12 May 2021 13:50
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı bir daha Ermənistana xəbərdarlıq etdi. Dövlət başçısı revanşistlərin Şuşa və digər ərazilərin qaytarılmasına dair absurd iddialarına sərt cavab verdi. Bu bir daha təsdiqlədi ki, qarşı tərəf belə bəyanatlardan praktiki əmələ keçsə, dərhal məhv ediləcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, cənab Prezidentin də vurğuladığı kimi heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar:

“Ermənistan uzun illər “müzəffər və güclü” ordusu ilə öyünürdü. Lakin 44 günlük müharibə bu mifi darmadağın etdi. Mövcud reallıqlara qarşılıq revanşist meyillərlə çıxış etmək Ermənistan üçün özünəqəsddir. Bu səbəbdən Ali Baş Komandan İlham Əliyev bir daha qeyd etdi ki, biz hələ bu bəyanatları izləyirik. Amma təbii ki, bu təmkin sonsuza qədər davam etməyəcək. Dövlət başçının bəyan etdiyi kimi odla oynamasınlar. Dəmir yumruq yerindədir.“

Millət vəkilinə görə, Ermənistan bu xəbərdarlıqdan dərs çıxarmalıdır:

“Müzəffər Ali Baş Komandanın Ermənistanın himayədarlarına da xəbərdarlığı açıq və hədəfli idi. Bu gün münaqişə həll olunub. Lakin əksər dövlətlər bölgədə dayanıqlı sülh və sabitliyin təmin olunmasında maraqlı görünmür. Belə olmasaydı, mövcud olmayan qurumu tanımaq, status və ya muxtariyyət mövzusunu gündəmə gətirərək Ermənistanı revanşizmə həvəsləndirməzdilər. 10 noyabr bəyanatının statusunu təhrif etmək arzusunda olanlar da anlamalıdır ki, bu, təkcə atəşkəs haqqında sənəd deyil. Burada atəşkəslə yanaşı, kommunikasiyaların açılması da nəzərdə tutulub. Bu da münaqişənin həll olunduğunu bir daha təsdiqləyir”.

Könül Nurullayeva hesab edir ki, bu gün Azərbaycan post-münaqişə dövrünün real əməkdaşlıq imkanlarını həyata keçirməyə hazırlaşır:

“Dövlət başçısının Ordubad dəmir yolu stansiyası ilə tanışlığı bunu bir daha təsdiqlədi. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizi ilə bağlı ilkin işlər görülür və bu dəhliz mütləq açılacaq. Ermənistan istəsə də, istəməsə də yeni əməkdaşlıq imkanlarından yararlanmaq barədə düşünməlidir”.


Müəllif: Tapdıq Qurbanlı