7 Dekabr 2020 18:41
4 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah 16 müxalifət partiyasının Ermənistanın Baş naziri Nikol Paşinyana verdiyi vaxt bitir. Proseslərin gedişatı göstərir ki, Paşinyan asanlıqla təslim olmayacaq. O yaranan problemin konstitusiya və legitimlik çərçivəsində həllini tələb edəcək. Yəni Paşinyan yeni parlament seçkilərinin təyin edilməsi, keçirilməsi və bundan sonra ya parlament daxilində partiyaların koalisiyasından ibarət hökumətin qurulması, ya da daha çox səs toplayan partiya liderinin hökumət başçısı olmasını istəyəcək. Bu da müxalifətə sərf edən variant deyil. Çünki indiki halda Paşinyanın istefasını tələb edən 17 partiyanın çoxu ya parlamentdən kənarda qalıb, ya da çox az sayda deputatla orada təmsil olunurlar.

Bu fikirləri Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

O, xatırladıb ki, Nikol Paşinyan artıq əvvəlki Paşinyan deyil:

“Çünki bu prosesdə Paşinyanın arxasında Rusiya dayanır. Hətta Kollektiv Təhlkəsiz Müqaviləsi Təşkilatının (KTMT) 10 gün bundan əvvəl keçirilən iclasında Putin müttəfiq ölkələrdən Ermənistana və Paşinyana dəstək istəmişdi. Bu, o deməkdir ki, Rusiya üçün Paşinyan digər erməni siyasətçilərindən daha uyğun fiqurdur. Çünki digərləri qatı millətçi, bölgəni yenidən qarşıdurmalara aparacaq avanturist adamlardır. Paşinyan qüsurlarına baxmayaraq bundan sonra radikal tədbirlərə əl atan deyil. Üstəlik onun atəşkəslə bağlı üçtərəfli sazişdə imzası var. Bu sazişin tələblərini də yalnız Paşinyan həyata keçirə bilər. Başqaları Ermənistanda hakimiyyətə gələrsə, hətta sazişin müddəalarından imtina belə edə bilər. Bu baxımdan Paşinyan müqavimət göstərəcək”.

Qabil Hüseynli əlavə edib ki, Paşinyana qarşı olan 17 müxalifət partiyası dekabrın 5-də İrəvandakı meydana cəmi 15 min adam çıxara bilib:

“Əgər 17 partiyanın gücü küçəyə 15 min adam çıxarmağa çatırsa, bu halda Paşinyanı hakimiyyətdən yıxmaq mümkün deyil. Bu, o deməkdir ki, həmin partiyaların Paşinyanı devirmək üçün əllərində lazım olan resurs yoxdur. Bir də hər şeyin legitim cərəyanda davam etməsi üçün Rusiya və KTMT-də prosesə nəzarət edəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər