27 Dekabr 2020 19:32
2 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dekabrın 31-də Ermənistanın türk mallarının idxalına qoyduğu qadağa qüvvəyə minir. Son illər Türkiyədən Ermənistana orta illik idxal 250 milyon dollar ətrafında olub. Ermənıstanın iqtisadiyyat naziri Vaan Kerobyanın mətbuata verdiyi açıqlamaya görə, onlar artıq türk mallarının əvəzedicilərinin hardan alınmasını müəyyənləşdiriblər. Bu, Avrasiya İqtisadi İttifaqı, Avropa Birliyi ölkələri, Çin və Gürcüstandır”.

Teleqraf.com xəbər bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsində tutduğu mövqeyə görə Türkiyəyə iqtisadi və siyasi təzyiqlərə məruz qalır:

“Odur ki, sahibkar olaraq Azərbaycan və Türkiyə arasında iqtisadi ticari əlaqələrimizi və investisiya əməkdaşlığımızı daha da genişləndirməli, istehlakçı olaraq, malların və xidmətlərin alınmasında, onlayn sifarişlərdə türk məhsullarına üstünlük verməliyik. Təəssüf ki, bunun üçün hələ də lazımi mühit yaradılmır. Məsələn, Bakıdan İstanbula və geriyə təyyarə biletinin qiyməti İstanbuldan Nyu-Yorka və geriyə uçuşdan bahadır. Yaxud, İstanbuldan Bakıya gələn sərnişinlər Bakıda daha çox gömrük yoxlamalarına məruz qalırlar, eyni zamanda Türkiyədən Azərbaycana karqo qiymətləri Çindən Azərbaycana karqo qiymətləri ilə müqayisədə xeyli bahadır.

Odur ki, təklif edirəm:

Birinci, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçirilsin və ticari-iqtisadi mütəffiqliyə dair yeni sənədlər imzalansın.

İkinci, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanan və bu günlərdə Türkiyə Böyük Millət Məclisində təsdiqlənən Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişin subyektinə daxil olan mal qrupların genişləndirilsin.

Üçüncü, Türkiyə və Azərbaycan arasında ticarət asanlaşdırılmasına və təşviq edilməsinə, mallar üzrə tariflərin azaldılmasına və ya ləğv olunmasına, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunmasına dair yeni saziş imzalansın.

Dördüncü, Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında svap (ikili bir valyuta mübadiləsi) sazişi imzalansın.

Beşinci, Türkiyədən Azərbaycana kaqro daşınmalarında rəqabətli şərait yaradılsın və yük daşımalarının qiyməti real bazar dəyərinə qədər ucuzlaşdırılsın.

Altıncı, Türkiyədən idxalla məşğul olan şirkətlər dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində türk mallarına 1 həftəlik güzəşt kampaniyası keçirsin.

Yeddinci, istehlakçılar ştrix kodu 869-la başlayan türk mallarının alışına üstünlük versin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər