Dubayda yüksək rütbəli dövlət məmuru Nikol Paşinyana Qarabağda 7 rayonu 5 milyard dollar qarşılığında verməyi təklif edib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, növbəti belə sərsəmləmə ilə Ermənistanın Vatikandakı sabiq səfiri Mixael Minasyan çıxış edib.
Sabiq səfir iddia edib ki, həqiqətən də Paşinyana belə bir “təklif” verilib: “2018-ci ilin oktyabrında Dubayda Paşinyan hökumətinin yüksək vəzifəli məmuru Azərbaycan hökumət üzvlərindən birindən gizli “məktub” alıb. Məktubun məzmunu belədir ki, Paşinyana Azərbaycanla əlaqəsi olmayan Avropa fondları vasitəsilə 5 milyard dollar verirlər. Əvəzində 7 rayon onlara verilir. Paşinyan bu təklifi 2018-ci ilin oktyabrında alıb”.
Sabiq səfir iddia edib ki, bu barədə Nikol Paşinyanın Qarabağı “təhvil”verməsini araşdırarkən öyrənib: “Bu barədə Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli zabitlərinə də məlumat verilib. Məndən soruşursunuz ki, Paşinyan bu təkliflə razılaşıbmı? Bilmirəm, amma Nikol nə etdi? 44 günlük müharibəni düşünərək əminliklə deyə bilərəm: Nikol və Anna vətənlərini satdılar. Onlar erməni xalqının düşmənləri və xainlərdir. Nikol Paşinyan bu iddianı təsdiqləsin və ya inkar etsin. Mənim yalan danışdığımı söyləsin. Amma təkzib etməzdən əvvəl unutmayın ki, bilənlər, qəbul edənlər var, ötürənlər var, "məktub"un məzmunu haqda məlumatlı olanlar var”.
Qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan Ordusu Ermənistan ordusunu məğlub edib. Bundan sonra erməni ictimai-siyasi həyatında hakimiyyət uğrunda mübarizə başlayıb. Bu mübarizədə erməni siyasətçiləri bir-birinə qarşı piyar aparır və bəzən Azərbaycanın adından da sui-istifadə edirlər. Amma məlum təkliflər heç vaxt edilə bilməzdi.
Əvvəla, 2018-ci ildə Azərbaycanda fəal seçki kampaniyası gedirdi.
Digər tərəfdən, həmin ildə Paşinyan hakimiyyətə yeni gəlmişdi və qeyri-populyar addımları ilə qeyri-ciddi siyasi xadim təsiri bağışlayırdı.
Nəhayətdə bu iddia ilə çıxış edən Mikael Minasyan Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın kürəkənidir və sifarişli şəkildə danışır.
Yalnız bu üç arqument səsləndirilən iddiaların sabun köpüyündən başqa bir şey olmadığına dəlalət edir.