18 Mart 2021 17:33
2 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya arasında “soyuq müharibə”nin yeni mərhələsi başladı. Baydenin Putini “qatil” adlandırması iki ölkə arasındakı münasibətlərin kəskinləşməsinə, xüsusilə Vaşinqtonun Yaxın Şərq, Şərqi Avropa və Cənubi Qafqazda Moskvaya qarşı təzyiqləri artırmasına gətirib çıxaracaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert ABŞ-dan Rusiya və Putinin yaxın ətrafında qarşı yeni sanksiyaların, eləcə də “Maqnitski Aktı”nın tətbiq olunacağını da istisna etməyib:

“Digər yandan, Rusiya daxilindəki demokratik prosesə dəstək veriləcək. Bir sözlə, Rusiyanı çətin bir dönəm gözləyir. Vaşinqtonun bu siyasətinə NATO, Avropa İttifaqı və Böyük Britaniya da dəstək verəcək. Londonda yeni təhlükəsizlik və xarici siyasət strategiyasında Rusiyanın “bir nömrəli düşmən” elan edilməsi təsadüfi deyil. ABŞ-ın iqtisadi sanksiyalarla yanaşı, Suriyada Rusiyanın müttəfiqi Əsəd rejimini hədəfə alması, zərbələr endirəcəyi də gözləniləndir. Ukraynanın şərqindəki münaqişəli vəziyyət də diqqətdə olacaq və bu yöndə müəyyən addımların atılması istisna deyil. Bu kimi addım sözügedən bölgələrdəki gərginliyi daha da artıracaq.

Artıq prosesin məcradan çıxacağının ilk işartıları görünməyə başlayıb. Moskvanın Vaşinqtondakı səfirini geri çağırması bundan xəbər verir.

Hesab edirəm ki, iki nəhəngin yeni siyasi-iqtisadi və hərbi müstəvidəki mübarizəsi ABŞ-ın beynəlxalq mövqeyini gücləndirəcək. Moskvaya qarşı artan təzyiqlər Putinin daxildəki reytinqinə mənfi təsir göstərəcək. Bu, Rusiyanın siyasi elitasında parçalanmaya da səbəb ola bilər”.

Məhəmməd Əsədullazadə iddia edib ki, iki ölkənin kəskinləşən mübarizəsinin Cənubi Qafqaza təsiri qaçılmaz olacaq:

“Ermənistanın NATO-nun Qara dənizdə Rusiyaya qarşı keçirilən hərbi təlimlərində iştirakı bunu göstərir. Rusiyanın beynəlxalq nüfuzunun zəifləməsi və daxili siyasi problemlərə başının qarışması regionda Türkiyə və Azərbaycanın mövqeyini gücləndirəcək. Bundan sonra Türkiyənin Qarabağda Rusiyaya qarşı əlavə təzyiq rıçaqları əldə etməsi mümkündür.

Ankara və Bakı qarşıdakı beş il ərzində Moskvadan Qarabağdakı sülhməramlılarını çıxarmağı tələb edə bilər. Çünki sülhməramlılar öz missiyalarından kənara çıxan davranışlar sərgiləyirlər. Qənaətimə görə, Rusiyaya qarşı sanksiyalar davamlı olacaqsa, Vaşinqton israrlı şəkildə buna gedəcəksə, Rusiyanın Qarabağdan çıxması üçün yolu açılacaq. Əlbəttə, ABŞ da Rusiyanın Qarabağdakı sülhməramlı fəaliyyətinə son verilməsində maraqlıdır. Azərbaycan iki böyük ölkənin mübarizəsində tərəf tutmamalı və Ankara ilə birgə hərəkət etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər