Ermənistanda revanşist qüvvələr zəifdir. Xaricdən erməni lobbisinin təsirləri olsa da, yaxşı anlayırlar ki, zəifdirlər. Odur ki, mümkün qədər indi Nikol Paşinyana qarşı kampaniya aparırlar. Ehtimalıma görə, Ermənistan əhalisinin yarısı seçkidə iştirak edəcək. Bu halda daha çox qüvvə Paşinyana səs verəcək.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tahir Kərimli Ermənistanda keçiriləcək növbədənkənar seçkilər haqqında danışarkən deyib.
Onun fikrincə,erməni cəmiyyəti daha çox sülh haqqında düşünür, çünki hərbi uğurun olacağına ümid etmək nəinki real, heç nəzəri baxımdan da mümkün deyil:
"Sözsüz ki, bu halda revanşist qüvvələrin seçkilərdə qalib gəlmək imkanları da məhdud olacaq. Əgər cəmiyyət sülh haqqında daha çox düşünürsə, nədən müharibə tərəfdarlarına səs versin?”.
Tahir Kərimli bildirib ki, hətta Serj Sərkisyanın siyasətdə fəal iştirak edəcəyini açıqlamasının da real təsirləri olmayacaq:
“Əslində 10 noyabr razılaşmasından sonra 17 partiyanı bir araya gətirən, müxalifəti küçələrə çıxaran elə Serj Sərkisyan və Robert Köçəryan idi. Ancaq onların heç vaxt kütləvi dəstəyi olmadı. Hər dəfə də uduzdular. Paşinyan daha çox insanı küçələrə çıxara bildi. Əlbəttə, ermənilər müharibədə uduzmaqlarını kompensasiya etmək üçün etirazlar təşkil edirlər. Amma bunlar ümumilikdə erməni əhalisinin fikrini ifadə etmir. Sərkisyan korrupsioner, erməni ordusuna ayrılan vəsaitin rəhbər şəxslər arasında dağıdan şəxs kimi yaddaşlarda qalıb. İnanmıram ki, erməni cəmiyyəti belə nadürüstlərə yenidən dəstək versin”.