30 Oktyabr 2020 14:32
2 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cenevrə şəhərində keçiriləcək görüşdən xüsusi bir şey gözləmirəm. Bəli, Azərbaycana çağırışlar var ki, əməliyyatları dayandırsın. Amma bunun üçün ermənilər deməlidir ki, Kəlbəcər, Laçın və Ağdamdan çəkilməyə hazırdırlar. Həmçinin bunu həyata keçirməyi müzakirə etməyə başlaya bilərlər. Onlar isə bunu istəmirlər. Belə olan halda Cenevrədə nəinki sənəd imzalamaq, heç mövqeləri yaxınlaşdırmaq belə mümkün olmayacaq.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov bu gün Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin keçirəcəyi görüşün nəticələrini şərh edərkən deyib.

Rasim Musabəyov hesab edir ki, Cenevrə görüşünə əslində sıradan görüş kimi baxmaq lazımdır: “Deyirlər görüşün, biz imtina etmirik və gedib görüşürük. Əslində həmsədrlər işləməlidirlər. Onlar gəlib bizə nə deyəcəklər? Bəyəm biz razılaşmalıyıq ki, ermənilərin Kəlbəcər, Laçın və Ağdamın işğalı rəsmiləşdirilsin? Biz buna gedəsi deyilik. Əksinə, biz deyirik ki, bu yerlərdən çıxın, vəziyyət stabilləşsin”.

Deputat qeyd edib ki, Cenevrə görüşündə humanitar atəşkəsin əldə edilməsini gözləmir: “Axı humanitar atəşkəs nə deməkdir? Humanitar atəşkəsi təmin etmək mümkün olmur. Atəşkəsi təmin etmək asan bir şey deyil. Bunun üçün hərbçilər oturub xəritədə işləməlidir. Ağır texnikanı geri çəkmək, kim haradan geri çəkilməlidir məsələlərinə baxmalıdır. Nəzərə alın ki, indi qoşunlar bir-birinin arxasına keçib. Atəşkəsi bəyəm erməninin bizim torpaqlarımızda möhkəmlənməsi üçün edirlər? Erməni tərəfi durub deməlidir ki, işğal olunan torpaqlardan çıxır. Demirlərsə, özlərinə məzar qazırlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər