23 Noyabr 2020 17:00
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın tarix boyu Azərbaycan, Türkiyə, ümumilikdə İslam ölkələrinə münasibəti heç də birmənalı olmayıb. Bu dövlətin sərgilədiyi mövqe yeni mənzərə deyil. Osmanlı imperiyasının dağılmasına çalışanlar fransızlar olub. 1876-cı ildə Berlin Konfransında Osmanlı İmperiyasını daxildən dağıtmaq üçün orada yaşayan xristian xalqların guya hüquqlarının müdafiə olunması ilə bağlı qərar qəbul edilib. Konfransda özünü idarəetmə ilə bağlı müddəalar qəbul olunub. Bu təşəbbüsün müəliflərindən biri Fransa olub. Fransa XX əsrin əvvəlində, I dünya müharibəsi ərəfəsində Osmanlı İmperiyasına zərbə vurmağa çalışıb. Osmanlını dağıtmaq üçün qeyri-müsəlman əhali imperiyaya qarşı qaldırılıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, Fransa və digərlərinin təhriki ilə Şərqi Anadoluda yaşayan ermənilər XIX əsrin sonralında qiyamlar təşkil ediblər:

“Etnik, dini, milli zəmində toqquşmalar baş verib. 1915-ildə Osmanlı imperatorluğu məcbur olub ki, Şərqi Anadoluda yaşayan erməniləri cənuba köçürsün. Beləliklə böyük bir köç baş verib. Ermənilər sonradan bunu “soyqırımı” adlandırıb”. I Dünya müharibəsində ermənilər Osmanlıya qarşı döyüşlərdə də iştirak edib. Şübhəsiz burada Fransız missionerlərinin böyük rolu vardı. XIX əsrin sonlarında ermənilər Fransaya köç edib. Orada erməni lobbi təşkilatı qurmağa başlayıb. Bu reallıq göstərir ki, fransız elitasına və siyasi proseslərə erməni lobbisinin təsiri mümkün qədər güclüdür. Noyabrın 25-də Fransada Qarabağın “status”u ilə bağlı məsələnin müzakirəyə çıxarılması təsadüfən baş verməyib”.

Musa Quliyeva görə, burada xristian həmrəyliyindən daha çox Türkiyə və Azərbaycana olan münasibət özünü göstərir:

“Emmanuel Makronun ermənilərlə ailə bağlarının olması ilə bağlı fikirlər var. Bu, proseslərə təsir edə bilər. Hər halda şəxsi təşəbbüsləri dövlət maraqlarına qarışdırmaq düzgün deyil. Fransada prosesləri düzgün qiymətləndirən insanlar var. İnandırıcı deyil ki, Fransa senatı belə bir qərar qabul etsin. Bunun sərt reaksiyasının olacağını bilirlər. Bu gün Fransa anti-islam addımları ilə diqqətdədir. Bu yanaşmalar Fransanı çıxılmaz vəziyyətə salıb. Bütün İslam dövlətləri və xalqları ilə Fransa arasında ciddi problem yaranıb. İslam aləminə, onun dəyərlərinə təhqiramiz yanaşmalar birmənalı qarşılanmayıb. Quranı Kərimin yandırılması, məscidlərə olan hörmətsizlik nəticəsiz qalmır. Arzu olunan odur ki, Fransa bu cür addımlardan çəkinsin. Azərbaycanın ərazi bütövlüyünün E.Makron tərəfindəm qəbul olunduğu halda Fransa Senatının hər hansı bir qanun qəbul etməsi məntiqə və qanuna sığmır. Bu addım ölkələr arasındakı münasibətlərə ciddi təsir edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər