Cənab Prezident İlham Əliyev “Rosiyya-1” telekanalına müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində hazırki vəziyyət, düşmən təxribatı, əks-hücum əməliyyatları barədə verilən suallara ətraflı aydınlıq gətirib. Prezident suallara arqumentli və diplomatik səviyyədə cavablar verdi. Nəzərə alaq ki, bu kanal tək Rusiya məkanında deyil, bütün dünyada yayımlanır. Məhz ölkə rəhbərinin bu müsahibəsindən sonra dünya ictimaiyyəti hazırda baş verən əks-hücum əməliyyatları və bunun yaranma səbəbləri barədə ən dolğun informasiyaya sahib oldu.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkilinin sözlərinə görə, artıq bütün dünya ictimaiyyətinə aydın oldu ki, Azərbaycan müharibəni öz torpaqlarında aparır:
"Düşmən Ermənistanın dövriyyəyə buraxdığı xəbərlər isə yalan və cəfəngiyyat xarakterlidir. Eyni zamanda işğalçıya mənsub olan SU-25 təyyarəsinin Türkiyə F-16-sı tərəfindən vurulması barəsində səslənən iddialar da heç bir əsası olmayan xəbərlər sırasındadır. İndi elə bir dövrdə yaşayırıq ki, hər hansı bir informasiyanı gizlətmək qeyri-mümkündür. Hansı məkanda nə baş verirsə, bunu dəqiqləşdirmək elə də çətin deyil”.
Azər Badamov bildirib ki, bu gün Azərbaycan ordusu öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir:
“Güclü ordumuz tərəfindən işğalda olan ərazilərimizin azad edilməsi üçün qızğın döyüşlər gedir. Azərbaycan beynəlxalq hüquq tərəfindən qəbul edilən əraziləri daxilində döyüş əməliyyatları aparır. Bir çox beynəlxalq təşkilat isə regionda atəşkəsin olması ilə bağlı fikirlər bildirir. Amma unutmaq olmaz ki, Azərbaycan tərafi işğalçı Ermənistana lazımi qədər zaman vermişdi. Bu zaman çərçivəsində isə həmin təşkilatlar işğalçı ilə bağlı heç bir addım atmadılar. Məhz onların fəaliyyətsizliyi nəticəsində ermənillər illərdir Azərbaycan torpaqlarını işğalda saxlayır”.