14 Aprel 2021 19:51
1 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yəqin ki, Paşinyan öz hakimiyyətini qoruya biləcək, amma seçki olacağı halda hansısa rusiyameylli partiya ilə koalisiyaya getməklə Moskvadan daha çox asılı duruma düşəcək. Amma mən ikinci variantı da istisna eləmirəm: Paşinyan müəyyən müddət seçki təbliğatı aparıb opponentlərini parçalayacaq və sonda da hansısa bəhanə ilə növbədənkənar seçkiyə getməyəcək”.

Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Rusiya-Ukrayna sərhədində vəziyyət getdikcə kəskinləşir. Rusiya beynəlxalq çağırışlar və təzyiqlərə baxmayaraq, Ukrayna ilə sərhəddəki hərbi qüvvələrinin sayını artırır. Sizcə, bu, Kremlin bəyan etdiyi kimi “Ukrayna tərəfdən ehtimal olunan hücum”a qarşı görülən tədbirdir, yoxsa, Rusiyanın başqa məqsədləri var?

- Rusiyanın rəsmi təbliğatı gözlənilən münaqişəyə görə məsuliyyəti artıq indidən Ukraynanın üzərinə atmaq üzərində durmadan çalışır. Bu da o deməkdir ki, münaqişə qaçılmazdır və təşəbbüs də Rusiyadan gəlir. Buradan da sxemin təxminən nədən ibarət olduğu görünür: hərbi əməliyyatlara başlayan tərəf Donbasdakı separatçılar olacaq, Rusiya isə bunda Ukraynanı ittiham edəcək və ardınca da Minsk Anlaşmasının pozulmasını bəhanə gətirərək birbaşa münaqişəyə qoşulacaq. Ukraynada müharibə Kiyevdən çox Moskvaya lazımdır və bunun da obyektiv səbəbləri var.

İlk növbədə, bu, Rusiyanın daxili siyasi səbəbləridir. Çoxsaylı sanksiyalar bu ölkədəki sosial-iqtisadi gərginliyi bir qədər də artırıb, bu da öz növbəsində Moskvadakı daxili siyasi hərarəti yüksəldib. İndi Putinə müharibə öz hakimiyyətdaxili opponentlərini – hərbçiləri zərərsizləşdirmək üçün lazımdır. Moskvada gedən hakimiyyət uğrunda mübarizədə aktiv iştirak edən hərbi qanad güclənir ki, bu da Kremli narahat etməyə bilməz. Bunun üçün də hərbçilərin diqqətini ölkədən kənara yönəltmək və daxili siyasi mübarizədə onların gücünü zəiflətmək Kremlə hava-su kimi lazımdır. Müharibəni zəruri edən səbəblərdən biri budur.

Digər səbəb isə Qarabağ fenomeninin yayılmasına imkan verməməkdir. Kreml Qarabağda qismən də olsa uduzdu və bu məğlubiyyətin Donbasda təkrarlanması, prosesin zəncirvari xarakter almasına təkan verə bilər ki, bu halda da Moskva post-sovet ölkələrində yaratmış olduğu “tanınmayan dövlətlər” adlanan separatçı alətləri itirə bilər. Bu, Kreml üçün geosiyasi iddialarının sonu demək olardı. Üçüncü səbəb ərazisindəki separatizmə son qoymuş ölkələrin Avroatlantik məkana daha rahat inteqrasiya oluna bilməsidir ki, bu da NATO-nun Rusiya sərhədlərinə daha da yaxınlaşması deməkdir. Ən azı sadaladığım bu 3 səbəbdən Moskva Ukraynanı hərbi münaqişəyə çəkməlidir və buna da çalışır.

- ABŞ və NATO-dan Ukraynaya dəstək vədləri var. Hətta ABŞ Müdafiə naziri Lloyd Ostin ehtimal olunan savaşda açıq dəstəyin veriləcəyini bildirdi. Sizcə, Qərb ehtimal olunan bu savaşda Rusiya amilini nəzərə almadan meydana girə bilərmi?

- NATO ölkələrinin Rusiya-Ukrayna münaqişəsinə birbaşa hərbi güclə qatılması inandırıcı görünmür, çünki bu, açıq Rusiya-NATO qarşıdurmasına səbəb ola bilər. Amma Ukraynaya hərbi yardım şübhəsiz ki, olacaq, özü də ilk növbədə ABŞ tərəfindən. Digər bir NATO ölkəsi Türkiyə bu prosesdə artıq var və buna görə Rusiyanın da Türkiyəyə qarşı atdığı addımlar özünü çox gözlətmədi. Rusiya hələlik turistlərin bu ölkədən Turkiyəyə getməsinin qarşısını alır, amma ardınca başqa addımların atılacağı da gözləniləndir. Qərb ölkələrinə gəldikdə burda bir sıra məqamlar var ki, onlar mütləq nəzərə alınmalıdır. Məsələn, kontinental Avropa ölkələri, ilk növbədə də Fransa və Almaniya Rusiyaya ABŞ-dan daha loyal münasibət sərgiləyirlər. Görünür, elə bu səbəbdən də Zelenski hökuməti Qərb və ya NATO dedikdə daha çox ABŞ və Türkiyəyə ümid edir. Ukrayna prezidentinin son Ankaraya səfəri zamanı Türkiyə hökumətinin sərgilədiyi münasibət, digər tərəfdən isə Bayden administrasiyasının Kremlə qarşı sərt mövqeyi Kiyevə təcavüzkar qarşısında tək olmadığına inam verir. Bu isə o deməkdir ki, savaş başlayacağı halda Rusiya da ciddi sürprizlərlə üzləşə bilər.

- Rusiyaya qarşı artan təzyiqlər daxildə hansı proseslərə yol aça bilər? Ümumiyyətlə, Moskvanın bu gün izlədiyi aqressiv siyasət və qonşularına yönəltdiyi hədələr əvvəlki kimi, Prezident Putinin reytinqinə müsbət təsir göstərirmi?

- Təzyiqlər Putin hakimiyyətinə ikili təsir göstərir. Qısamüddətli baxdıqda, onlar Moskvaya “xarici düşmən” amili ilə spekulyasiya imkan verirsə, uzunmüddətli perspektivdə ölkə daxilindəki gərginliyi artırır. Sanksiyaların və məhdudiyyətlərin nəticəsində Moskva təkcə sosial-iqtisadi və siyasi problemlərlə üzləşmir, həm də texnoloji inkişafdan geri qalır ki, bu da öz ağır nəticələrini yaxın 5-10 ildə göstərəcək. Amma bütün bunların Kremlin yaxın qonşularına qarşı hədələrini, təzyiqlərini və həmin ölkələrə kobud müdaxilələrini nəinki azaltmayacaq, hətta artıracaq da.

Putinin reytinqinə gəlincə, o, hətta indiki neoimperialist siyasətin fonunda da durmadan düşməkdədir və məncə, düşməkdə davam edəcək. Artıq Rusiya auditoriyası da onlardan yorulub, çünki ruslar ölkələrinin qonşulara yönəlik aqressiv siyasətinin onların həyatına mənfi təsir etdiyinin fərqindədir.

- Bəs Ermənistandakı son gəlişmələr haqda fikriniz nədir – Baş nazir Paşinyanın erkən seçki qərarı doğru idimi? Yəni mövcud situasiya ona imkan verirmi ki, hakimiyyətini qorusun?

- Yəqin ki, Paşinyan öz hakimiyyətini qoruya biləcək, amma seçki olacağı halda hansısa Rusiyameylli partiya ilə koalisiyaya getməklə Moskvadan daha çox asılı duruma düşəcək. Amma mən ikinci variantı da istisna eləmirəm: Paşinyan müəyyən müddət seçki təbliğatı aparıb opponentlərini parçalayacaq və sonda da hansısa bəhanə ilə növbədənkənar seçkiyə getməyəcək. Bu halda onun cəmiyyətdəki mövqeləri laxlasa da, amma iki mühüm amil ona hakimiyyətini qorumağa imkan verəcək: parlamentdəki çoxluq və qazanılan zaman. Hadisələrin sonrakı dinamikası isə artıq həmin zamandan necə istifadə etməkdən asılı olacaq. Həmin dövrdən istifadə edərək, Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş əldə edə bilsə, o zaman Paşinyan Moskvanın Ermənistana təsirini nəzərəçarpacaq dərəcədə zəiflədə biləcək. Hər bir halda, Ermənistanın daxili siyasətinə təsir etmək üçün bu gün Bakı və Ankaranın əlində yetərincə böyük imkanlar var.

- Qərbin siyasi dairələrində Ermənistandakı gəlişmələr haqda fikir nədir: hakimiyyətdə kimin olub-olmaması bir önəm kəsb edirmi?

- Bu gün Qərb dedikdə hər şeydən əvvəl bu anlayışın özünə aydınlıq gətirməliyik. Yuxarıda qeyd etdiyim kimi, istər Ukraynaya, istər İrana, istərsə də Ermənistana münasibətdə ABŞ-la Avropa Birliyi arasında kifayət qədər əhəmiyyətli fərqlər var. Avropa Birliyi bu gün öz xarici siyasətində daha çox İranla əməkdaşlığa fokuslanıb və baslıca məqsədi də bu ölkə ilə Obama administrasiyası dönəmində əldə olunmuş nüvə sazişinin status-kvo vəziyyətinə qayıtmaqdır. Odur ki, Avropa Birliyi üçün istər Ermənistan, istərsə də Azərbaycan müəyyən humanitar və digər məqamları çıxmaq şərtilə arxa plandadır.

ABŞ-ı bu gün daha çox narahat edən geosiyasi məsələlərdir ki, burada da Ermənistan ciddi əhəmiyyətə malik deyil. Şübhəsiz ki, Vaşinqtondakı bugünkü demokrat administrasiya bu ölkəyə daha loyal münasibət sərgiləyir, amma bu münasibət də ABŞ-ın milli maraqlarının hüdudlarına qədər davam edə bilər. Amma eyni zamanda da ABŞ üçün Ermənistanda kimin hakimiyyətdə olması əhəmiyyətlidir. Bu gün bu, birmənalı olaraq Paşinyan hökumətidir və istisna etmirəm ki, Vaşinqton da onun hakimiyyətdə qalmasına öz töhfələrini verməyə çalışacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər