçır.
Ümumiyyətlə, Putin əvvəlki illərdə olduğu kimi konfliktə getmək niyyətində deyil. Krım istisna olmaqla Ukrayna ilə problemləri yoluna qoymaq xəttinə üstünlük verir. Yəni əlavə yükü üzərindən götürmək istəyir. Ehtimal edirəm ki, hazırda proses bu istiqamətdə gedir. Türkiyə başda olmaqla bir neçə ölkənin dünən Donbasda əldə edilən atəşkəs rejimini dəstəkləməsi də bu baxımdan təsadüfi deyil. Yəni Krım istisna olmaqla digər ərazilərdə Ukraynanın ərazi bütövüyü təmin ediləcək. Əvəzində yerli özünüidarəetmənin səlahiyyətləri artırılacaq”.
Müsahibimiz hesab edir ki, əslində Rusiya bu addımları atmağa məcburdur: “Dünya dəyişir, Rusiya da müharibə aparmaq istəmir. Ruslar Ukrayna ordusunun gücünü bilirlər. Görürlər ki, Ukraynada modern ordu yaradılır, qərb silahları ilə təchizatı aparılır, Türkiyə ilə müqavilə bağlayıb dronlar aldılar. Həqiqətən bu səhədə müəyyən irəliləyiş var.
Rusiya anlayır ki, onun istənilən müharibəyə getməsi əslində məhvinə gətirib çıxaracaq. Xabarovskda baş verənlər göz önündədir”.
B.Quliyev əlavə edib ki, hazırda Belarusda da anti-Rusiya meylləri güclənib: “Belə situasiyada ruslar müharibə arzu etmir. Diqqət etdinizsə, Tovuz hadisələri zamanı da əslində Ermənistan Rusiyanı proseslərə müdaxilə etmək üçün təxribata çəkdi, amma Moskva buna getmədi. Səbəb odur ki, Rusiya beynəlxalq sanksiya altındadır, indiki halda əlavə problemlər onu daha da zəiflədəcək. Moskva daha çox sanksiyaların üzərindən götürülməsi üçün addımlar atmağa üstünlük verir”.