8 Aprel 2021 19:51
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, Ermənistanın sabiq prezidenti Robert Köçəryan yayda ölkəsində keçiriləcək seçkilərə Moskvadan start verib. Onun indiki halda erməni cəmiyyətindən səs almaq imkanları nə dərəcədə real görünür?

- Robert Köçəryan öz qatarının getdiyinin fərqinə varır. Eyni zamanda o, bu gün artıq güclənmiş və öz haqqını bərpa etmiş Azərbaycan qarşısında zəif olduğunu da görür. Onun siyasətə qayıtmasının səbəbi ondan ibarətdir ki, təmsil etdiyi Qarabağ klanı hər dəfə erməni siyasətindən uzaqlaşdırılır. O, olan-qalan qüvvəni qoruyub saxlamağa çalışır. Bunu etməsə, gələcəkdə ümumiyyətlə malik olduğu iqtisadi resurslar üzərində nəzarəti də itirə bilər. Həmçinin o, əgər siyasətə qayıtmasaydı, ona inanan az sayda revanşist təbəqənin içində nüfuzunu da itirmiş olacaqadı. Bu, onun indiki halda belə aktiv formada siyasətə qayıdışını təmin edən ilk məqamdır. İkinci məqam isə Ermənistanın müəyyən bir hissəsi “Böyük Ermənistan” və Azərbaycan torpaqlarının bir hissəsini Ermənistana birləşdirmək xülyası ilə yaşayır. Bu mənada Köçəryan “liderliyi” öz üzərinə götürməyə çalışır.

Reallıq bundan ibarətdir ki, həmin insanlar çox deyil. Seçkilərdə də onların hər hansı bir ciddi qələbə qazanmaq şansları da yoxdur. İndiki Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi blokun seçkidən qalib çıxmaq şansı böyükdür. Həmçinin Paşinyan bu gün dünənə qədər soyuq davrandığı Rusiya ilə körpülər qurmağa, onların siyasi etimadını qazanmağa can atır. Yəni bu da Ermənistandakı siyasi konfiqurasiyanı müəyyən qədər dəyişir. Köçəryanın Moskvaya səfəri reklam xarakterli idi. Moskvada hər hansı bir ciddi qüvvələr tərəfindən ona dəstək olmadı, hər hansı öhdəlik verilmədi. Dəstək məqsədilə açıq siyasi bəyanatlar da səslənmədi. Hansısa bir telekanala çıxmaq siyasətçi üçün uğur sayıla bilməz. Eyni zamanda Köçəryan Poznerin verilişində özünü bir daha ifşa etdi. Göründüyü kimi o, heç də Ermənistanın bu günü və sabahı ilə bağlı ciddi bir proqrama malik deyil. Onun dedikləri sadəcə olaraq bacardığı qədər manevr etmək istəyini ortaya qoyur. Ola bilsin bir bir yandan siyasi alver məsələsidir. O, indiki Ermənistan rəhbərliyini kəskin tənqid edərək, onun proqramına alternativ proqram irəli sürmədən özünün azadlıqda qalmasına, nəzarətində olan iqtisadi resursların toxunulmazlığa bir zəmanət almaq istəyirdi.

Hansısa formada Paşinyana mesaj göndərirdi ki, ona ciddi problem yaratmayacaq. İstənilən halda Köçəryan tarixdə qan içən, cəllad, Xocalı soyqırımının birbaşa iştirakçısı, Azərbaycan torpağını işğal edən, azərbaycanlıları o torpaqlardan çıxardan bir hərbi cinayətkar kimi qalıb. Eyni zamanda bu hərbi cinayətkar bu gün Ermənistan cəmiyyətinin böyük əksəriyyəti üçün də arzuolunmaz bir şəxsdir. Çünki onun apardığı siyasət Ermənistan və erməni cəmiyyəti üçün böyük problemlər yaratdı. Ermənistan böyük iqtisadi proqramlardan kənarda qaldı. Ermənistan dövlətçiliyinin inkişafına əngəl yaratdı. Bu ölkəni xulyalar içində 30 il yaşamasına səbəb oldu. Ona görə də, Koçəryanın böyük siyasətə qayıdışı, növbəti biabırçı məğlubiyyəti ilə başa çatacaq.

- “İsgəndər M” raketi ətrafında müəmma davam edir. Beynəlxalq birlik bu məsələdə hansı mövqe sərgiləməlidir?

- Ilk növbədə Ermənistanın “İsgəndər M” raketindən istifadə etməsi hərbi, dövlət cinayətidir. Ermənistan bu dağıdıcı raketi qonşu ölkənin ərazisinə atıb. Bu böyük insan qırğınına səbəb ola bilərdi. Azərbaycan hərbiçilərinin peşəkarlığı sayəsində bunu minimuma endirmək mümkün oldu. Eyni zamanda həmin raketin Ermənstanın əlinə keçməsi ondan istifadə edilməsinin özü də bir çox suallar yaradır. Bu məsələ ilə bağlı araşdırmalar gedir. Burada bir çox qaranlıq məqamlara tezliklə aydınlıq gətiriləcək.

- Minalanmış ərazilərin xəritəsi ilə bağlı erməni tərəfi spekuliyasiyalara yol verir. Sizcə, bu Böyük Qayıdışa əngəl yaratmaq niyyətidir, yoxsa başqa məqamlarda var?

- Ermənistan yarandığı gündən sivil dövlət analyışından uzaq olub. 1918-ci ildə Azərbaycan torpaqlarında yaradılan bu dövlət xalqımıza qarşı böyük qırğınlara başladı. Ermənistan Cənubi Qafqazda qeyri-stabillik mərkəzinə çevrildi. Sovet dövründə imkanlardan istifadə edərək Azərbaycan torpaqlarını maksimum dərəcədə qoparmağa çalışdı. 1991-ci ildən sonra Azərbaycan torpaqlarını işğal etməsi və əraziləri işğalda saxlaması Ermənistan üçün onun sivil dövlət quruluşundan qat-qat uzaqlara apardı. Bu gün isə Azərbaycan Ermənistana öz həddini və sərhəddini göstərdi. Hələ də, Ermənistan özünün bundan sonrakı inkişaf yolunu axtarır. Sivillik ölçülərindən çox uzaqda olan Ermənistan minalanmış sahələrin xəritəsini gizlətməyə çalışır. Rus iqtisadçıların hesablamalarına görə, təkcə Azərbaycan ərazilərinin minalanmasına Ermənistan hərbi büdcəsindən 360 milyon dollar vəsait ayrılıb. 360 milyon dollara Ermənistanda yüzlərlə sosial obyektlər tikmək olardı. Yollar çəkilə bilərdi. Aeroport salmaq, metro tikmək, pensiyaları qarşılamaq olardı. Bu gün qonşu dövlətin ərazisini minalamaq böyük bir həbi cinayətdir. Eyni zamanda bu gün real xəritələri Ermənistanın verməməsi özü ikiqat cinayətdir. Demək ki, pərakəndə şəkildə minalar basdırılıb. Bu ağ yalan olar. Bu minalar erməni baş qərargahı tərəfindən istiqamətlənib basdırılıb və xəritələnib. Ermənistan bu xəritələri verməməklə Azərbaycan tərəfinin daha çox itgilərə məruz qalmasına çalışır. Real durumda isə Azərbaycan bu xəritələrə də inanmır. Bu gün Azərbaycan öz gücü və dost qardaş Türkiyənin imkanları və Rusiyanın da yardımı ilə əraziləri minalardan təmizləyir. Azərbaycan növbəti dəfə çətinliklərə baxmayaraq öz ərazi bütövlüyünə nail olmaq, orada yaşayışı bərpa etmək, həyatı yenidən canlandırmaq əzmində olduğunu real şəkildə ortaya qoyur. Bu gün dünya iki dövlət nümunəsi görür. Bunlardan biri torpağına sahib çıxan, beynəlxalq hüquq normaları ilə işləyən, vətəndaşlarını düşünən bir dövlətdir. İkincisi isə Ermənistandır ki, qonşu dövlətin torpağına iddia edən, onu minalayan, min bir problem yaradan, eyni zamanda bu problemlərdən özü də kifayət qədər əziyyət çəkən bir dövlət yanaşması müşahidə olunur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər