ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) üzərindən məxfilik qrifi götürülən sənədlərində Ermənistan Sovet Sosialist Respublikasındakı vəziyyətə dair sənəd də var.
Teleqraf.com 12 iyun 1958-ci il tarixli sənədin Ermənistanla bağlı ən maraqlı hissələrindən çıxarışları təqdim edir.
Hesabatda bildirilir ki, ermənilərin kommunist rejimi sevməmələrinə baxmayaraq, Ermənistan vətəndaşları ilə İrəvanda yaşayan ruslar arasındakı münasibətlər dostyanadır.
İrəvanda yerləşən sovet hərbi hava qüvvələrinin şəxsi heyəti intizamlıdır və özlərini yaxşı aparırlar. Paytaxtda böyük aeroport fəaliyyət göstərir və hərbi müəssisələr mövcuddur.
Mərkəzi Kəşfiyyat İdarəsinin üzərindən məxfilik qrifi götürülən hesabatının giriş hissəsi
Hakimiyyətin hərbçilər üzərində həyata keçirdiyi inzibati nəzarət mülki əhaliyə şamil edilmir. İrəvan şəhəri böyük ölçüdə ermənilər tərəfindən idarə və nəzarət olunur. Təcrübəli kommunist Suren Tovmasyan İrəvan şəhər administrasiyasına rəhbərlik edir. Əsas postları Kommunist Partiyasının üzvü olan ermənilər tutur. Bəzi ruslar daha aşağı vəzifələrdədirlər.
***
İrəvanlılar Xruşşovun 1957-ci ildə Suriya ilə Türkiyə arasında baş verən hərbi əməliyyatlarla bağlı bəyanatını ciddi qəbul etdilər. Sovet İttifaqı Suriyanı, ABŞ da Türkiyəni dəstəklədi. Bir çox erməni bu iki ölkə arasında hərbi əməliyyatların başlamasının supergücləri qarşıdurmaya sürükləyə biləcəyindən ehtiyat edirdi. Belə bir müharibə ehtimalına çoxları gizli şəkildə sevinirdilər, çünki onlar kommunist boyunduruğundan azad olmağın yeganə yolunun Sovet İttifaqı ilə ABŞ arasında genişmiqyaslı müharibədə olduğuna inanırdılar. Sovet Ermənistanında yaşayanların əksəriyyəti bu düşüncəni bölüşür. Ermənilərin türkləri sevməmələri üçün bir çox səbəblərin mövcud olmasına baxmayaraq anti-türk əhval-ruhiyyəsi müşahidə olunmur.
"Moskva" kinoteatrı
***
Müharibədən sonrakı ilk illərdə (1947-1948) Fransa, Yunanıstan və ABŞ-dan 8 000-10 000 erməni Ermənistan SSR-ə repatriasiya edildi. Kommunist rejiminin əlverişsiz yaşayış şərtləri ilə üzləşən qayıdanların böyük əksəriyyəti sovet rəhbərliyi icazə verərsə, əvvəlki yaşayış yerlərinə qayıtmaq istərdilər.
1956-cı ildə Fransanın xarici işlər naziri Kristian Pino Ermənistanı ziyarət edərkən, Fransadan olan repatriantların bir çoxları onunla geri qayıdış ehtimalını müzakirə etdi.
Fransanın xarici işlər naziri Kristian Pino. İrəvan, 1956-cı il
K.Pino bu söhbətlərin nəticələrini Moskvada müzakirə edəcəyinə söz verir. İşlərin uğurla gedəcəyinə ümid edən bir çox repatriant Sovet İttifaqını tərk etməyə hazırlaşaraq mənzillərini və şəxsi əşyalarını satdılar. Pinonun tələbinin Moskva tərəfindən qəti şəkildə rədd edildiyi məlum olduqda, bir çoxları sovet hakimiyyətinin sərt tədbirlərindən qorxdu. Öz mənzillərini və şəxsi əşyalarını satanların əlavə məişət problemləri var.
***
İrəvanda üç erməni kilsəsi var. Dini xidmətə əsasən qadınlar və yaşlı nəslin nümayəndələri cəlb olunublar. Kilsəni çox az sayda gənc ziyarət edir ki, bu da kommunistlərin gənclər arasında dini praktikaya məhdudiyyət qoymaq və təzyiq göstərmək səylərinin nəticəsidir.
"İrəvan" stansiyası
Bir çox erməni kommunist keşişi gətirir və uşaqlarını evdə vəftiz edir, çünki uşaqlarını kilsəyə aparsalar Kommunist Partiyasındakı mövqelərinin ciddi şəkildə sarsılacağından qorxurlar.
***
Gürcüstanın vilayətlərində yaşayan ermənilər Rusiyada inqilabdan əvvəl gürcülərlə heç vaxt yaxşı münasibətdə olmayıblar. Qarşılıqlı inamsızlıq hissləri və ciddi ziddiyyətlər illər ərzində inkişaf edib və münasibətləri korlayır. Nəticədə, inqilabdan sonra bir çox erməni ailəsi Ermənistan SSR-ə köçdü və ya Qərb ölkələrinə emiqrasiya etdi.
Abovyan küçəsi
1951-ci ildə gürcülər bir çox ermənini evlərindən və əmlaklarından imtina etməyə məcbur etdilər. Gürcüstandan çıxanların böyük əksəriyyəti sonradan Ermənistanda məskunlaşdılar. Bu hərəkətlər ermənilər və gürcülər arasında bu günə qədər davam edən nifrət və inamsızlığın yalnız güclənməsinə kömək etdi.
***
Hakimiyyətin spekulyasiyanı azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün bütün səyləri böyük ölçüdə uğursuzluğa düçar oldu. Ermənilərin qəlblərinin dərinliyində əsasən “kapitalistlər”dir və fayda götürmək istəyi kommunistlərin insanlar arasında güc yolu ilə dəyişdirə və boğa bilmədiyi bir hissdir. 1957-ci ilin oktyabrında İrəvanın mərkəzində səlahiyyətlilərin müdaxiləsi olmadan insanların sərbəst surətdə mal ala, sata və dəyişdirə biləcəyi böyük bir bazar fəaliyyət göstərirdi.
İrəvan sirki
Sonra hakimiyyət orqanları geniş yayılmış spekulyasiyaları nəzərə alaraq gözlənilmədən bu bazarı bağladılar. Spekulyantların adi praktikası sonradan bazarda satışa çıxarılan tikiş maşınları, radioqəbuledicilər, fotokameralar, soyuducular və digər bu kimi istehlak mallarının alınması idi. Alqı-satqı, bir qayda olaraq, dövlət mağazalarının işçiləri ilə daxili əlaqələr yolu ilə aparılırdı. Bazar bağlandıqdan sonra bu sövdələşmələr konfidensial şəkildə həyata keçirilməyə başlandı.