26 Yanvar 2021 20:13
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Bir neçə gün əvvəl Rusiyanın bir çox şəhərində kütləvi etiraz aksiyaları keçirildi. Prosesləri necə qiymətləndirirsiniz?

- Rusiyada istər siyasi institutlar, istər cəmiyyətin bütün təbəqələrini əhatə edən spesifik proseslər, eləcə də küçə etirazları həmişə davamlı olub. Rusiyada belə etirazlar fərqli formatlarda mövcud olub və zaman-zaman özünü göstərib. Ümumiyyətlə, Rusiya cəmiyyətinə xarakterik olan davranış qaydaları var. Etiraz etmək - razılaşmamaq rus insanının xarakterindən irəli gəlir. Rusiyada elə bir siyasi sistem mövcuddur ki, o, heç vaxt yenilənmir.

Rusiyada davamlı etirazların keçirilməsinə gəldikdə, Rusiya imperiya xüsusiyyətinə malik dövlətdir. Eyni xüsusiyyəti Böyük Britaniyaya da aid edə bilərik. Amma Britaniyadan fərqli olaraq, Rusiya imperiya xüsusiyyətini qoruya bilmir. Son 200-300 il ərzində bunun bünövrəsi qoyulsa da, tez-tez dövlət quruluşunu dəyişdi – gah Çar Rusiyası, gah Sovet Rusiyası, gah kapitalist Rusiyası, gah da federativ Rusiya oldu. Yəni Britaniya ilə Rusiyanı fərqləndirən cəhət budur ki, Rusiyada siyasi sistem yenilənmir. Yenilənməyən sistemlərin bir yerdə qırılması və yenidən fərqli formatda ortaya çıxması çox normaldır. Ağıllı telefonu olan müasir insan bunu daha yaxşı başa düşür.

Demək olar ki, hər kəsdə ağıllı telefonlar var. Həmin telefonda proqram təminatı tez-tez yenilənmə göndərir. Yenilənmə edilməyəndə proqram təminatı işləmir. Rusiyadakı sistem də buna oxşardır. Yəni Rusiya məcburdur ki, 30-40 ildən bir sistemi yeniləsin. Amma digər ölkələrdən fərqli olaraq, Rusiyadakı etirazlar heç vaxt kənardan gəlmir. Rusiyada dəyişikliklərə səbəb olan etirazlar və ya sifarişlər məhz mərkəzdən gəlir. Yəni Rusiyada hakimiyyəti xalq dəyişmir, Rusiyada hakimiyyəti həmişə hakimiyyətin özü dəyişir.

- Bəs bu etirazları qızışdıran Aleksey Navalnını cəmiyyətə sevdirən nədir?

- Aleksey Navalnı slavyan olaraq tipik rus simasına sahibdir. Navalnını rus cəmiyyətinə cazibədar göstərən onun hakimiyyət və korrupsiyaya qarşı apardığı mübarizə deyil, ənənəvi rus insanının təsəvvüründəki obraza uyğun gəlməsidir.

Məsələn, 2000-ci ildən sonra Rusiyada hakimiyyətə gələn Vladimir Putinin uğurunun səbəbləri xeyli araşdırılıb. Bu, ilk növbədə onunla əlaqədardır ki, Putin rus insanının tanıdığı bir simadır. Daha doğrusu, onun beynində olan bir insan idi. Məsələn, Putin “Volodya” idi. Volodya 1980-ci illərə qədər sıravi ruslar kimi kommunal mənzillərdə yaşamış və onların arasında çıxmış sadə bir insandı. Yəni ruslar üçün Putin özlərindən saydığı bir qəhrəmandı. Putinin uğurunun əsasında duran amillərdən biri budur. Eyni zamanda, Putin Yeltsindən fərqli olaraq, cəmiyyətin sosial rifahına xidmət edən siyasət yürüdən lider deyildi, amma daha cazibədardı. Yəni nəinki Navalnının, başqa bir siyasətçinin də Putinin daxildəki reytinqini “vurmadığına” əminəm. Çünki Putin rus cəmiyyətinə xas olan qəddar, soyuqqanlı, güclü və şəxsi münasibətlərdə sədaqət kimi xüsusiyyətləri özündə cəmləşdirib. Putinin cazibədarlığının əsasında bu amillər var.

Navalnıya gəldikdə, o da cəmiyyətin nəzərində özü haqda sərt, prinsipial və zəhmətkeş insan təsəvvürü yaradıb. Onun da cazibəsinin əsasında bu amillər durur. Amma bu etiraz aksiyalarından sonra da, Navalnı və Putinin reytinqinin araşdırılması aparılsa, inanmıram ki, onun nüfuzu Rusiya liderini üstələsin. Çünki Putin cəmiyyətin uğur hesab etdiyi şeyləri əldə edib. Yəni Putin rus insanının eqosunu təmin edən, onu sakitləşdirən şeyləri ona verib. Ümumiyyətlə, bir cəmiyyət üçün madiyyatdan daha çox özünə hörmətin olması daha önəmlidir.

- Bunu necə izah edərdiniz?

- Məsələn, Dağlıq Qarabağda qazanılan qələbə ötən otuz ildə neftin barelinin 100 dollardan çox olduğu dönəmlərdə gətirmədiyi xoşbəxtliyi verdi. Otuz il əvvəl torpaqların işğalı ilə Azərbaycan cəmiyyətinin ruhuna hopmuş uğursuzluq sindromu ən uğurlu azərbaycanlının belə psixologiyasında iz buraxmışdı. Dünyanın ən gözəl yerlərində istirahət edəndə, çox pulumuz olanda da özümüzü xoşbəxt azərbaycanlı kimi hiss edə bilməmişdik. İndi də çətinliklər var, həll edilməmiş problemlər mövcuddur, hər birimizə təsir edən pandemiya hökm sürür. Amma bunlara baxmayaraq, qazandığımız qələbə bizi xoşbəxt edir. Bu qələbə ilə biz özünə hörmət hissini qaytarmışıq. Sadaladığım bu amillər Putin Rusiyasının insanı üçün də keçərlidir.

- Bəs bu gün Rusiyada gedən proseslərin əsas məqamları nələrdir?

- Putin yaxşı başa düşür ki, daxildə korrupsiyanı yığışdırmaq rus insanını xoşbəxt edəcəksə, dərhal bunu edə və ya leqallaşdıra bilər. Putin indi bunu etmir, çünki korrupsiya rus insanını narahat etmir, belə desək, az narahat edir. Bu baxımdan, Navalnının da bu proseslərdən siyasi divident qazandığını düşünmürəm. Hətta özü də siyasi partiya lideri olmadığını, aktivist və bloqqer olduğunu deyir. Navalnı bir siyasi partiya qurub və rusları öz ətrafına cəlb etmiş olsa, əminəm ki, onu bu gün küçələrə çıxmış insanların heç on faizi də dəstəkləməzdi. Çünki Paşinyanın bir bloqqer kimi necə uğurlu, bir siyasətçi kimi isə necə uğursuz olduğu hamının gözünün qabağında baş verib. Bu, bir nümunədir və rus insanı bunu yaxşı görür.

Qənaətimə görə, Rusiyanın 30-dan çox şəhərini əhatə edən bu etirazlar Rusiyadakı bəlli proseslərin yerindən tərpənməsi idi. Bu, hakimiyyətin öz içindən Putin üçün bir siqnal, çağırışdır. Bu, rus xalqının yox, rus elitasının sifarişidir. Dünyada baş verən müharibələr, maliyyə vəsaitlərinin dondurulması, Suriya, Liviya və Azərbaycanda (Dağlıq Qarabağ) gedən proseslər böyük xərclər tələb edir, ciddi maliyyət itkiləri deməkdir. Başqa sözlə, bu etirazlar sıravi rus insanının xərclərindən kəsilən milyardlarla maddi vəsaitin bu proseslərə yönəldilməsi və bunun qarşılığında əldə olunan nəticələrə siyasi elitanın verdiyi reaksiyadır. 1980-ci illərin sonlarında SSRİ də belə edirdi. Yəni bu ayaqlanma Rusiyanın siyasi elitasından qaynaqlanır.

Hakimiyyət daxilindən məlumatlar sızdırılır. Bu da hakimiyyət daxilindəki qruplaşmaların bir-birilə hesablaşması çərçivəsində baş verir. Biz bunu Vətən müharibəsi dövründə də gördük. Rusiya hakimiyyəti daxilində adlar çəkilməklə müəyyən şəxslərin Azərbaycanla əlaqələrinin olduğu iddia edildi. Bu, Rusiyanın Xarici Kəşfiyyat Xidməti daxilində iki polkovnikin hesablaşması nəticəsində sızdırılmış məlumatlar idi. Başqa sözlə, bu kimi proseslər Rusiya hakimiyyətinin daxilindəki qrupların hesablaşmasını nəticəsində meydana çıxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər