18 Mart 2021 23:42
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi sanksiyalar məsələsini gündəmə gətirir. Aydındır ki, Vaşinqton-Moskva münasibətlərində gərginlik yaranırsa, tərəflər yalnız sanksiya variantına müraciət edirlər. Çünki bunun əksi müharibədir. Bu da qeyri mümkündür.

Bu fikirləri Teleqraf.com-a “Ayna-Zerkola” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı ABŞ-Rusiya münasibətlərində müşahidə olunan gərginləşmə haqda danışarkən deyib.

Analitik bildirib ki, əlavə sanksiyalarla Rusiya iqtisadiyyatını bir qədər də zəiflətmək niyyəti ola bilər:

“Rusiya iqtisadiyyatının hansı durumda olduğu bəllidir. Orada pul var, amma iqtisadi mexanizm yoxdur. Kimin imkanı çatırsa, müəyyən yollarla buna nail olur. Lakin yaradıcı biznes fəaliyyəti ilə məşğul olub qazanmaq məsələsi yoxdur”.

Elçin Şıxlı düşünür ki, ABŞ-ın Rusiyaya qarşı hansı istiqamətlərdə sanksiyalar tətbiq edəcəyini indidən demək mümkün deyil:

“Yəqin ki, bu analizlərin nəticəsində olacaq. Yeni layihələrə də sanksiya qoyula bilər. Ehtimal edirəm ki, yeni texnologiyaların ruslara verilməməsi məsələsi gündəmə gətirilə bilər. Xüsusilə, neft və qaz sahəsində. Çünki rusların əsas yataqları Sibir və digər istiqamətlərdədir. Səudiyyə Ərəbistanında neft torpaqdan o qədər də dərində deyil. Burada neftin çıxarılması böyük xərclər tələb etmir. Rusiyada isə vəziyyət fərqlidir. Yəni neft-qaz daha dərindədir. Üstəlik torpaq da donur. Deməli, daha dərin qatlara getmək lazım gəlir. Bunun üçün də yeni texnologiya lazımdır. Həm də bu halda neft-qazın çıxarılması ərəblərdən fərqli olaraq ruslara daha baha başa gəlir. Bu sahədə sanksiyaların olması mümkün görünür. Əlbəttə, son qərarı ABŞ verəcək və düşünürəm ki, bizim gözləmədiyimiz istiqamətlər də gündəmə gətirilə bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər