12 Dekabr 2020 09:50
3 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərdoğan bildirdi ki, İnşallah, yayda qardaşım İlham Əliyevin çəkdirdiyi yollarla Şuşaya qalxarıq, orada şəhid olmuş qəhrəman qardaşlarımıza Allahdan rəhmət diləyərik, onların ruhlarını şad edərik, onlar öz canlarını vətən uğrunda fəda ediblər, bizim onları unutmağa haqqımız yoxdur. Yəni bunlar insani fikirlərdir, Türkiyə və Azərbaycanın qarşısına qoyduqları hədəflərin humanitar xarakter daşıdığını göstərir. Burada hərbi əməliyyatlara, hansısa təcavüzkar niyyətlərə çağırış yoxdur”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Bakıdakı çıxışı zamanı önəmli mesajlar verdi. Türkiyə lideri bildirdi ki, Qarabağ işğaldan azad edildi, amma iş bununla yekunlaşmayacaq. Sizcə, Ərdoğanın bu mesajı nəyə hesablanıb, hansı hədəfləri özündə ehtiva edir?

- Ermənilər Ərdoğanın bu fikirlərindən qorxuya düşüblər, guya ki, Azərbaycan və Türkiyə gözünü Zəngəzura dikib və Ermənistanı tamamilə məhv etməyi qarşılarına məqsəd qoyublar. Bu, belə deyil. Ərdoğan onu da dedi ki, bölgədə infrastruktur layihələri həyata keçiriləcək, yollar çəkiləcək, Zəngəzur üzərindən Naxçıvan və Azərbaycan arasında dəmir yolunun çəkilməsi isə vəziyyəti tamamilə dəyişəcək. Mən Ərdoğanın bu çıxışında xoş bir məram gördüm, ermənilərə qarşı hansısa pis niyyət görmədim. Ərdoğan bildirdi ki, İnşallah, yayda qardaşım İlham Əliyevin çəkdirdiyi yollarla Şuşaya qalxarıq, orada şəhid olmuş qəhrəman qardaşlarımıza Allahdan rəhmət diləyərik, onların ruhlarını şad edərik, onlar öz canlarını vətən uğrunda fəda ediblər, bizim onları unutmağa haqqımız yoxdur. Yəni bunlar insani fikirlərdir, Türkiyə və Azərbaycanın qarşısına qoyduqları hədəflərin humanitar xarakter daşıdığını göstərir. Burada hərbi əməliyyatlara, hansısa təcavüzkar niyyətlərə çağırış yoxdur.

Ermənistan mətbuatı Ərdoğanın bu fikirlərini tamam əks istiqamətə yozur. Görünən budur ki, ermənilər revanşist əhval-ruhiyyədən çıxmaq istəmirlər. Ermənilərin Azərbaycan və Türkiyənin dinc yaşamaq siyasətinə töhfə verəcəklərinə inanmaq çətindir. Başqa sözlə, Türkiyə liderinin bu açıqlaması xoşməramlı niyyətlərdən xəbər verir. Bu, regionda sülh və əmin-amanlığın bərqərar edilməsinə, eyni zamanda qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin bərpa edilməsi niyyətinə yönəlib.

- Ərdoğan Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İranın da daxil ola biləcəyi bir regional formatdan da danışdı. Perspektivdə belə bir formatın reallaşması nə qədər mümkündür və bölgədə hansı inkişaflara yol aça bilər?

- Bu, çox əhəmiyyətli və perspektivli bir formatdır. Onsuz da, Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq layihələrlə bu formatın əsası qoyulub. Amma bunun üzərində müəyyən işlərin aparılmasına böyük ehtiyac olacaq. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropanı bir-birinə birləşdirə bilibsə, Ermənistanın da bu layihəyə qoşulmaq imkanı var. Ermənistan gec də olsa, bu layihənin iştirakçısına çevrilə bilər. Ərdoğanın açıqladığı Naxçıvan-Zəngilan magistral və dəmir yolları layihəsi də Ermənistan üçün əhəmiyyətlidir. Əlbəttə bu, bütün region üçün önəmlidir. Həmin dəmir yolu xətti təkcə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməyəcək, eyni zamanda İrəvanla Naxçıvan arasında əlaqə təmin ediləcək. Bu xətt İrana doğru da istiqamət götürəcək.

Digər yandan, Azərbaycanda Şimal-Cənub dəmir yolu layihəsi də reallaşdırılaraq başa çatmaq üzrədir. Bu, çox nəhəng bir proyektdir. Söhbət Rusiya dəmir yolları ilə İranın dəmir yollarının birləşməsindən gedir. Burada da əsas açar rolunu Azərbaycan oynayır. Azərbaycan öz üzərində düşən yolu tikib, Astara çayı üzərində böyük körpü inşa edib və dəmir yolunu 5 kilometr uzadaraq İranın ərazisinə çəkib. İran da bizdən yarım milyard dollar kredit alaraq, bu yolu Rəşt şəhərinə qədər uzatmaq qərarı verib. Düzdür, indiyədək bu yolu çəkib başa çatdırmalı idilər, amma bir qədər gecikdiriblər. İlin sonu və gələn ilin əvvəlinə qədər bu dəmir yolu da işə düşəcək.

Ermənistan da Naxçıvandan gələn dəmir yolu vasitəsilə bu layihəyə qoşulmaq imkanı əldə edə bilər. Beləliklə, Ermənistan okeanlara və dünya dənizlərinə çıxmaq imkanları əldə edir. Dünənə qədər blokadada boğulan Ermənistanın indi dənizlərə yolu açılır, dünyanın bütün ölkələrinə getmək imkanı əldə edir, bu dəmir yolları ilə birbaşa Rusiya ilə əlaqələrini təmin edir. Amma bunun üçün Ermənistan Azərbaycan və Türkiyəyə qarşı separatçı və təxribatı iddialardan geri çəkilməlidir. Başqa sözlə, bunlar çox böyük iqtisadi layihələrdir. Artıq Azərbaycan bu layihənin böyük hissəsini həyata keçirib. Ermənistanın da bu prosesə qoşulması ilə bunun reallaşdırılması başa çata bilər. Bu da Ermənistanın həm iqtisadi inkişafı, həm də dünya ilə əlaqələri üçün geniş perspektivlər aça bilər.

- Azərbaycan cəmiyyətini maraqlandıran suallardan biri də, hazırda Rusiya sülhməramlılarının olduğu və ermənilərin yaşadıqları ərazilərin taleyi ilə bağlıdır. Söhbət Xocalı, Xankəndi və Xocavənddən gedir.

- Ermənilər istəməsələr belə, o ərazilərdə Azərbaycan qanunlarına tabe olaraq yaşayacaqlar. Ermənilər çətində olsa, qondarma rejimin olmayacağını qəbul edəcəklər. Azərbaycanın suverenliyi daxilində Dağlıq Qarabağla bağlı nəsə fikirləşmək olar, amma ermənilər əvvəlki separatçı iddialarından imtina etmək məcburiyyətindədir. Ermənilər o əraziləri Azərbaycan dövlətinin tərkib hissəsi kimi qəbul etməli və münasibətlər də bunun üzərində inkişaf etməlidir. Hesab edirəm ki, ermənilərin və azərbaycanlıların bölgədə dinc yaşaması Ermənistan-Azərbaycan əlaqələrinin inkişafına və buna uyğun olaraq, bölgənin iqtisadi inkişafına təkan verəcək layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Beləliklə, dünənə qədər münaqişə mənbəyi olan ərazilər bu gün insanları bir araya gətirən, sülh içində yaşamasına şərait yaradan bir vasitəyə çevriləcək. Hər halda bu, o qədər də asan proses deyil. Amma Azərbaycan bunun həyata keçməsinə var qüvvəsilə çalışacaq. Ermənistan da buna töhfə verərsə, ən qısa müddətdə hər şey qaydasına düşə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər