Beynəlxalq hüquqa görə, işğalçı dövlət işğalın nəticələrindən bəhrələnə bilməz. Dağlıq Qarabağa hər hansı status vermək ermənilərin bəhrələnməsi anlamına gələrdi. İşğalçı olduğuna görə də bəhrələnə bilməz.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri əlavə edib ki, Azərbaycan unitar dövlət olduğundan bu ölkənin ərazisinda muxtar qurum ola bilməz: “Digər tərəfdən, Azərbaycan xalqının iradəsi və könüllülük əsasında Azərbaycan status verə bilər. Əgər kimlərsə təzyiqlər vasitəsilə status haqqında düşünürsə, əvvəla bu təzyiqdir, üstəlik beynəlxalq hüquqa ziddir. İndiki halda Dağlıq Qarabağın statusu haqqında danışmaq niyyətində olan bütün dövlətlər bizim daxili işlərimizə qarışır”.
Sərdar Cəlaloğlu əlavə edib ki, bu kimi fikirlər səsləndirən şəxslərin qarşısına beynəlxalq hüquq normaları qoyulmalıdır: “Bəyəm siz elə bilirsiniz ki, Amerikada hamı beynəlxalq hüququ əzbər bilir? Və ya düşünürlər ki, sən beynəlxalq hüququ bilmirsən. Bundan istifadə edib belə əsassız məsələləri gündəmə gətirirlər. Bu halda demək lazımdır ki, beynəlxalq hüququn filan maddəsinə görə, işğalçı işğal nəticəsindən bəhrələnə bilməz. İkincisi, bu mənim könüllü verə biləcəyim qədər olduğundan bunun başqalarına nə aidiyyəti var? Nəhayətdə üçüncüsü biz unitar dövlətik. Yəni belə hallarda biz deməmliyik ki, bunu veririk, onu vermirik. Əksinə, deməliyik ki, sizin təklifləriniz beynəlxalq hüququn bu maddələrinə ziddir. Bu halda onların susmalı olacaq. Çünki hanmısı beynəlxalq hüququ qəbul edib, bizdə cavabımızı bu konteksdə verməliyik”.