İran İslam Respublikasının Azərbaycanda yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi özünün ilk mətbuat konfransını keçirir.
Teleqraf.com xəbər verir ki, xüsusi karantin rejiminin qaydaları və sosial məsafəni qorumaqla baş tutan mətbuat konfransında çıxış edən səfir İran xalqının salamlarını Azərbaycan xalqına və dövlətinə çatdırmaqdan məmnun olduğunu söyləyib:
“Heç bir digər ölkə ilə sizinlə olan bağlar yoxdur. Bu bağlar imkan verir ki, mən özümü Azərbaycanda qərib hiss etməyim. Mən bu bağların hamısını sadalamaq istəmirəm. Siz bunları yaxşı bilirsiniz. Bundan əlavə iki ölkənin başçıları arasında çox yaxşı münasibətlər mövcuddur. İran və Azərbaycan arasında münasibətlər tarix boyu bu qədər möhkəm və yaxın olmayıb. Mən belə bir şəraitdə ölkənizdə səfir olaraq fəaliyyətə başlamışam”.
Səfir Azərbaycan Prezidenti ilə çox yaxşı bir görüşünün olduğunu vurğulayıb:
“Bu, çox səmərəli və səmimi görüş idi. Cənab İlham Əliyev həm ikitərəfli, həm regional, həm də beynəlxalq əməkdaşlığımızı bilir. Cənab İlham Əliyev iki ölkənin münasibətlərinin yaxşınlaşmasında çox böyük iradəyə malikdir”.