Azərbaycan Ordusu 30 ilə yaxın bir dövrdə işğalda saxlanılan ərazilərimizi azad etməkdədir. Dünyanın neytral ekspertləri belə bu əməliyyatlara peşakar rəylər verir. Vurğulanır ki, mövcud coğrafiyaya görə, klassik müharibə modelləri bu ərazilərdə işləməz. Hətta düşmən belə Azərbaycanın 5-ci nəsil müharibəsi apardığını qeyd edir. Bu savaşın isə baş qəhrəmanı Ali Baş Komandandır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.
Millət vəkilinə görə, Azərbaycan Ordusu tərəfindən düşmənin uzun illərdi qalaya çevirdiyi maneələr yarıldı:
"Azərbaycanın cəbhədəki uğurlarını ermənilər etiraf etmədikləri halda Ordumuzun Şuşaya, Laçın dəhlizinə, Kəlbəcərə gəlib çatdığını bildirirlər. Bu gün ən böyük diplomatiyanı əsgərlərimiz çiyinlərinə götürüb. Bu, Azərbaycan tarixinin min illər sonra əfsanə sayılacaq salnaməsidir. Xalq, millət olaraq bugünkü günləri yenidən doğuluş kimi qiymətləndiririk. Eyni zamanda müstəqilliyimizin yenidən qazanılması kimi səciyyələnir. Faktiki olaraq hazırda bu belədir. Çünki sərhədlərimizin bütövlüyünə yalnız indi nail oluruq. Azərbaycan müstəqillik qazanarkən 20 faiz ərazisini itirdi və bununla da faktiki olaraq müstəqilliyimiz qəsb edildi”.
Zahid Oruc bildirib ki, Şuşanın azad olunacağı gün yeni Müstəqillik günü kimi tarixə düşəcək:
“Azərbaycan Ordusunda birlik, vahidlik, yüksək psixoloji əhval ruhiyyə mövcuddur. Düşmənin itkiləri misilsizdir. Söhbət təkcə maddi baxımdan vurulan 3 milyard dollara yaxın ziyandan getmir. Əməliyyatlar başlayandan indiyədək düşmənə maddi və mənəvi böyük zərbələr vurulub. Azərbaycan Ordusu ən yaxın günlərdə Şuşa qalasından şanlı bayrağımızı dalğalandıraraq Ali Baş Komandana qələbə raportunu verəcək. Müharibənin ikinci, üçüncü müstəvisində Azərbaycan Lideri güclü bir şəkildə mübarizə aparır. Siyasətdə cənab İlham Əliyev xətti və modeli Azərbaycanı xilas edib. Artıq hərbi qələbəmizdən sonra siyasi danışqlarda Qarabağda hər kəsin yaşaması üçün əlverişli şərait yaranacaq. Artıq Azərbaycan xalqı yenidən qürurlanır. Millətimiz sanki yenidən doğulur, yeni insanlara çevrilir. Bu, regionda yeni bir eranın yaranmasına gətirib çıxaracaq”.