2 Dekabr 2020 09:14
828

Milli Məclisin deputatı Eman Nəsirov Teleqraf.com-un suallarının cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elman müəllim, 10 noyabr razılaşmasına uyğun Laçın Azərbaycana təhvil verildi. Bundan sonrakı proseslər necə inkişaf edəcək?

- Azərbaycanın müzəffər ordusu ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı beynəlxalq terrorizmin, faşizmin ən böyük ocaqlarından birini söndürmüş oldu. Bu baxımdan qələbəmiz lokal və region əhəmiyyətli deyil. Bu zəfərin beynəlxalq önəmi var. Azərbaycan Ordusu 44 gün ərzində 30 il işğalda qalan torpaqlarımızı işğaldan azad etməklə gücünü, qüdrətini nümayiş etdirdi. 10 noyabr razılaşması ordumuzun qələbələrinin məntiqi nəticəsi idi. Həmin razılaşmanın bəndləri üzrə prinsiplər icra edilir.

Dekabrın 1-də Laçın erməni işğalından təmizləndi. Laçın məsələsi ilə bağlı müxtəlif fikirlər səslənir. Azərbaycanın atdığı bütün addımlar danışıqlar prosesində istədiyimiz, amma nail ola bilmədiklərimizin həllidir. Baza prinsipləri üzrə bu əsasda danışıqlar aparılıb. Bilirsiniz ki, 5 rayonun, sonrakı mərhələdə isə 2 rayonun taleyi ilə bağlı danışıqlar gedirdi. Sülhməramlı qüvvələrin həmin ərazilərə yerləşdirilməsi məsələsi öz əksini tapmışdı.

Faktiki olaraq bu münaqişənin indiki həll yolunun tapılmasında 3 dövlətin mühüm rolu var. Bu, ilk növbədə Azərbaycan və Ali Baş Komandanın əzmi sayəsində mümkün oldu. Qardaş Türkiyənin və Rusiyanın rolunu da xüsusi ilə vurğulamaq vacibdir. ATƏT-in digər 2 həmsədr ölkəsi ABŞ və Fransa bu prosesdə yer almadı. Onlar yalnız sonradan bu və ya digər formada məsələyə münasibət bildirdilər.

Bunun da obyektiv və subyetkiv səbəbləri var. Türkiyə və Rusiyanın bu prosesdə qarşılıqlı əməkdaşlığı əsas diqqəti cəlb edən amildir. Əldə edilmiş razılaşmaya görə Rusiyanın sülhməramlı qüvvələri Türkiyə hərbçiləri ilə birlikdə bu prosesdə iştirak edir.

- Laçın dəhlizi ilə bağlı məsələ gündəmə gətirilir. Detallar nədən ibarətdir?

- Laçın dəhlizi 5 kilometr enində ərazi miqyasda nəzərdə tutulub. Sülhməramlılar tərəfindən yolun təhlükəsizliyi təmin ediləcək. Bu gündən Azərbaycan Silahlı Qüvvələri Laçında yerləşir. Dəhlizin bir neçə kilometrliyində Azərbaycan Ordusu yerləşəcək. Burada təhlükəsizlik məsələlərini Rusiya sülhməramlıları həyata keçirəcək. Bu fəaliyyət üçün 5 ilə qədər müddət ayrılıb.

Bunun da səbəbi erməni siyasi hərbi rəhbərliyinin bu günə qədər törətmiş olduğu cinayət əməlləri ilə bağlıdır. Sadə ermənilər məhz onların həyata keçirdiyi cinayətlərin girovuna çevrilib. Çünki onlar azərbaycanlılara qarşı törətmiş olduğu cinayətlər fonunda birgə yaşayış və yaxud təhlükəsiz gediş-gəlişdən narahatdır.

- Sülhməramlı missiyanın əbədi olmadığı bəllidir. Bəlli zamandan sonra müəyyənləmiş koridor necə təmin olunacaq?

-Sülhməramlılar məsələsi təzə icad deyil. İndiyə qədər aparılan danışıqlarda da sülhməramlıların olması öz əksini tapmışdı. Sadəcə danışıqlar yolu ilə sülhməramlıların ora yerləşməsi gerçəkləşmirdi. Hərbi qələbəmiz bunu reallaşdırdı. Rusiya həmsədr dövlətlərdən biridir. Eyni zamanda işğalçı Ermənistana birbaşa təsir imkanlarına malikdir. İndiki halda əldə edilmiş razılaşma bunu bir daha təsdiqləyir.

Belə olan halda Rusiyanın bu proseslərdə iştirakı labüd idi. Laçın dəhlizində rus sülhməramlıların iştirakı baza prinsiplərində də öz əksini tapırdı. Düzdür, müzakirələrdə konkret ölkə adı qeyd edilmirdi. Amma bütün hallarda sülhməramlı qüvvələrin yerləşməsi məsələsi mövcud danışıqlarda var idi. Azərbaycan razılaşmasının bütün prinsiplərinə əməl edir. Azərbaycan Ordusu bu gün Laçındadır.

- Laçın koridoruna alternativ yolun çəkilməsi ideyası vardımı?

- Laçın dəhlizi ilə bağlı indiki razılaşma digər bir razılaşmanın əldə edilməsi üçün açar oldu. Danışıqlar prosesində bu məsələ də nəzərdə tutulmamışdı. 3 həmsədr dövlətin apardığı danışıqlarda ümumiyyətlə bu məsələyə toxunulmurdu. Bu artıq Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında komunikasiyanın təminatı deməkdir. Ali Baş Komandanın qəttiyəti nəticəsində bu məsələ həll edildi.

Eyni zamanda Naxçıvanı birləşdirəcək quru yol Laçın dəhlizi ilə sıx bağlıdır. Əgər Naxçıvandan Azərbaycana gələn yolda hər hansı problem olarsa, Laçın dəhlizinin işləməsi məsələsi gündəmə gələ bilər. Laçın dəhlizinin mövcudluğu Naxçıvanla Azərbaycan arasında yolun işləməsi üçün əsas yaradır.

- Müharibədən sonra, sizcə, regionda əməkdaşlıq necə qurulacaq?

- Ermənistanda indiki hakimiyyətin dəyişilməsi va davam etməsi müstəvisində bu ölkənin tutacağı mövqe çox önəmlidir. Azərbaycan Prezidenti dəfələrlə öz mövqeyini bildirib ki, Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələcəklərsə, bu, regionda əməkdaşlığın yaranmasında yeni bir səhifə yarada bilər. Nəticə etibarı ilə regionun sülh və təhlükəsizlik şəraitində inkişafı labüd ola bilər.

Ermənistanda hakimiyyyəti cinayətkar qüvvələr qəsb edərlərsə, bunun region üçün müsbət təsirindən söz açamağa dəyməz. Bu, eyni zamanda Ermənistan üçün acınacaqlı duruma səbəb olacaq.


Müəllif: Tapdıq Qurbanlı