17 Aprel 2021 01:16
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın İl Giornale, Faro di Roma, Agenzia Nova və MSN Notizie mətbuat orqanları aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrasdakı fikirləri barədə yazılar dərc edib.

Teleqraf.com xəbər verir ki, yazılarda 15 ölkədən, o cümlədən İtaliyadan olan beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransın 3 saatdan artıq davam etdiyi vurğulanır.

Bildirilir ki, Azərbaycan Prezidenti tədbirdə iştirak edən italyan araşdırmaçıların suallarını cavablandıraraq qeyd edib ki, “İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır. Mən ötən il İtaliyaya dövlət səfərimi yaxşı xatırlayıram. Bildiyiniz kimi, ondan öncə İtaliyanın Prezidenti cənab Mattarella Azərbaycana dövlət səfərinə gəlmişdi və mənim səfərim strateji dialoqun davamı idi. Biz strateji tərəfdaşlıqla bağlı sənəd imzaladıq. Bu, ikinci belə bir sənəd idi. Birincisi, bir neçə il ondan öncə imzalanmışdı. Bu, bizim qarşılıqlı sadiqliyimizi nümayiş etdirir. Həmçinin biz İtaliyaya münaqişənin həlli ilə bağlı birmənalı və ədalətli yanaşmaya görə minnətdarıq. Biz bilirik ki, bu mövqeyi aydın ifadə etmək o qədər də asan məsələ deyil, xüsusilə də Avropa İttifaqı ailəsində Ermənistanın güclü tərəfdarları var. Onlar hər zaman münaqişə qurbanı ilə işğalçı qüvvələri eyni tərəziyə qoymağa çalışıblar. Yəni, mövqeyiniz bu əməkdaşlığın vacib əlaməti olub”.

Yazılarda, həmçinin Prezident İlham Əliyevin fikirlərinə istinadla Azərbaycan-İtaliya əməkdaşlığının müharibə zamanı və müharibədən sonrakı dövrdə sınaqdan keçdiyi vurğulanır. “Bizim siyasi əlaqələrimiz əladır. Biz güclü əməkdaşlığı davam etdiririk. Bu əməkdaşlıq müharibə zamanı və müharibədən sonrakı dövrdə sınaqdan keçib və İtaliya nümayəndə heyətinin azad olunmuş ərazilərə səfəri tərəfimizdən dəstəyin növbəti əlaməti hesab edilmişdir. Yenidənqurma ilə bağlı planlaşdırmanın ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etdik. Bizim əvvəlki illərdə təmaslarımız olub, çünki italyan şirkətləri ölkəmizdə böyük layihələr icra ediblər ki, bura neft-kimya, neft emalı, tikinti və memarlıq layihələri daxildir. Biz italyan şirkətlərinin iştirakını genişləndirmək arzusundayıq. Mən bildirmişdim ki, müharibədən sonra biz dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bu, təbii haldır, çünki müharibə bizim üçün kimin-kim olduğunun aydın göstəricisi idi. Burada müharibə hər şeyi aydın göstərdi”, - deyə dövlətimizin başçısının sözlərinə yer verilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər