“Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirəcək Zəngəzurdan keçən təhlükəsiz koridor olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.
Ekspert Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son duruma diqqət çəkib:
“Şuşa bizim üçün sadəcə tariximiz və mədəniyyətimiz demək deyil. Şuşanın önəmi həm də sadəcə hərbi baxımdan Qarabağ müharibəsinin aqibətini həll edəcək şəhər olmasında da deyil. Şuşanın işğaldan azad edilməsi, əl-qolumuzu bağlayan danışıqlar formatlarının, “5+2”-lərin silinməsi, tam anlamı ilə yeni status-kvonun yaranması deməkdir.
Yeni status-kvo yeni yanaşma tələb edir. Bölgədə həqiqi sülhə nail olmaq üçün bundan sonra məsələ yalnız Qarabağ formatında həll olunmalı deyil. Zəngəzurdan qovulan soydaşlarımız da öz torpaqlarına qayıtmalı, onların bütün hüquqları bərpa olunmalı, mülkləri geri qaytarılmalıdır.
Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirəcək Zəngəzur üzərindən keçən təhlükəsiz koridor olmalıdır.
Hər şeydən əvvəl isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi qaydada tanımalıdır. Yalnız bundan sonra hər hansı danışıqlar masasına oturmaq olar”.