23 Sentyabr 2020 12:42
2 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin "Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz Qorbaçovun vaxtında atıldı, əsas məsuliyyət onun üzərinə düşür" fikirlərində böyük həqiqət var. Doğrudan da Qarbaçov o zaman lazımi addımları atmadı, ətrafında olan emənilərin sözünə qulaq asdı, tərəf tutdu.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

Nizami Cəfərovun sözlərinə görə, Qorbaçov daim çalışıb ki, Azərbaycanı fakt qarşısında qoysun:

“Məsələn Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi Abel Aqanbekyan həm də onun xanımının elmi rəhbəri idi. Əslində Aqanbekyan hazırlanmış adam olmaqla yanaşı, iqtisadçı, beynəlxalq məsələlər üzrə mütəxəssis kimi tanınırdı.

Qorbaçov təbiəti etibarı ilə müstəqil düşüncəyə sahib adam deyildi. Heydər Əliyevin Siyasi Bürodan gedişindən sonra Aqanbekyanın “Dağlıq Qarabağ iqtisadi və digər xüsusiyyətlərinə görə Ermənistana daha uyğundur” bəyanatı ortaya çıxdı. Təhlillər də göstərir ki, bəyanatın məhv Heydər Əliyevin gedişindən sonra yayılması təsadüf deyildi. Beləcə ermənilər XVII əsrdən etibarən hazırladıqları planlarının nəticəsini görməyə yaxınlaşdılar. Görünür, Qarbaçovun həyat yoldaşı Raisa Maksimovnanın vasitəsilə Aqanbekyan Qarbaçova təsir göstərə və onu bir çox şeylərə inandıra bildi. Hətta Qarbaçovun özü belə Dağlıq Qarabağı verə bilməzdi. Çünki bu halda SSRİ-nin rəhbəri kimi ölkə daxilindən ona təzyiqlər ola bilərdi. Amma Aqanbekyan xətti “uğurlu” xətt idi. Əgər Heydər Əliyev Siyasi Büroda olsaydı, Qarbaçov məsələni bu formada həll edib, indiki vəziyyəti yarada bilməzdi. Fikrimcə, Heydər Əliyev gedişindən sonra təxminən 5 il müddətində Qarbaçov Azərbaycan rəhbərliyini bu təklifə razı salmağa çalışdı”.

N. Cəfərov qeyd edib ki, Qarbaçov SSRİ-ni dağıtmaq istəyirdi və bu dağılma ərəfəsində Qarabağla bağlı atılan addım hiss olunmayacaqdı:

“Təsəvvür edin, bu boyda SSRİ dağılır, kommunizm sistemi çökür, Qarbaçov “demokrat” kimi buna razılıq verir, hətta hakimiyyətdən gedir. Bunun yanında Qarabağ böyük hadisə olmur. Bir sözlə, şeytan işinin törəməsi də şeytan işi olur. Bəli, bizim o illərdə uduzmağımızın mühüm şərtlərindən biri də budur. Əslində bu təhlükələri ancaq Heydər Əliyev görə, təhlil edə bilərdi. Çünki Heydər Əliyev o miqyasda düşüncə sahibi idi. Bizim o vaxt Azərbaycana rəhbərlik edən şəxslərin hansı düşüncənin sahibi olduğu isə sual altındadır... Məsələ belə həll edildi. Faktiki olaraq şeytan ustalığı ilə belə obraz yaradıldı ki, Qarabağın müstəqillik istəyi dünyada gedən demokratikləşmə prosesinin və onun ən nəhəng təzahürü olan SSRİ-nin dağılması, kommunizm sisteminin çöküşünün nəticəsidir”.

Sonda Nizami Cəfərov əlavə edib ki, yalnız 1995-ci ildən sonra dünyada beynəlxalq düzən yarandı və məsələlərin yenidən təhlili başladı:

“Amma artıq ermənilər istədiklərinə nail olmuşdular. Üstəlik ermənilərin tarixdən gələn şüvənliyi, “biz tarix boyu əzilmiş xalqıq” təbliğatı da var idi və hələ də davam edir həmin düşüncələri. Nəticədə gülünc vəziyyət əmələ gəldi. Əslində erməni həmişə gülünc vəziyyətdə olub. Dünyanın bu gülünc vəziyyətdən çıxması ciddi problemdir, amma bu baş verməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər