4 Sentyabr 2020 10:07
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a verdiyi müsahibəsini təqdim edir:

- Qüdrət bəy, dünən Tofiq Yaqubluya 4 il 3 ay azadlıqdan məhrumetmə növündə cəza təyin olunub və o, cəzanı ədalətsiz hesab edərək ölüm aclığına başlayıb. Bu məsələ barədə Sizin də fikirlərinizi bilmək istərdik.

- İlk öncə onu qeyd etmək istəyirəm ki, Tofiq Yaqublu siyasi məsələlər barədə nə qədər çox və nə qədər sərt danışsa da cəmiyyət onu siyasətçidən daha çox döyüşçü kimi tanıyır və ona olan müəyyən hörmət də daha çox torpaqlarımız uğrunda döyüşüb yaralanmasına görədir. Onun barəsində həbs qətimkan tədbiri seçiləndə də söyləmişdim ki, bəzi siyasi dələduzlar Tofiq Yaqublunun döyüşçü xarekterindən sui-istifadə edib, bu ailənin iztirabları üzərində alçaqcasına siyasət qururlar. Özlərinin həbs olunacağına kiçicik təhlükə yarandığını hiss edən kimi siyasətdən, partiya sədrliyindən imtina etməyə hazır olduqlarını bəyan edənlər Tofiq Yaqublunu daha təmkinli olmağa çağırmaq əvəzinə hər zaman qızışdırdılar ki, Tofiq bəy çox cəsurdur, dönməzdir, həbsdən qorxmur və s.

Həbsdən öncə onun gərginlik keçirdiyi açıq hiss olunurdu. Özünün yersiz radikallığını və üzə düşdüyünü başa düşsə də xarakteri və ətrafı ona geri çəkilməyə imkan vermirdi. Bu onun əsəblərinə də təsir edirdi və o, bir çox hallarda sübut edə bilməyəcəyi əsassız ittihamlara və təhqirlərə yol verir, qırmızı xətti keçirdi.

Hesab edirəm ki, Tofiq bəyin başına gələnlərdən gənc siyasətçilər və onu hər gün efirə çağırıb radikallığa təhrik etməklə bu həddə gətirib çıxarmış vicdansızlar da nəticə çıxarmalıdırlar. Rəhmətlik Elçibəydən soruşulanda ki, niyə onun demokratik cəmiyyət qurmaq istiqamətindəki fəaliyyəti uğursuzluğa düçür oldu, deyərdi ki, elə məsələlər var, onun həlli zamana bağlıdır. Kimsə hakimiyyətə gəlmək üçün tələsirsə, yaxud tapşırıq yerinə yetirirsə, buna görə başqalarının həyatını təhlükə altına atmamalıdır.

Mən Azərbaycan Respublikasının Prezidentinə müraciət edirəm ki, Tofiq Yaqublunun ailəsinin çox acılar yaşamasını və onun torpaqlarımız uğrunda döyüşüb yaralanmasını, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə olmasını nəzərə alıb, humanistlik nümayiş etdirərək Tofiq Yaqublunu əfv edib, cəzasının çəkilməmiş hissəsinin şərti tətbiq olunması barədə qərar qəbul etsin. Güclülərin və böyüklərin bağışlamağı bacarması hər zaman, bütün dövrlərdə ictimaiyyət tərəfindən təqdir olunub. Düşünürəm Prezidentin belə qərarı olarsa xalqımız da bunu alqışlayardı.

- Qüdrət bəy, bir məsələyə də münasibətinizi bilmək istərdik. Prezident İlham Əliyevin və İranın dini lideri Əli Xameneyinin Türkiyəyə açıq dəstək ifadə etməsini necə qarşıladınız?

- İlham Əliyev Azərbaycan xalqının və dövlətinin iradəsini ifadə edərək Yunanıstan səfiri ilə görüşdə belə bir açıqlama ilə çıxış edəndə çox səmimi idi. Prezident islami dəyərlərə bağlılıqda da Xameneyi ilə müqayisə oluna bilməz və daha vicdanlıdır. Amma bu fikri İrana aid etmək olmaz. İranın islam təəssübkeşliyi saxtadır və islam dini molla rejimi tərəfindən sadəcə siyasi məqsədlər üçün istismar olunur. Xameneyinin Birləşmiş Ərəb Əmirliklərini tənqid etməsi islam təəssübkeşliyindən qaynaqlanmır və siyasi maraqlarla bağlıdır. Bu belə deyilsə və Xamneyi bunu səmimi edibsə, ürkiyəni müdafə edəcəkləri barədə verdiyi sözünün arxasında duracaqsa alqışlayıram. Amma buna necə inanmaq olar?

İran bir milyon müsəlmanı ev-eşiyindən didərgin salmış, müsəlman torpaqlarını işğal etmiş, islam abidələrini dağıtmış Ermənistanla əlaqələrini gündən günə genişləndirir. Bir ay öncə Azərbaycana Tovuz istiqamətindən Ermənistanın növbəti hücumu zamanı İran öz ərazisini Ermənistana silah daşınması üçün ruslara istifadəyə vermişdi. Baxmayaraq ki, Azərbaycan öz ərazisindən İrana qaşı istifadə olunmasına heç vaxt imkan verməyib.

İranın xoşbəxt gələcəyi Azərbaycan və Türkiyə ilə səmimi münasibətlərdən çox asılıdır. Ona görə də İran bizə və islami dəyərlərə xəyanət yolundan imtina etməli, işğal olunmuş torpaqlarımızın azad olunması üçün Ermənistanı dəstəkləməkdən çəkinməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər