4 Sentyabr 2020 14:10
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ münaqişəsi ətrafında çox maraqlı vəziyyət yaranıb. Bu vəziyyəti paradoksal da adlandırmaq olar. Məsələ ondadır ki, həm Ermənistanda, həm də Azərbaycanda hərbi ritorika dayanmadan artır. Amma bəzilərinin dediyi kimi müharibə, yaxud irimiqyaslı hərbi əməliyyatlar başlamır ki, başlamır”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.

Onun sözlərinə görə, hərbi ritorikanın artması iki cəmiyyət arasında uçurumu dərinləşdirir:

“Bir ay əvvələ qayıdaq: Tovuzda qanlı döyüş oldu. Hər iki tərəf itki verdi. Gəlin belə bir suala cavab axtaraq: Azərbaycan nə qazandı, Ermənistan nə qazandı? Hesab edirəm ki, bu döyüşlərdə nə Azərbaycan, nə də Ermənistan qazandı. Döyüşlərdən sonra baş tutan diplomatik canlanmadan hiss olunur ki, Qazanan Rusiya oldu.

“Bəs Rusiya nə qazandı?” sualına Asəf Quliyev belə cavab verib:

“Birincisi, Paşinyanın anti-Rusiya demarşına “stop” verə bildi. İkincisi, Azərbaycana təzyiq imkanlarını bir daha nümayiş etdirdi.

Son hadisələrdən sonra həm Azərbaycan, həm də Ermənistanda hərbi ritorika çox yüksəldi. Azərbaycanda bütün analitiklər problemin sülh, yəni danışıqlarla yoluna qoyulacağının mümkün olmadığını gecə-gündüz təkrar edir.

Ermənistanda isə Azərbaycanın demarşına cavab vermək üçün ciddi hazırlıqlar başlayıb. Hətta iş o yerə çatıb ki, baş nazirin xanımı Anna Akopyan hərbi forma geyinib, əlində avtomat kameralar qarşısında poz verir. Bir neçə ay əvvələ qədər “sülh çağırışları edən” Anna Akopyan...”.

Məsələnin paradoksallığına gəlincə, jurnalist qeyd edib ki, hərbi ritorika nə qədər yüksək də olsa, problemə son qoyacaq müharibə və ya iri miqyaslı hərbi əməliyyatlar başlamır:

“Fizikada belə bir anlayış var: “Qaynama temperaturu”. Su 100 dərəcə selsidə qaynayır. Əgər siz suyu 100 dəfə 95 dərəcə selsiyə qədər qızdırsanız belə, o qaynamış su olmayacaq. Suyun qaynanmış su olması üçün onun cəmi bir dəfə 100 dərəcə selsiyə qədər qızması kifayət edər. Bir reallıq da var - 100 dəfə 95 dərəcəyə qədər qızdırılmış su əvvəlki keyfiyyətdə qalmayacaq.

Bu gün hərbi ritorika yüksəkdir. Bu, Rusiyanın maraqlarını təmin edir. Amma proseslər “qaynama temperaturuna” çatmır. Çünki Rusiyanın bölgədə “soyutma sistemləri” hələ ki, fəaliyyət qabiliyyətini itirməyib. Həm Ermənistanda, həm də Azərbaycanda Rusiyanın təsiri altında olanların varlığı danılmazdır.
Bəs hərbi ritorikanın yüksəlməsində maraqlı olan Rusiya niyə “qaynama tempraturunda” maraqlı deyil. Birincisi, Rusiya iki xalq arasında uçurumu dərinləşdirir. İkincisi, Qafqazda iri miqyaslı hərbi əməliyyatlar Rusiyanın nəzarətindən çıxa bilər. Üçüncüsü, “95 dərəcə selsiyə qədər qızma və yenidən soyuma” hər iki tərəfin keyfiyyətini aşağı salır. Başqa sözlə, hələlik situasiya belədir. Biz istəsək də, istəməsək də...”.

Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər