26 Yanvar 2021 10:42
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı təhdid edən bəlaya qarşı yeganə və effektiv yol vaksinasiyadır. Bir ildən çoxdur pandemiya bütün dünyanı cənginə alıb. Pandemiya mövcud olduğu ilk gündən aparıcı tibb şirkətləri buna qarşı effektiv peyvəndin hazırlanması üçün səylər göstərib. Uğurlu nəticə əldə edən 7 vaksin 3 sınaq mərhələsindən keçib. İlkin olaraq dövlətimiz çox platformalı vaksinləşmə strategiyasına başlayıb. 3 sınaq mərhələsindən keçmiş ən effektli vaksinlərdən Azərbaycanda istifadə olunur. Proses başlayıb. Pandemiya ilə mübarizə necə effektiv olmuşdusa, ölkəmiz vaksinləşməyə də tez, vaxtında başlayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov deyib.

Komitə üzvü bildirib ki, sağlamlığa töhfə verən prosesi dünyada başlayan ilk ölkələrdən biri Azərbaycan olub:

“Vaksinləşmə prosesi sistematik şəkildə davam edir. Bu günə qədər ciddi problem yoxdur. Ölkəmizdə Çinin "Sinovac" şirkətinin Koronovac vaksini tətbiq olunur. Bu vaksin olduqca təhlükəsizdir. Azərbaycanda sovetlər dönəmində belə inaktiv vaksinlərdən istifadə olunub. Yəni geni öldürülmüş viruslardan vaksin hazırlanıb. Məhv edilmiş viruslardan hazırlanan vaksinlər orqanizmə sadəcə bir antigen kimi daxil olur. Bunun nəticəsində orqanizmin immun sistemi işə düşərək ona qarşı anticisimlər əmələ gətirir.

Zəif immunitetli orqanizmlərə belə əks təsir göstərmir. Sadəcə yerli reaksiya olur. İynə yerində yüngül ağrı hiss olunur. "Sinovac" vaksini ilə iynə vurulan yerdə qızartı və yaxud yüngül bir allergiya da ola bilər. Bunlar isə kiçik əlamətlərdir. Əhalinin vaksindən çəkinməsi üçün informasiya resurslarında yanlış fikirlər dolaşır. İddia edilir ki, vaksinlərin hazırlanması üçün illər lazımdır və.s. Doğrudur, vaksinlərin hazırlanmasına, tədqiqatına müəyyən zaman lazımdır. Unutmayaq ki, bəşəriyyətin düçar olduğu pandemiyaya qarşı aparılan mübarizə tədbirləri əvvəllər mümkün olmayıb. Adi çiçək virusundan 500 milyondan artıq insan həyatını itirib. Xəstələnən 10 adamdan biri ölüb. 1967-ci ildə təbii çiçəyə qarşı qlobal peyvəndləşmə aparılaraq, kökü tamamilə kəsilib”.

İlham Məmmədov vaksinlərlə bir çox xəstəliklərin tamamilə kökünün kəsildiyini diqqətə çatdırıb:

“Virusun tamamilə məhv olması vaksinləşmə ilə mümkündür. "Bizim genimizə təsir edəcək, insanlarda cipləşmə həyata keçirilir” kimi yanlış informasiyalar yayılır. Dünya faktiki olaraq pandemiyadan əziyyət çəkir. Ətrafımızda tanıdığımız onlarla sağlam insan bu virusdan həyatını itirib. Bu reallıqdır. Bunu necə inkar etmək olar? Ona görə də virusu özbaşına buraxmaq olmaz. Epidemiya zəncirinin qırılaraq, tamamilə məhv olması üçün əhalinin kütləvi immunitetləşməsinə, yəni vaksinləşməsinə ehtiyac var. Bu infeksion xəstəliklərin qanunauyğunluğudur. Əhalinin böyük bir hissəsi, 50-60 faizi kollektiv immunitet qazanacaqsa, xəstəliyə son qoyulacaq. Bununla COVİD-19 adi mövsümu qrip halına keçəcək”.

Millət vəkili əlavə edib ki, Azərbaycan COVAKS proqramına qoşulan ölkələrdəndir:

“Ölkəmiz yüksək texnologiyalarla istehsal edilən vaksinlər portefelindən ən yaxşısını seçmək imkanı əldə edib. Bu bir mexanizmdir. Azərbaycan bu sistemə qoşulan ilk ölkələrdəndir. Dövlətimiz bu platformanın verdiyi mexanizmdən istifadə edərək ən təsirli və zərərsiz vaksini ölkəyə gətirib. İnsanlarımız prosesə artıq daha böyük inamla və əminliklə qoşulmalıdırlar. Normal həyata dönüşümüz bundan asılıdır. Azərbaycanda təşkil edilən vaksinləşmə prosesi mütəşşəkil hazırlanıb. İnsanlar müraciət edərək, vaksin vurdurmaq istəyir. Pandemiyanın qızıl açarı yalnız vaksinasiyadır".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər