8 May 2021 19:52
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin noyabrın 6-da “BBC News”a verdiyi müsahibə qlobal informasiya məkanında dərhal geniş rezonanas doğurmuşdu. İndi isə 3 milyon baxışı keçərək trendə çevrilib. Bu özlüyündə bir neçə kontekstdə qiymətləndirilməli olan mühüm hadisədir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, əvvəla qeyd etmək lazımdır ki, indiyədək ölkəmizlə bağlı heç bir xəbər, yaxud məlumat “Twitter”də bu qədər izlənilməmişdi:

“Bu yalnız məsələnin bir tərəfidir. Müzakirələrə səbəb olan və təqdir edilən əsas yanaşmalardan biri isə Azərbaycan Prezidentinin ona qarşı yönəldilən “yumşaq güc” silahını geri çevirərək effektiv şəkilədə qarşı tərəfin özünə tətbiq etmə bacarığıdır. Ancaq bu özü də təkcə bacarıq deyil, əslində həm də çoxlarının düşündüyü, lakin dilə gətirə bilmədiyi ədalətin yüksək səslə ifadə edilməsi idi. Çünki qlobal güc mərkəzlərinin çoxsaylı silah arsenalında olan ən səmərəli silahlardan biri informasiya silahıdır. “BBC News” da uzun illərdir təmsil etdiyi güc mərkəzlərinin maraqlarına mükəmməl şəkildə xidmət edib və qarşısına çıxanı özünəməxsus hücum silahı ilə sıradan çıxarmağı bacarıb. Ancaq bu dəfə tamamilə fərqli situasiya ilə qarşılaşdı və tərkisilah edildi. Müxbirin ənənəvi uydurma ittihamları, söz və mətbuat azadlığını, siyasi azadlıqları manipulyasiya etməsi cəsarətlə dəf edildi və dəmir məntiqlə susduruldu. Prezident İlham Əliyev bildirdi ki, sizin xoşunuza yalnız ittiham, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assancı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız”.

Hikmət Babaoğlu qeyd edib ki, bu cavabda uzun illərdir Qərbin informasiya müharibəsinə, universal dəyərləri istismar edərək qarşı tərəfi əzən siyasətinə qarşı çoxlarının demək istədiyi, lakin cəsarət edə bilmədiyi ağıl, intellekt və cəsarət var idi:

“Ona görə də təqdirlə qarşılandı. Beləliklə, Prezident İlham Əliyev sivilizasiyaların qarşıdurması siyasətinə və islamafobiyaya xidmət edən zehniyyəti, ermənilərin vəkili kimi çıxış edən, erməni faşizimini və işğalçılıq siyasətini demokratiya, insan hüquqları və azadlıqları ilə pərdələməyə çalışan zehniyyəti ifşa etdi. Bu, ədalətin və cəsarətin təntənəsi idi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər