14 Aprel 2021 17:51
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev Teleqraf.com-un qonağı olub.

Aydın Quliyev müsahibə zamanı əvvəlcə ulu öndər Heydər Əliyevin 1987-ci il oktyabrın 25-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılması ilə ermənilərin Dağlıq Qarabağda separatçılıq əməllərinə başlaması, o cümlədən bundan az sonra – noyabrın 18-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Abel Aqanbekyanın Fransanın “L'Humanite” qəzetinə müsahibəsi zamanı Dağlıq Qarabağın Ermənsitan SSR-ə birləşdirilməsinin iqtisadi cəhətdən “əsaslandırması” arasında mövcud olan paralellər barədə danışıb.

Aydın Quliyev sonra aprelin 12-də Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışı və burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isterik bəyanatına dair sualı cavablandırıb. Bu isteriyanın xəcalət hissinin təzahürü olduğunu deyib.

Politoloq Ermənistanda revanşist əhval-ruhiyyədə olanların Hərbi Qənimətlər Parkının yaradılmasından nəticə çıxarmalı, bir daha belə yekəxana və şəraitə uyğun olmayan bəyanat verməməli olduqlarını bildirib.

Müsahibimiz daha sonra aprelin 13-də Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı ilə bağlı sualı cavablandırıb. Aydın Quliyev dövlət başçısının İrəvana qayıtmaqla bağlı tarixi bəyanatı ətrafında fikirlərini bölüşüb.

Post-müharibə dövründə rəsmi İrəvanın spekulyasiya vasitəsinə çevirdiyi əsas mövzulardan olan “hərbi əsirlər” məsələsi müsahibə zamanı toxunulan növbəti məsələ olub. Aydın Quliyev deyib ki, müharibədən sonra Şirak vilayətindən Azərbaycan ərazisinə hərbçi qismində müəyyən adamları göndərmək artıq terror və diversiya planıdır. Azərbaycan da o dəstənin fəaliyyətinə terrorçu-diversant fəaliyyəti kimi baxır. Məhz bu səbəbdən həmin şəxslər bu gün Azərbaycanda saxlanılırlar. Dünya dövlətləri və beynəlxalq təşkilatlar da başa düşməlidirlər ki, hərbi əməliyyatların başa çatması haqqında razılaşmanın imzalanmasından sonra suveren dövlətin ərazisinə silahlı dəstə göndərmək beynəlxalq hüquq normalarına qətiyyən sığmayan bir haldır. Qeyd edib ki, məlum terrorçu-diversantların hərbi əsir kimi qələmə verilməsinin arxasında Ermənistan dövlətinin planlı maraqları dayanır. Ancaq o planın uğurlarından danışmaq mümkünsüzdür.


Müəllif: Səxavət Həmid