Prezident Donald Tramp tərəfdarlarının ABŞ Konqresinə hücum faktı əksər güc mərkəzləri və dövlətlər tərəfindən diqqətlə izlənilir. Bu da təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, ABŞ-da Konqresə sonuncu belə hücum 1814-cü ildə qeydə alınıb. ABŞ-da baş verənlər göstərdi ki, hakimiyyətin qanuni yollar ötürülməsi, yanvarın 20-də qanuni prezidentin kürsüyə qalxması qaçılmaz olacaq. ABŞ cəmiyyəti faktiki Tramp hakimiyyətə gəldikdən sonra Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə problemlər, Sakit Okean ölkələri arasında ticarət əlaqələrinin qırılması, NATO səviyyəsində ziddiyyətlərin qabarması, müttəfiqlərlə problemlərin yaradılmasını gördü. Sözsüz ki, bu, ABŞ-ın ənənəvi siyasətinə zərbə idi. Unutmayaq ki, Tramp administrasiyası son addım olaraq Türkiyə hərbi-sənaye kompleksinin üzvlərinə sanksiya tətbiq etdi. Bir sözlə, Trampın hakimiyyəti illərində ABŞ-ın dostu və rəqiblərinin bir-birindən seçilməsi və ya fərqləndirilməsi müşahidə edilmədi. Sonunda Tramp tərəfdarlarını Konqresin üzərinə yönəltdi, faktiki hücum təşkil etdi. Kapitoliyə hücumu heç vaxt Trampa bağışlamayacaqlar. Əlbəttə, dərhal hücumun qarşısı alındı, ənənə prinsiplərinin saxlanması sualı yaransa da, onun inkişafına imkan verilmədi. Hesab edirəm ki, bu proses hələ yanvarın 20-nə qədər davam edəcək.
Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyev yanvarın 6-da ABŞ-da Kapitoliyə hücum faktı, bunun beynəlxalq siyasətə təsiri və gözləntiləri haqqında danışarkən deyib.
Partiya sədri qeyd edib ki, ABŞ-da bu mürəkkəb vəziyyətdə özünü dövlət adamı vitse-prezident Mayk Pens göstərib:
“Vitse-prezident faktiki Konqresdə Baydenin prezidentliyinin təsdiqində iştirak etdi, gərginliyin qarşısını aldı. Baxmayaraq ki, indi onun təmsil olunduğu düşərgədə az qala onu xain çıxarmaq cəhdləri var. Əlbəttə, Donald Tramp istədiyinə nail olmadı, əksinə bir qədər də nüfuzdan düşdü. Onsuz da Tramp hakimiyyətə gəldiyi ilk gündən “Rusiya işi” ortada idi, onu impiçment etmək cəhdi oldu. Trampın komandasında elə peşəkar fiqur yox idi ki, prezident onunla ziddiyyətlərə getməsin və yollarını ayırmasın. Sonuncu şəxs də Mayk Pens oldu. Baş verənlər göstərir ki, bu proseslərdə ənənələrə qarşı getmək, "Rusiyanın adamı" kimi çıxış etmək, öz tərəfdarlarını mənafeyini “müdafiə” etmək adı altında Moskvaya “Ayı xidməti” göstərməyin perspektivi yoxdur. Düzdür, son nəticə olaraq ABŞ-da demokratik ənənə qələbə çaldı, bundan sonra dövlət trampçılardan təmizlənəcək. Amma fakt odur Trampdan təmizlənmə aparılacaq. Amma fakt odur ki, ABŞ-da FETÖ çevrilişi kimi bir proses yarandı”.
B. Quliyevin fikrincə, ABŞ-da qısamüddətli baş verən çaxnaşma dünya maliyyə sisteminə ciddi təsir edə bilərdi:
“Çünki dünyada dövlətlərin valyuta ehtiyatının təxminən 65 faizi dollar valyutası ilə saxlanılır. Eyni zamanda bu gərginlik dünya qiymətli kağızlar birjasına, alqı-satqılara ciddi təsir edə bilərdi. Bu ola bilsin ki, Rusiyanın maraqlarına xidmət edərdi. Amma bu prosesin qarşısı qətiyyətlə alındı. Unutmaq olmaz ki, bu prosesdə parlaq fiqur kimi Mayk Pensdə üzə çıxdı. Bəli, o yevangilist xəttinin nümayəndəsidir. Demokratların da əksəriyyəti yevangilist xəttinə yaxındır. Trampın gəlişi ilə əslində İngiltərə anqlosaksonları ilə də böyük ziddiyyət yaranmışdı. Görünən budur ki, gələcəkdə respublikaçılara Mayk Pensin rəhbərlik edəcəyi qaçılmazdır. Böyük ehtimalla növbəti seçkilərdə Mayk Penis respublikaçıların prezidentliyə namizədi kimi ortaya çıxacaq. Bunu yaxın günlərdə müşahidə edəcəyik”.
Müsahibimiz hesab edir ki, yeni dövrdə ABŞ-Rusiya münasibətləri öz gərginliyinin pik həddini yaşayacaq:
“Dünyada demokratiyaya dair yeni baxışlar olacaq. Demokratik ənənələrə qarşı çıxan qüvvələrə qarşı amansız dövr başlayacaq. Bu ziddiyyətlər içərisində demokratik təssisatlarla bağlı geniş prosesi müşahidə edəcəyik. Böyük ehtimalla demokratik hədəflərə və ənənələrə qarşı çıxan əsas qüvvə kimi Rusiya təqdim ediləcək. Bu prosesdə ABŞ və ənənəvi müttəfiqləri yenidən bir araya gələcək. Xüsusilə, NATO, Avropa Birliyi platformasında. Yeni oyunçu olaraq Türkiyə ilə bağlı baxışlarda yeniləşmə olacaq. Həmçinin ehtimal olunur ki, Krım, Donbas, Luqanski, Abxaziya, Osetiya ilə bağlı Rusiyaya ciddi basqılar baş versin. Ermənistan və Gürcüstanın isə qərbə yaxınlaşması meylləri sürətlənə bilər. Rusiyanın istər Ermənistan, istərsə də Gürcüstan fonunda münasibətlərin gərginləşməsinin şahidi olacağıq. Bölgə ilə bağlı olaraq Avropa Birliyi (AB) Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində işlər aparılacaq. Odur ki, biz bu məqamları nəzərə almalıyıq. Biz milli dövlət quruculuğu prosesində milli demokratik dəyərləri gücləndirməli, eyni zamanda Türkiyə ilə əlaqələri sürətləndirməli, bəlkə də eyni sistemə keçməliyik. Gələcəkdə də türk dünyasında bu sistem qurulmalıdır. Yəni bizim bölgəmiz üçün də bu əhəmiyyətli proses olacaq. Biz onsuz da qanunların aliliyini, torpaqlarımızda təhlükəsizlik, qonşularla sülh formatının olmasını istəyirik. Azərbaycan bir dövrdə BMT qərarlarının, beynəlxalq qanunların işləməsini, tətbiqini arzu edirdi. Amma ABŞ, Rusiya və Fransanın maraqları beynəlxalq hüququ tam bir kənara qoymuşdu. Güc amilini ortaya qoyduğumuz üçün indi situasiya bir qədər dəyişib. Ancaq bununla kifayətlənməməli, dünyada imicimizi və gücümüzü artırmalıyıq”.