Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin “Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması” barədə imzaladığı birgə Bəyanat barədə fikrinizi bilmək istərdik.
- Adından da göründüyü kimi bu Ermənistanla imzalanmış sülh sazişi deyil. Atəşkəs haqqında növbəti razılaşmadır. Mən bunu Azərbaycanın qələbəsi kimi qəbul edirəm. İlk növbədə ona görə ki, tərəflər kimi Azərbaycan və Ermənistan tanınır. Ermənistan dekabrın 1-ə qədər bütün işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır. Rusiya Federasiyasının 1960 nəfərlik sülhməramlı kontingenti Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə yerləşdiriləcək. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılacaqdır. Naxşıvan Muxtar Respublikası ilə nəqliyyat dəhlizi yaradılacaq və təhlükəsizliyə Rusiya Federasiyası cavabdeh olacaqdır. Razılaşmanın 7-ci maddəsinə görə, qaçqınlar Dağlıq Qarabağın ərazisinə BMT-nin Qaçqınlar üzrə Ofisinin nəzarəti altında qaytarılacaq, o cümlədən Xocalıya. Atəşkəs üzrə saziş ona görə imzalandı ki, erməni silahlı qüvvələri Sazişin 4-cü maddəsinə əsasən, müəyyən olunmuş qrafik üzrə Azərbaycandan çıxarılacaq. Həmin erməni silahlı qüvvələri Dağlıq Qarabağda saxlanıla bilməz. Statusu dəqiq müəyyən olunmasa da razılaşmaya nəzarətin səmərəliliyinə nəzarət etməli olan “atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz” buna (maddə 4) cavabdeh olacaq. Həmin mərkəzdə Türkiyə Silahlı Qüvvələri Rusiya ilə birlikdə təmsil olunacaq. Bunu saziş imzalanarkən Putinin iştirakı ilə Prezident Əliyev rəsmən elan etdi. Razılaşmanın mətnindən çıxan məntiqi nəticə odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olmasaydı Ermənistan qondarma “DQR”-in müstəqilliyini hətta müharibəyə qədər olan dövrdə, yaxud hərbi əməliyyatların keçirildiyi zaman tanıyardı. Hərbi əməliyyatlar zamanı Putin də müharibənin Azərbaycanın ərazisində aparıldığını bir neçə dəfə bəyan etdi. Rusiya sülhməramlılarının olduğu dövrdə Dağlıq Qarabağın erməni sakinləri Azərbaycan pasportu ilə təmin olunacaq, milli valyutamız yeganə tədavül vasitəsi kimi tətbiq ediləcək. Dağlıq Qarabağda mövcud olmuş cinayətkar rejimin tanınmasından, yaxud müvəqqəti də olsa ona hansısa statusun verilməsindən söhbət belə getmir. Dağlıq Qarabağdakı yaşayış məntəqələrində yerli idarəetməni Azərbaycan dövləti təşkil edəcək. Azərbaycan və Türkiyə yaxın bir-iki ildə Ermənistanla diplomatik əlaqələrin yaradılması, sülh və əməkdaşlıq haqqında sazişin imzalanmasına çalışmalıdır. Ermənistan bundan yayınarsa, bu o demək olacaqdır ki, İrəvan yenə də hansısa çirkin məqsədlərlə münaqişəni uzatmaq istəyir. O halda sülhməramlıların qalma müddəti uzadılmamalıdır və Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinə görə bütün məsuliyyəti öz üzərinə götürməlidır.
- Ordumuzun Dağlıq Qarabağı tamamilə işğalçılardan təmizləməməsinə nə mane oldu? Hamı gözləyirdi ki, 5-10 günə Qarabağ tamamilə işğaldan azad olunacaq və sülhməramlılara da ehtiyac olmayacaq.
- Prezident apardığı böyük diplomatik işin nəticəsi olaraq əks-hücum əmri vermişdi. Azərbaycana olan hörmət həm də Prezidentin sözünü tutmasına və öhdəliklərə sadiq qalmasına görədir. Bundan başqa biz dünyadan təcrid olunmuş vəziyyətdə və sanksiyalar altında yaşaya, regionu böyük dövlətlərin qatıldığı döyüş alanına və beləliklə də xarabazarlığa çevirə bilmərik. Nədə ki, nüvə silahına sahib Rusiya deyilik ki, onun Çeçenistanda etdiyini biz Dağlıq Qarabağda edə bilək və dünya bizə ciddi sanksiyalar tətbiq edib döyüş meydanında vəziyyəti dəyişə bilməsin.1992-ci ildə Azərbaycan Ordusu Dağlıq Qarabağda uğurlu əməliyyatlar həyata keçirərkən Boris Yeltsin tərəfindən AXC hakimiyyətinə təklif olundu ki, Dağlıq Qarabağın muxtar vilayət statusunu bərpa edək, bununla da problemə son qoyulsun. Amma həmin ərəfədə hamı fikirləşirdi ki, biz Xankəndini tutub bu problemi birdəfəlik həll edə bilərik. Ona görə də təklif rədd edildi. Sonrasını hamımız bilirik. ABŞ bizə sanksiya tətbiq etdi, döyüş meydanında məğlubiyyətlər başladı. Ölkə böyük siyasi böhrana girdi, çoxlu əlavə rayonlar itirdik, bir milyon qaçqın qazandıq. Ermənilər kimi maksimalist olmaq lazım deyil, onlar Dağlıq Qarabağ ətrafındakı rayonları da qaytarmaq istəmirdi. Hazırda biz mümkün olan maksimum nəticə əldə etmişik. Bu böyük qələbədir. Əgər belə olmasaydı “Azərbaycanın ərazi bütövlüyü mənim üçün keçilməz xətdir. Babamın oğlu olsa belə keçməm” deyən Ərdoğan, Azərbaycanı Türkiyə qədər sevən Hulusi Akar, Çavuşoğlu bunu Qələbə kimi qəbul edib bizi yalandan təbrik etməzdi. Çünki bu həm özlərinə, həm bizə xəyanət olardı. Yaxud razılaşma səbəbindən Ermənistanda hakimiyyət böhranı yaranmazdı. Ən başlıcası, Prezident diplomatik uğura imza atmaqla görün nə qədər gəncin həyatını xilas etdi. Prezidentin “Qarabağ Bizimdir!” şüarına heç kim şübhə etməsin. Yaxın zamanlarda hamı bunu əyani olaraq görəcək.
Sonda üzümü bir qrup vətəndaşımıza tutub deyirəm ki, fərqli fikir söyləmək konstitusion hüququnuz olsa da, Rusiyanı Azərbaycan xalqına düşmən kimi təqdim etməyi dayandırın. Ermənilər Türkiyəni, indi isə həm də Rusiyanı düşmən kimi təqdim və qəbul edib heç nə qazanmadıqları kimi, siz də heç nə qazanmayıb ölkəmizə ziyan vurursunuz. İkincisi, siyasi məqsədləriniz naminə razılaşmanı uğursuzluq kimi təqdim edib şəhid ailələrinin yaralarına duz basmayın. İmkan verin onlar qələbə ilə təsəlli tapsınlar, xalqımız qələbənin sevincini yaşasın. Biz bu razılaşmaya şəhidlərimizin qanı hesabına nail olmuşuq. Gələcəyə baxmaq lazımdır. Bölgənin inkişafı Azərbaycan, Türkiyə, Rusiya və İranın dostluq və əməkdaşlığından keçir.