19 Noyabr 2020 09:14
7 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağda apardığı Vətən müharibəsi bir çox ölkələrə, o cümlədən Rusiyaya da bir sıra məqamları dərk etməyə kömək edib. Rusiyanın imperiya təcrübəsi olan dövlət olduğunu nəzərə alsaq, Putin son çıxışını kifayət qədər müsbət qiymətləndirmək olar. Rusiya lideri reallığı nəzərə almağa başladı. Əslində siyasətlə məşğul olanlar real vəziyyətə adekvat davranış sərgiləməklə uğurlu siyasət tətbiq edə bilirlər. Putin də real siyasətə uyğun davrandı. Bu, özü-özlüyündə uğurlu addımdır.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Rusiya Prezidenti Vladimir Putinin ötən gün Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ problemi, habelə Türkiyə ilə bağlı işlətdiyi fikirləri şərh edərkən deyib.

Politoloq diqqəti Rusiya liderinin Azərbaycan və Türkiyə ilə bağlı işlətdiyi fikirlərə yönəltməyi vacib sayıb: “Putin beynəlxalq hüquqa hörmət etdiyini ortaya qoydu, çünki özü də hüquqşünasdır. Habelə Azərbaycanın mövcud hüquqlarını dilə gətirdi. Bu, ərazi bütövlüyü məsələsi idi. Həmçinin Azərbaycanın öz ərazisinə Türkiyəni dəvət etməsini bizim suveren və təbii haqqımız olduğunu qeyd etdi. Yəni biz istəsək də, istəməsək də Rusiyanın mövqeyində Azərbaycana qarşı müsbət dəyişikliyi gördük. Biz bunu sözsüz ki, istəyirdik, amma görə bilmirdik, artıq bunu gördük. O, Azərbaycanla bağlı mövqeyində kifayət qədər dəyişiklik etdi və bu müsbət hadisədir.

İkincisi, Azərbaycanın ərazi bütövlüyünü qəbul etdi, hansı ki dünya bunu qəbul edir. Yəni reallığa uyğun davranış sərgiləndi.

Üçüncüsü, Türkiyənin Azərbaycanda mövcudluğu məsələsinin Azərbayanın daxili işi olduğunu və kimsənin buna qarışmayacağını ifadə etdi.

Dördüncüsü, Türkiyəni Yaxın Şərqdə deyil, MDB məkanında güclü siyasi oyunçu kimi tanıdı.

Həm də ağıllı iş gördü. Türkiyə-Rusiya münasibətlərini yeni müstəviyə keçirməyi bacardı”.

Politoloqun qənaətincə, Putin burada ermənilər üçün heç bir şans qoymayıb: “Xüsusilə, nəzərə alaq ki, Vladimir Putinin ətrafında ermənilərə yaxın adamlar var. O cümlədən Kələntəryan. Baş nazir də yarı ermənidir. Bunlar ciddi məsələlərdir. Yeri gəlmişkən, Vladimir Putin bu mövqeyini ifadə etməzdən əvvəl Nikol Paşinyanın bir sıra addımları bizim xeyrimizə oldu. Paşinyan elə bir vəziyyət yaradıb ki, nəticə olaraq Rusiya hüquq-mühafizə orqanlarında erməniləri təmizləməyə başlayıblar. Bu istiqamətdə də iş gedir.

Ümumilikdə Putinin bu bəyanatını ağıllı, uzaqgörən və eyni zamanda beynəlxalq hüquqa söykənən bəyanat kimi qiymətləndirmək doğru olardı”.


Müəllif: Cavad

Oxşar xəbərlər