Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşlə bağlı məlumat Ukrayna Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Tərəflər ikitərəfli gündəliyin və regional təhlükəsizliyin aktual məsələlərini müzakirə edib, həmçinin, İqtisadi Əməkdaşlıq üzrə Ukrayna-Ermənistan Hökumətlərarası Komissiyasının iclasına hazırlaşmaq üçün səy göstərməyə razılaşıblar.
Ukraynalı diplomat söhbət əsnasında Ukrayna muzdlularının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə məlumatı rəsmi qaydada təkzib edib.
Nazir müavini bildirib ki, Ukraynada fərqli millətlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Bu gün millətlərarası sülhün qorunmasını təmin etmək, erməni və azərbaycanlı icmaları arasında qarşıdurmanın qarşısını almaq olduqca vacibdir. Vasili Bodnar bu kontekstdə təmkin nümayiş etdirmək çağırışı ilə Ukraynadakı erməni icmasına müraciət etdiklərinə görə Ermənistan səfirinə təşəkkür edib.
Qeyd edək ki, Ukrayna muzdlularının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə məlumat qondarma “Luqansk Xalq Respublikası”nın nümayəndələri tərəfindən yayılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva iyulun 25-də KİV-in bu istiqamətdə sualını cavablandırarkən deyib:
“Bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır. Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.
Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar”.