Hesab edirəm ki, Rusiyanın başqa yolu yoxdur, ya dağılmalı, ya da qonşu xalqlara qarşı iddialarından əl çəkərək beynəlxalq hüquqa uyğun davranmalıdır. Üçüncü yol yoxdur. Hesab edirəm ki, indi Rusiya imperiya ambisiyalarını ortaya qoyub müdafiə etməsinin sonuncu cəhdini həyata keçirir.
Bu fikirləri Teleqraf.com-a Ukrayna və Rusiya arasında müşahidə edilən gərgin hərbi-siyasi vəziyyəti şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirib ki, Ukrayna bu mübarizədə qalib gələcək: “Əslində səbəb də sadədir. Əvvəla, Ukrayna haqlıdır, öz ərazilərini tələb edir və ən əsası dünya bu məsələdə Ukraynanın tərəfindədir, ona açıq dəstək nümayiş etdirir. Bu dəstək gərginlik davam etdikcə daha da çoxalacaq”.
Aparıcı ölkələrin bu mübarizədə Ukraynanı tək qoymasının qeyri-mümkünlüyünü dilə gətirən Sərdar Cəlaloğlu hesab edir ki, bunun üçün heç bir səbəb də yoxdur: "Ona görə Ukrayna cəbhəsinə sadəcə olaraq ukraynalılarla ruslar arasında olan cəbhə kimi baxmaq doğru deyil. Bu cəbhə eyni zamanda Amerika-Rusiya və Avropa-Rusiya cəbhəsidir. Üstəlik Türkiyə-Rusiya cəbhəsidir. Yəni bu cəbhə o qədər əhəmiyyətli və strateji cəbhədir ki, bu ərazilərdə dünya müharibələri yaşanıb. Odur ki, həm ABŞ, həm Avropa, həm də Türkiyə ciddi şəkildə Ukraynaya dəstək verəcək”.