23 Sentyabr 2020 19:19
2 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranmasının baiskarı ilk növbədə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovdur. Ermənilər onun həyat yoldaşı Raisa Qorbaçovanı ələ almışdılar. Ona külli miqdarda brilliant, son dərəcə bahalı xəz-dəri məmulatlarından ibarət rüşvət vermişdilər. Bu, məsələnin bir tərəfidir. Yəni erməniyönümlü qərarların çıxmasına arvad da təsir edirdi. Digər tərəfdən Qorbaçovun özünün də fitrətində, ağlında ermənilər birinci yeri tuturdu və ətrafında da xeyli erməni var idi.

Bunu Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, SSRİ Elmlər Akademiyasının akademiki Abel Aqanbekyan, işlər idarəsinin müdiri Mirzoyan idi. Həmçinin, Robert Vaçaqanoviç Yengibaryan 1986-cı ildən Sov.İKP Mərkəzi Komitəsinin İdeoloji şöbəsinin məsləhətçisi - sektor müdiri vəzifəsində çalışmağa başlamışdı:

“Siyasi Bürodakı yeganə azərbaycanlı isə Heydər Əliyev idi. Onu da 1987-ci ilin oktyabrın 21-də istefaya göndərdilər. Heydər Əliyev istefaya göndərildikdən sonra ermənilər fəaliyyətə başladılar. 1987-ci ilin noyabrın 18-də Aqanbekyanın Fransa Kommunist Partiyasının orqanı olun və erməni diasporuna xüsusi simpatiyası ilə seçilən “L'Humanite” qəzetində müsahibəsi dərc olundu. Həmin müsahibədə Aqanbekyan iddia edirdi ki, guya Dağlıq Qarabağ iqtisadi cəhətdən Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana. Bu, başdan-ayağa böhtan xarakterli, həqiqətə uyğun olmayan müsahibə idi. Dağlıq Qarabağın dəmiryolları, şosse yolları Azərbaycanla bağlı idi. Azərbaycanın büdcəsindən dotasiya alırdı. Dağlıq Qarabağda əhalinin maddi vəziyyəti Azərbaycanın digər yerlərindən qat-qat yaxşı idi. Yəni ermənilərin mərkəzi mətbuatda və xaricdə bu istiqamətdə nəşr etdirdikləri yazılar uydurma idi, həqiqəti əks etdirmirdi. Qorbaçov da bu təbliğat selində üzürdü. Ermənilərin bir sözünü iki etmirdi. Onların mədəniyyət xadimləri ilə görüşəndə həddən artıq lütfkarlıq edirdi”.

Qabil Hüseynli deyib ki, Azərbaycana rəhbərlik edənlər də Dağlıq Qarabağda ermənilərin başlatdıqları “Miatsum”(“Birləşmək”) prosesini veclərinə almırdılar:

“Mərkəzi Komitənin birinci katibi Kamran Bağırova dəfələrlə müxtəlif məlumatlar verilirdi. Xüsusilə Azərbaycan DTK-sı məruzə edirdi ki, ermənilər qaynayır, silah, pul yığırlar və sair. O isə əlini yelləyib demişdi ki, boş söhbətlərdir, siz bunları özünüzdən uydurursunuz. Dağlıq Qarabağda əhalinin 45 faizi azərbaycanlılar idi, Şuşa tamamilə Azərbaycan şəhəri idi. Ona deyirdilər ki, ermənilər min cür hərəkətlərə əl atırlar, bizi təhdid edirlər, buradan çıxaracaqlarını bildirirlər. Yenə də Kamran Bağırovun tükü tərpənmirdi. Bağırov son dərəcə infantil, bacarıqsız və internasionalizm ruhunda tərbiyə edilmiş biri idi. Heç nəyə reaksiya vermirdi. Beləliklə, ermənilər ayaqlandılar, kütləvi mitinqlər başladı. Mitinqlərdən sonra Moskva guya vəziyyəti nəzarət altına almaq üçün Qorbaçovun köməkçisi Arkadi Volskinin rəhbərliyi altında Dağlıq Qarabağda xüsusi komitə yaratdı. Həmin komitə isə Dağlıq Qarabağın idarə edilməsini faktiki olaraq Bakının nəzarətindən çıxardı. Əlahiddə idarəetmə sistemi yaradıldı. Ermənilər də bundan istifadə edərək öz komitələrini, təşkilatlarını yaradıb Qarabağın Azərbaycandan ayrılması prosesinə daha səylə girişdilər”.

Qabil Hüseynli daha sonra deyib:

“Bir çox tədqiqatçılar hesab edirlər ki, SSRİ-nin dağılmasında ermənilərin dağıdıcı hərəkətləri böyük rol oynayıb. Onlar buna misal kimi Dağlıq Qarabağda baş verən erməni separatçılığını, millətçiliyini və onların silahlanaraq yerli azərbaycanlı əhaliyə qarşı apardıqları hərəkətləri göstərirlər. Bütün bunlar SSRİ-nin dağılması prosesinin başlanğıcını qoydu. Nəticə etibarilə SSRİ çökəndə Qarabağdakı separatçılar da fürsətdən istifadə edib özlərini “müstəqil” elan etdilər. Yəni Heydər Əliyevin Siyasi Bürodan çıxarılması ilə ermənilərin start verdikləri separatçılıq, bölücülük hərəkətləri SSRİ dağılanda belə bir faciəvi sonluqla bitdi”.

Müsahibimiz bildirib ki, həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslər – istər Kamran Bağırov, istərsə də Əbdürrəhman Vəzirov və ya Ayaz Mütəllibov Moskvaya həddən artıq itaət edən, hadisələrin nəticələrini görə bilməyən, zəlil, milli duyğulardan məhrum, xalqa etinasız insanlar idilər:

“Həmin dövrdə ermənilər avtomat silahlar əldə edirdilər, biz isə xalqda olan ov tüfənglərii belə yığışdırırdıq. O illərdə camaat Ermənistandan gələn ilk azərbaycanlı qaçqın dəstələrinin üzünü öz fəhmi, fərasəti ilə Dağlıq Qarabağa çevirdi. Ancaq ora göndərilmiş yüz mindən çox azərbaycanlı əhalini Vəzirov və onun yandaşları – Mərkəzi Komitə katibləri Dağlıq Qarabağ ərazisindən çıxararaq müxtəlif yerlərə - məktəblərə, sanatoriyalara yerləşdirdilər. Hətta Vəzirov sevinclə televiziyada bildirdi ki, "gözünüz aydın, ermənilər öz torpaqlarına qayıdırlar". Çünki o hadisələr zamanı ermənilərdən də qorxub qaçanlar var idi. Mütəllibovun dövründə bu məsələlər kifayət qədər mürəkkəbləşdi. Ermənilər tamamilə silahlandılar, nizami ordu dəstələri yaratdılar. Bizim isə silah-sursatımız demək olar ki, yox dərəcəsində idi. Əliyalın azərbaycanlılar hər cür silahlanmış, üstəlik rusların böyük dəstəyini alan erməni dəstələrinə müqavimət göstərə bilmədi və biz Dağlıq Qarabağı və onun ətrafındakı rayonları itirəsi olduq. Bu, Azərbaycan xalqının tarixindəki ən böyük faciələrdən biri, keçmiş SSRİ rəhbərliyinin bölgədə baş verən milli münaqişələrə cinayətkarcasına yanaşmasının nəticəsi idi. Moskva istəsəydi, ermənilərin separatçılıq hərəkətini bir gündə dayandıra bilərdi. Amma dayandırmadı, üstəlik ona dəstək verdi. Əvəzində azərbaycanlıları cəzalandırdı. 20 yanvar hadisəsi erməni separatizminə qarşı ayağa qalxmış Azərbaycan milli hərəkatının cəzalandırılması prosesi idi. Bakıya xüsusi təyinatlı ordu dəstələri yeridildi. Yüzlərlə insan qanına qəltan edildi. Bakıda böyük bir cəza əməliyyatı həyata keçirildi. Beləliklə, bu proseslərdə ermənilərə hərtərəfli kömək edərək onların Azərbaycan üzərində müəyyən üstünlüklər qazanmasına şərait yaratdılar”.

Qabil Hüseynli bildirib ki, ancaq hazırda vəziyyət dəyişib:

“Bu gün Azərbaycanın güclü ordusu var. Bu güclü ordu gec-tez Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan xalqı yenə də ərazi bütövlüyü təmin olunmuş şəraitdə yaşayıb fəaliyyət göstərəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər