Münaqişənin beynəlmilləşdirilməsi ilə bağlı Ermənistanın cəhdləri heç bir halda alınan deyil. Bununla bağlı Rusiya tərəfinin də açıq mövqeyi var. Rusiya aydın şəkildə bəyan etdi ki, münaqişə Azərbaycan ərazisində baş verir. Ona görə də Azərbaycanın tam haqqı var ki, öz ərazi bütövlüyünü bərpa etsin.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bilidirib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra verdiyi bütün bəyanatlar vəziyyəti gərginləşdirməyə hesablanıb.
Deputatın fikrincə, Paşinyan növbəti dəfə anlaqsız siyasi fəaliyyətini nümayiş etdirib: “Çünki heç bir güc Ermənistanın işğalçılıq siyasətini dəstəkləyə bilməz. Bunu edən hər hansı ölkə özünü ifşa etmiş olacaq. Hər kəs bunu dərk etdiyindən Ermənistanın avantürasına getmir. Bu gün erməni silahlı birləşmələri döyüş bölgəsindən qovulur. Onlar ciddi şəkildə zərbələr alır. Belə halda erməni baş nazir son məqamda çalışır ki, münaqişəni beynəlmiləlləşdirsin. Çalışır ki, digər ölkələr bura qoşulmaqla Ermənistanı xilas etsin”.
Azay Quliyev bildirib ki, Paşinyanın bu addımları erməni ictimaiyyəti qarşısında özünə bəraət qazandırmaq cəhdləridir: “Əsas prinsip Azərbaycan torpaqlarının işğaldan tam azad edilməsidir. Bundan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyəti ondan ibarət olmalıdır ki, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etsin. ATƏT hazırkı durumda Ermənistana bu reallığı qəbul etdirməlidir. Bundan sonra proseslər normal istiqamətdə getməlidir".
Millət vəkili vurğulayıb ki, münaqişə ilə bağlı bütün müzakirələrdə qardaş Türkiyənin iştirakı vacibdir: “Bu gün Cənubi Qafqazda daimi sülhün və təhlükəsizliyin təmin olunması üçün vacib aktorlar məhz Türkiyə və Rusiyadır. Bu iki dövlətin regionda əlaqələri, xüsusi bağları mövcuddur. Münaqişənin siyasi müstəviyə keçməsi münasibətlərin yeni mərhələyə daşınmasına imkan yaradacaq”.