Aprelin 13-də keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlərdə baş tutan ilk genişformatlı beynəlxalq tədbir idi. Konfrans ADA Universitetinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutdu. Hər şeydən öncə Azərbaycan Prezidenti bu konfrans vasitəsilə dünyaya iki mühüm ismarış verdi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O deyib ki, bunlardan biri artıq müharibənin və münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kim görməsinin bəyanı idi:
“Ancaq şübhəsiz ki, bunlar konfransda ifadə edilən çoxsaylı və mühüm fikirlərdən yalnız ikisi idi. Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri təmsilçilərinin suallarını cavablandırarkən keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan tutmuş erməni vandalizminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin beynəlxalq hüququn və ədalətin yanında olmasından tutmuş Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu və bunu beynəlxalq ictimaiyyətin və qlobal informasiya məkanının diqqətinə təqdim etdi. Bu xüsusda Azərbaycan xalqının tarixi keçmişi, ermənilərin necə Cənubi Qafqazda dövlət olmaları ilə bağlı da obyektiv tarixi bilgiləri arqumentləşdirilmiş bir şəkildə, açıqca dünyanın diqqətinə təqdim etdi. Lakin bununla belə Azərbaycanın hazırkı mövqeyinin yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönəldiyini bildirdi. Bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması və azərbaycanfobiyadan”, “türkofobiyadan” qurtula bilməsi və yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə bilməsinin lazım olduğunu qeyd etdi”.
Hikmət Babaoğlunun sözlərinə görə, artıq hər kəsə aydındır ki, Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu vasitəsilə söndürə bilib:
“Bu, ölkəmizə yeni – qalib ölkə statusu qazandırıb. Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb və gec-tez hamı bununla hesablaşmalı olacaq”.