22 Oktyabr 2020 12:57
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Dövlətləri Təşkilatı (ADT) Baş Assambleyasının oktyabrın 20-21-də virtual formatda keçirilmiş 50-ci sessiyasında Azərbaycan Respublikası da təşkilatın daimi müşahidəçisi qismində iştirak edib. Təəssüflə qeyd etmək lazımdır ki, öz ənənəvi ermənipərəst mövqeyini davam edən ADT-nin baş katibi Luis Almaqro əvvəlki illərdə olduğu kimi bir daha Baş Assambleyadan öncə nə ADT-nin, nə də ADT üzv ölkələrinin rəsmi mövqelərini əks etdirən kəskin ermənipərəst bəyanatlarla çıxış edib. Bununla bağlı ADT-nin bir sıra üzv ölkələri L.Almaqronun mövqeyinin beynəlxalq hüquqa və ölkələrin mövqelərinə zidd olduğunu bildirib və onun Cənubi Amerikada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olduğunu etiraf edib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Baş Assambleyada çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Orxan Zeynalov ADT baş katibinin təxribatçı bəyanatına sərt cavab verərək, tədbir iştirakçılarına cari ilin 27 sentyabr tarixindən başlayaraq qoşunların təmas xətti boyunca Ermənistanın Azərbaycana qarşı başladığı aqressiya barədə ətraflı məlumatı çatdırıb, ölkəmizin cəbhə bölgəsindən xeyli uzaq ərazilərdə, əhalinin sıx yaşadığı yerlərdə yaşayış-mülki obyektlərin raket və ağır artilleriya hücumları nəticəsində günahsız insanların öldüyünü qeyd edib. Hazırda Azərbaycan ordusunun bu aqressiyaya qarşı cavab tədbirləri görmək məcburiyyətində qaldığı və Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əks-hücum tədbirlərinin davam etdiyi bildirilib.

Döyüşlərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində getdiyi vurğulanaraq, Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı, BMT Təhlükəsizlik Şurasının işğalçı ordunun qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı müvafiq qətnamələri də xatırlanıb.

O.Zeynalov çıxışında ADT-nin baş katibinin erməni diasporunun təsiri ilə ADT adından verdiyi təxribatçı bəyanat və səfirliyə ünvanlandığı məktubun ADT üzvü olmayan Azərbaycana qarşı açıq aqressiya olduğu, təşkilatın nizamnaməsinin müvafiq fəslində təsbit edildiyi kimi beynəlxalq hüququn prinsipləri – suverenlik və müstəqillik prinsiplərinin kobud pozulduğu və məktubda əks olunmuş sübutsuz yalanların ADT üzv-ölkələrinin mövqeləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil etdiyi vurğulanıb. Şərq yarımkürəsində baş verən hadisəyə münasibət bildirməklə ADT-nin Ümumi Katibliyinin öz mandatını və səlahiyyətlərini aşdığından ciddi narahatlıq ifadə olunub. Əlavə olaraq, ADT-nin 35 üzv dövlətindən və 72 daimi müşahidəçidən ADT baş katibinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu təxribatçı bəyanatının pisləməsi çağırışı edilib.

İclasın davamında qardaş Türkiyə Respublikasının ABŞ-dakı səfirinin müavini Sinan Ertay söz alaraq Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonu işğal etdiyini, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu qeyd edib. Hazırda təcavüzkar Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında yaratmaq istədiyi yazıq, əzilmiş obrazının tam yalan olduğu, əsl qurbanın torpaqları işğal altında olan Azərbaycan olduğunu da vurğulayıb.

Türk diplomatı Türkiyənin Azərbaycana bundan sonra da mənəvi və siyasi dəstəyini davam etdirəcəyini bildirib, Ermənistanın işğala son verməsinə çağırıb. S.Ertay ADT baş katibinin heç bir beynəlxalq norma və prinsiplərə, beynəlxalq təşkilatların davranış etikasına sığmayan təxribatçı bəyanatını kəskin qınayıb.

İclasda çıxış edən Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi “obyektiv” mövqeyə görə ADT baş katibi L.Almaqroya xüsusi təşəkkür bildirməsi ilə əslində sonuncunun erməni lobbisi ilə sıx əlaqələrini bir daha üzə çıxarıb.

Xatırladaq ki, Uruqvayın sabiq xarici işlər naziri L.Almaqro erməni lobbisinin təsiri altında 2011-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış qondarma rejimə qanunsuz səfər edib. Əlavə edək ki, Baş Assambleya zamanı Meksika tərəfi Boliviyada dövlət çevrilişinə təhrik edən hesabatı təbliğ etdiyi üçün L.Almaqronun baş katib vəzifəsindən getməsini tələb edib, ötən həftə Boliviya tərəfi ölkədə keçirilmiş seçkilərə və ölkənin suverenliyinə müdaxilə ittihamı ilə L.Almaqro barədə BMT-nin insan haqları üzrə ali komissarına şikayət ünvanlayıb, Argentinanın Xarici İşlər Nazirliyi isə baş katibi Venesueladakı böhranında tutduğu mövqeyə görə kəskin tənqid edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər