6 Mart 2021 17:02
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayında hakim partiya ilə birləşmiş Milli Qurtuluş Partiyasının sədri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” şirkətinin direktoru Vüqar Oruc Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Vüqar müəllim, zəhmət olmasa, Milli Qurtuluş Partiyasının Yeni Azərbaycan Partiyası ilə birləşməsini zəruri edən səbəbləri açıqlayardınız...

– Bilirsiniz ki, təqribən bir il əvvəl ölkə rəhbərliyi tərəfindən siyasi qüvvələrlə dialoqun başlanmasına start verildi və bu istiqamətdə ölkədə fəaliyyət göstərən siyasi partiyalar milli birlik, milli həmrəylik mövzusunda dialoqa dəvət olundular. Bu siyasət təbii ki, tərəfimizdən dəstəkləndi.

Biz hesab edirik ki, Azərbaycanın milli maraqları, dövlətçilik mənafeləri baxımından siyasi qüvvələrin birliyi zəruridir. Artıq müəyyən müddət idi bizdə bu fikir formalaşırdı ki, bu və ya digər formada milli birliyə aparacaq yolda öz töhfəmizi verək, bununla bağlı hər hansı qərar qəbul edək. Son bir ildə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin atdığı addımlar, institusional islahatlar, kadr islahatları, rüşvətxorluğa, korrupsiyaya və məmur özbaşınalığına qarşı ortaya qoyduğu sərt mövqe, apardığı mübarizə bizdə belə bir fikir yaratdı ki, onsuz da Milli Qurtuluş Partiyasının məramı, hədəfi atılan addımlarla eyniyyət təşkil edir. Yəni ölkədə vəziyyətin, siyasi durumun normallaşmasını, iqtisadi inkişafın baş verməsini, eyni zamanda 30 ildən artıq işğal altında olan torpaqlarımızın azad olunmasını istəyən, bu istiqamətdə çalışan bir qüvvəyik.

Əgər bunu cənab Prezidentin başçılığı ilə Yeni Azərbaycan Partiyası real surətdə həyata keçirirsə, Azərbaycanın inkişafı, güclənməsi istiqamətində arcdıcıl və məqsədyönlü addımlar atılırsa, nə üçün qüvvələrimiz birləşdirməyək, nə üçün bir arada olmayaq və fəaliyyətimizi birlikdə davam etdirməyək? Bu məntiqlə Yeni Azərbaycan Partiyasına birləşmək haqqında qərara gəlib çıxdıq, bu barədə qərar qəbul etdik.

Hesab edirik ki, Milli Qurtuluş Partiyasının məramnaməsi, siyasi məqsədləri məhz Yeni Azərbaycan Partiyası tərəfdindən davam etdirilir və bu istiqamətdə konkret işlər görüldüyü üçün artıq əlavə bir siyasi qurumda fəaliyyətimizi davam etdirməyə ehtiyac qalmır. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının dünən keçirilən qurultayında verilmiş qərar məhz bu maraqlardan çıxış edərək verilən qərar oldu.

Bizim və bizimlə bərabər digər 5 partiyanın Yeni Azərbaycan Partiyasına müraciəti müsbət qarşılandı. Cənab Prezident özü də çıxışında bildirdi ki, bu partiyaların, o cümlədən bizim partiyanın YAP-a qoşulması hakim partiyanı daha da gücləndirəcək, daha da inkişaf etdirəcək. Əgər Azərbaycan naminə atdığımız addım belə qiymətləndirilirsə, təbii ki, biz də bundan məmnunuq və bundan sonrakı fəaliyyətimizi indiyədək necə olubsa, necə Azərbaycanın milli və dövlətçilik maraqları istiqamətində yönəltmişiksə, bundan sonra da o fəaliyyət davam edəcək.

Biz Vətən müharibəsi zamanı gördük ki, Azərbaycan beynəlxalq aləmdə çox ciddi təhdidlərlə üz-üzədir və Azərbaycanın haqq mövqeyini qardaş Türkiyə və bir neçə dövlətdən başqa digərləri tam mənada dəstəkləmir. Əksinə, torpaqlarımızın azad edilməsi istiqamətində atılan addımlara maneçilik törətmək istəyirlər. Millət və dövlət təhdid qarşısında bir olmalıdır. Bu maraqdan, bu məqsəddən çıxış edərək biz bu birliyin təmin olunması istiqamətində konkret addım atdıq.

Azərbaycan nicatı onun birliyindədir, onun vahid siyasi komandada, vahid bir platstarmda, vahid meydanda birləşməsindədir. Milli Qurtuluş Partiyasının qərarı məhz milli maraqların təcəssümü, tərənnümü istiqamətində düşünülmüş bir qərar idi.

– İstərdik oxucularımızı bir qədər də texniki məsələlər barədə məlumatlandırasınız. Birləşmə ilə bağlı texniki məsələlər necə həll olunacaq?

– Əgər bir partiyanın qurultayı keçirilirsə və qurultayda qərar qəbul olunubsa, təbii ki, həmin qərar artıq bu prosesin yekunlaşması deməkdir. Amma təbii ki, Yeni Azərbaycan Partiyasının nizamnaməsinin yenidən hazırlanması, o cümlədən bizim də fikirlərimizin burada nəzərə alınması prosesi qarşıdakı 3 ay ərzində mümkün olacaq. Biz bundan sonra, yəni dünənki qurultaydan sonra Yeni Azərbaycan Partiyasının üzvü hesab edilirik.

Hər bir üzv kimi biz də öz təkliflərimizi, mövqeyimizi ortaya qoya bilərik. Amma prosedur olaraq qurultayda bu barədə qərar qəbul olunub. Yeni Azərbaycan Partiyası bizim qurultayın verdiyi qərarı nəzərə alaraq birləşməyə müsbət rəy verib və partiyaların birləşməsi yekunlaşıb.

Texniki məsələlər bundan sonrakı proseslərdə öz həllini tapacaq. Artıq partiyaların strukturları arasında münasibət, strukturların birləşməsinin təmin olunması və digər texniki məsələlərin həlli bundan sonrakı dövrdə öz həllini tapacaq. Yəni bunlar xırda nüanslardır.

– Vüqar müəllim, bəzi şəxslər sosial şəbəkələrdə 6 siyasi təşkilatın Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı yarıironik münasibət bildiriblər. Onlar qeyd edirlər ki, bu partiyaların üzvlərinin sayı azdır, sosial bazası böyük deyil. Bu iddialara da münasibət bildirməyinizi xahiş edirik.

– Həmin şəxslər, yaxud siyasi qüvvələr deyək, vaxtilə biz onlara dəstək verəndə, yəni bu 6 altı partiya onları dəstəkləyəndə, bir arada olanda bizi həddindən artıq böyük qüvvə kimi cəmiyyətə təqdim edirdilər. Bu gün isə sadəcə, siyasi maraqları imkan vermir ki, bizim hansı gücə malik olduğumuzu etiraf etsinlər. Əgər cənab Prezident, bir ölkənin başçısı qurultayda bu partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasının hakim siyasi təşkilatı gücləndirəcəyini deyirsə, mən hesab edirəm ki, bu fikrə önəm vermək lazımdır.

Hardasa sosial şəbəkələrdə, yaxud media orqanlarında bu prosesə kölgə salmaq istəyənlərin dediklərinə fikir vermək, mövqeyini nəzərə almaq lazım deyil. Çünki onların mövqeyi siyasi məqsədlərdən irəli gələn mövqedir. Onlar bu prosesə kölgə salmaq məqsədi güdür. Bu baxımdan bu cür yanaşmalar təbii qəbul olunmalıdır. Siyasi proseslərə, yeni siyasi konfiqurasiyaya kölgə salmaq məqsədi daşıyan bu yanaşmalar siyasi məqsədlərdən xəbər verir.

Reallıq ondan ibarətdir ki, üzvlərinin sayına və proseslərə təsir imkanlarına görə digərlərini geridə qoyan bir partiya əgər bu 6 partiyaya önəm verirsə, onları siyasi qüvvə kimi qəbul edirsə, kimlərinsə başqa mövqedən çıxış etməsi önəmli deyil. Digər tərəfdən biz siyasətlə məşğul olan insanlarıqsa, bir şeyi nəzərə almalıyıq: hətta bir seçicinin belə səsi önəmldir. Onun uğrunda siyasətlə məşğul olan təşkilatlar mübarizə aparmalıdırlar.

Bu baxımdan Yeni Azərbaycan Partiyası sırf siyasi prinsiplərdən irəli gələn, real bir mövqe ortaya qoyub. Amma digər siyasi qüvvələr onsuz da son dövrlərdə apardıqları uğursuz siyasət nəticəsində ciddi təsir imkanlarını itiriblər. Cəmiyyətə siyasi təsir imkanları demək olar ki, yoxdur və bu gün kimlərinsə özünü bizdən böyük sayması – söhbət həmin qüvvələrdən gedir – sadəcə, sözdür, reallıq deyil. Onlar bu gün cəmiyyətə təsir göstərə bilmirlər. Tərəfdarları yoxdur, əhatələri çox məhdudlaşıb. Fikirlərini əllərində olan media və sosial şəbəkələrlə ifadə edirlər.

Son dövrlərdə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində həmin siyasi qüvvələrin varlığına belə ehtiyac qalmayıb. Cəmiyyət yeni qüvvələrin formalaşmasını gözləməkdədir. Hətta belə deyək ki, müxalifətdə olmaq üçün də fərqli fikirlər ortaya qoyub yeni təşəbbüslər meydana gətirmək lazımdır ki, Azərbaycan vətəndaşları həmin mövqe ilə maraqlansınlar.

Ancaq ənənəvi müxalifət elə bir mövqe ortaya qoyur ki, azsaylı vətəndaşlar da onları dəstəkəmir. Hətta vaxtilə onlarla bir yerdə olan siyasi qüvvələr belə bu gün Yeni Azərbaycan Partiyasına üzv tutursa, onunla birləşirsə bu o deməkdir ki, ənənəvi müxalifət siyasi səhnədən birmənalı şəkildə getməlidir.

Mən onların sözlərinə önəm vermirəm. Bizi, bizim partiyamızı sevindirən, məmnun edən məsələ ondan ibarətdir ki, torpaqlarımız 30 ildən sonra işğaldan azad olunub. Azərbaycan hakimiyyəti uzun müddətdən sonra siyasi birlik və milli qüvvələrin konsolidasiyası istiqamətində ciddi addımlar atır. Azərbaycan artıq elə bir dövlət halına gəlib çıxmaqdadır ki, heç bir beynəlxalq təzyiq, heç bir xarici təhdid onu öz yolundan döndərə bilməz. O millətlər güclüdür, o xalqlar uğurludur ki, onlar vahiddirlər, bütövdürlər, tamdırlar.

Bizim partiyaların birləşməsinə də bu istiqamətdə atılan addım kimi qəbul olunmalıdır. Çünki bizim başlatdığımız yeni siyasi proses məhz birliyə, bütövlüyə, vahidliyə, tamlığa hesablanmış, davamlı olacaq yeni bir prosesdir. Cəmiyyətə müsbət təsir göstərən və cəmiyyətdə hakim partiyanın mövqelərini daha da gücləndirən bir prosesdir.


Müəllif: Səxavət Həmid