Azərbaycan sovet dövrü tarixindən az-çox xəbərdar olanlar Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP MK) baş katibi Leonid Brejnevin Azərbaycana necə yaxşı münasibət bəslədiyi haqda da məlumatlıdırlar.
Teleqraf.com bildirir ki, Rusiyanın nüfuzlu “Levada-Sentr” qeyri-dövlət araşdırma mərkəzinin 2013-cü ildə keçirdiyi ictimai rəy sorğusunun nəticəsinə əsasən SSRİ-nin ən yaxşı dövlət başçısı kimi tanınan L.Brejnev ölkəyə rəhbərlik etdiyi illərdə (1966-1982) Azərbaycana azı 3 dəfə səfər edib. Bu səfərlər 1970-ci ilin sentyabrın 30-da, 1978-ci ilin 18-25 sentyabrında və 1982-ci ilin yenə sentyabr ayında baş tutub.
Brejnev yeganə sovet lideridir ki…
Qeyd etmək lazımdır ki, ölkə rəhbərinin müttəfiq respublikaya səfər etməsi o dövrdə tez-tez baş tutan hal deyildi. Məsələn, ölkənin ilk rəhbəri, arıq və xəstə Vladimir Leninin Azərbaycana səfər etməsinə dair hər hansı məlumat yoxdur. Lenini bu postda əvəz edən İosif Stalin isə 1943-cü ildə qatarla Tehran konfransına gedərkən yolüstü Bakıda dayanıb. Bu baxımdan sovet dövləti rəhbərləri arasında Bakıya ilk səfər edən Nikita Xruşşov olub. O, 1960-cı ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40-cı ildönümü münasibətilə “Odlar yurdu”na təşrif buyurub. Ancaq həmin il Xruşşov təkcə Azərbaycana deyil, Ermənistana da səfər edib.
Bu səfərlər müttəfiq respublikada əsl hadisəyə çevrilirdi. Baş katib adətən hansısa hadisə münasibətilə müttəfiq respublikaya gedirdi. Beləliklə, L.Brejnevin 1978-ci il səfəri Bakını Sovet İttifaqının ən yüksək dövlət təltifi – “Lenin” ordeni ilə təltif etməklə, 1982-ci il səfəri də yenə “Lenin” ordeninin təltif edilməsinin təqdimatı ilə əlamətdar olub.
Qeyd etmək yerinə düşər ki, L.Brejnevi ikinci səfərində Sov.İKP MK Siyasi Büro üzvlüyünə namizəd, Sov.İKP MK-nın katibi, ölkənin gələcək rəhbəri Konstantin Çernenko müşayiət edib.
Bu səfərlər L.Brejnevin Azərbaycanın ünvanına xoş sözlər, təriflər deməsi ilə yadda qalıb. Onun “Azərbaycan iri addımlarla irəliləyir” sözləri yaşlı nəslin yaddaşında silinməz izlər buraxıb.
Karen Dəmirçiyanın qısqanclığı
Brejnevin səfərləri Azərbaycana münasibətdə sovet dövründə də düşmənçiliyə bərabər siyasət yürüdən Ermənistan SSR-də qısqanclıqla qarşılanırdı. Məsələn, 1974-88-ci illərdə Ermənistana başçılıq edən Karen Dəmirçiyan 1978-ci ildə Brejnevi Ermənistan Rusiyanın birləşməsinin 150 illiyinə (?) dəvət edib. Brejnev cavab verib ki, vaxtı yoxdur. Halbuki, həmin ilin sentyabrında Brejnev artıq qeyd etdiyimiz kimi Azərbaycanı “Lenin” ordeni ilə təltif etmək üçün Bakıya gəlmişdi. Leonid İliç Dəmirçiyanın Ermənistan SSR-ə səfər təklifindən bir daha imtina etdikdə, Karen dözə bilməyib və onun üzünə deyib: “Bakıya mükafatı vermək üçün vaxtınız var, amma erməni və rus xalqlarının əsrlik dostluğunu qeyd etmək üçün vaxtınız yoxdur? Brejnev bu zaman əsəbiləşərək ayağa qalxıb və deyib: “Sən mənimlə bu cür necə danışırsan?! Mən səni partiyadan çıxaracağam”. Bundan sonra Brejnev və Dəmirçiyan arasındakı münasibətlər daha da pisləşib.
Heydər Əliyev Brejnevi necə azərbaycanpərəst etdi
L.Brejnevin Azərbaycana bu müsbət münasibətinin səbəbləri barədə araşdırma apararkən köklərin yenə də xalqımızın böyük oğlu, həyatını bütünlüklə öz xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyevə gedib çıxdığını görmək olar. Məhz Heydər Əliyev uzaqgörən siyasət yürüdərək ölkə rəhbəri ilə yaxşı münasibətlər qura bilmiş, bu münasibətlərdən Azərbaycanın xeyrinə məharətlə istifadə etmişdi. Məsələn, Heydər Əliyev 10 noyabr 1999-cu ildə Prezident Sarayında Azərbaycan yazıçılarının bir qrupu ilə görüş zamanı xatırlayırdı:
“1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunurdu. Konstitusiya komissiyası təyin olunmuşdu, onun sədri Brejnev idi, biz komissiyanın üzvləri idik. Mən Azərbaycan nümayəndəsi idim. Vaxtaşırı komissiyanın müzakirələri keçirdi. Bunları da o vaxt Mərkəzi Komitənin katibi vardı - akademik Ponomaryov (1961-1986-cı illərdə Sov.İKP MK-nın katibi olan akademik Boris Ponomaryov nəzərdə tutulur-S.Həmid) o aparırdı. Brejnev o qədər iştirak eləmirdi. Bir dəfə mən Moskvaya, komissiyanın iclasına gəldim. Gördüm, xeyli ərizə gəlib ki, “Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistana vermək lazımdır”.
Gördüm ki, Ponomaryov deyir bunu komissiyanın müzakirəsinə qoymaq lazımdır - ermənilər ona da təsir göstərirdilər. Elə bu faktın özü ki, komissiyanın müzakirəsinə buraxılsın, başa düşürsünüzmü, bu nə deməkdir? Hələ komissiyanın iclasından bir gün qabaq mən buna nə qədər etiraz elədim, gördüm yox... Yenə də getdim rəhmətlik Brejnevin yanına. Ona dedim ki, bu nədir, belə şey ola bilməz! O, telefonu götürüb Ponomaryova zəng elədi ki, çıxar onu”.
Məgər Heydər Əliyevin Brejnevlə şəxsi münasibətləri yaxşı olmasaydı, Brejnev Ponomaryova belə bir göstəriş verərdimi? Yaxud digər bir nümunə çəkək. Ulu Öndər həmin görüşlə bağlı daha sonra xatırlayırdı:
“Mənim xatirimdədir, - hələ burada başçı deyildim, Dövlət Təhlükəsizliyi Komitəsində idim, Vəli Axundov burada başçılıq edirdi, - bu məsələni iki dəfə qaldırmışdılar. Mən bu işlərdə iştirak edirdim, biz bunun qarşısını böyük çətinliklə aldıq. Çünki ildə bir dəfə, yaxud da, nə bilim, iki dəfə Ermənistanın 100-150 ən görkəmli adamları dünyada, Moskvada yaşayan adamları yazırdılar ki, “Dağlıq Qarabağı Ermənistana vermək lazımdır”.
Yadımdadır, 1966-cı, ya 67-ci ildə idi, Moskvadan bir qərar gəldi. O vaxt Axundov məni çağırdı. Sov. İKP MK-nın qərarı idi, yazmışdılar ki, “Azərbaycan KP MK-ya - Axundova, Ermənistan KP MK-ya - Koçinyana tapşırılsın ki, bu məsələni müzakirə edib məruzə etsinlər". Bu, nə deməkdir? Deməli, Azərbaycanın məsələsini həll etməyi Ermənistana tapşırırlar. Elə bununla da onu həll edirdilər, - yəni “siz gedin, onlarla bu məsələni həll edin”. O deyəcək ki, mənim olmalıdır, biz də deyəcəyik ki, yox.
Oturduq, məsləhətləşdik. Mən ona dedim ki, bilirsiniz, siz Moskvaya getməli və Brejnevlə görüşməlisiniz. Getdi və Brejnevi başa saldı. Brejnev anladı və özü o qərarı ləğv elədi. Bu, 67-ci ildə olan hadisədir”.
Xalq Cəbhəsi-Müsavat iqtidarının naşılığı və nadanlığı
Ancaq Heydər Əliyev respublikadan getdikdən sonra əksər sahələrdə olduğu kimi Moskva ilə münasibətlərdə də ciddi səhvlərə yol verildi. Xüsusilə Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövründə yürüdülən naşı, nadan xarici siyasət kursu Rusiyanın Azərbaycandan daha da uzaqlaşmasına səbəb oldu. Ölkəyə rəhbərlik edən Əbülfəz Elçibəy açıq-aşkar anti-Rusiya mövqeyi tutmuşdu. O, Rusiya rəhbərliyini ələ salmaqdan, onlara sataşmaqdan çəkinmir, Rusiyanın bütün dövlət xadimləri arasında demokratiyaya ən böyük xidmətlərin Mixail Qorbaçova deyil, Tatarıstan Prezidenti Mintimer Şaymiyevə məxsus olduğunu bildirirdi. Elçibəy Tatarıstan tərəfindən yeni konstitusiyanın qəbulu ilə əlaqədar olaraq Şaymiyevə göndərdiyi təbrik teleqramında “müstəmləkə zülmündən”, “qəhrəman tatar xalqı”ndan bəhs edir, həmçinin, “XX əsrin sonunun türk dünyasının oyanışı və dirçəlişi ilə əlamətdar olduğunu” bildirirdi. Elçibəy 12 sentyabr 1992-ci ildə Moskvaya səfər edir və bu zaman “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik Müqaviləsi” imzalanır. Bununla belə, o, hətta danışıqları da tərcüməçi vasitəsilə aparır.
Bütün bu nadanlıqların, naşılıqların və səriştəsizliklərin bədəlini Azərbaycan xalqı və dövləti ödəməli oldu. Bu siyasət Rusiyanın aşkar şəkildə anti-Azərbaycan mövqe tutmasına gətirib çıxardı. Rusiya Dağlıq Qarabağda erməni separatçılarına dəstəyini gücləndirdi. Halbuki rus xalqının və dövlət xadimlərinin arasında Azərbaycanı dəstəkləyən, münaqişənin həlli prosesində beynəlxalq hüquq prinsiplərindən çıxış edənlər az deyildi. Uzağa getmək lazım deyil. Gəlin, 1991-ci ildə Boris Yeltsin və Nursultan Nazarbayevin vasitəçilik missiyasını nəzərdən keçirək. Həmin ilin sentyabrında gerçəkləşdirilən bu missiyanın nəticəsi olaraq imzalanan Jeleznovodsk sazişi tam olaraq Azərbaycanın maraqlarına cavab verirdi. Yaxud 1988-1991-ci illərdə Azərbaycan KP MK-nın ikinci katibi, mövqeyi Qarabağın nəyin bahasına olur olsun, Azərbaycanın tərkibində qalmasından ibarət olan, erməni terroruna qurban gedən Viktor Polyaniçkonu götürək. “Halqa” (yaxud “Çaykənd”) əməliyyatı o qədər güclü olmuşdu ki, Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi Henrix Poqosyan Azərbaycanın tərkibində qalmaq şərti ilə 1991-ci ilin yayında Bakıya nümayəndə heyəti göndərməyə hazır olduqlarını açıqlayırdı.
Xalq Cəbhəsi-Müsavat iqtidarı isə nəinki Rusiya ilə Azərbaycan xalqları arasında mövcud olan çoxəsrlik dosluq əlaqələrini heçə sayır, İranla, Mərkəzi Asiya ölkələri və Çin Xalq Respublikası ilə respublikanın münasibətlərini korlamaq istiqamətində var gücü ilə çalışırdı. Bu vəziyyət çox davam edə bilməzdi və etmədi.
1993-cü ildə müflisləşmiş Elçibəy iqtidarının israrla Naxçıvandan Bakıya çağırdığı Heydər Əliyev hakimiyyətdə olduğu ilk illərdə sələflərinin səhvlərini düzəltməklə məşğul olur.
Həmin ilin sentyabrın əvvəlində Heydər Əliyev Moskvaya səfər edir və burada Prezident Boris Yeltsin, Baş nazir Viktor Çernomırdin, Ali Sovetin sədri Ruslan Xasbulatov, xarici işlər naziri Andrey Kozırev və müdafiə naziri Pavel Qraçovla görüşür. Heydər Əliyev səfərini “respublikanın keçmiş rəhbərliyinin Rusiya ilə münasibətlərdə yol verdiyi səhvləri düzəltmək” kimi xarakterizə edir. Heydər Əliyev səfər zamanı Azərbaycanın MDB-yə daxil olmasının tərəfdarı olduğunu bildirir. Artıq sentyabrın 20-də Milli Məclis respublikanın MDB-yə qoşulması barədə qərar qəbul edir.
Prezident Putinin məktubu – kodların izahı
O vaxtdan etibarən Rusiya-Azərbaycan münasibətləri ara-sıra qeydə alınan sərinləşmələri nəzərə almasaq yüksələn xətt üzrə inkişaf edir. Rusiya-Azərbaycan münasibətləri prezidentlər İlham Əliyev və Vladimir Putinin dövründə ən yüksək inkişaf nöqtəsinə gəlib çatıb.
“Yəni, bu və digər hadisələr 2019-cu ildə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını şərtləndirdi. Bu işlərin iştirakçısı və bir çox məsələlərin təşəbbüskarı kimi mən tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir”, - bunu 20 dekabr 2019-cu ildə Prezident İlham Əliyev Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə deyirdi.
Mayın 26-da Rusiya Prezidenti Vladimir Putinin 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunun mətni də bu baxımdan diqqəti cəlb edir.
Vladimir Putin Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olduğunu bildirir, cənab İlham Əliyevə müraciətlə qeyd edir ki, sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır.
Azərbaycan COVID-19 pandemiyasının dövründə bir çox ölkələrə maliyyə yardımları göstərib, az inkişaf etmiş ölkələrin vaksinlərə çıxış əldə etməsinə dair təşəbbüslər irəli sürüb, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının viruslıa mübarizəyə həsr olunmuş xüsusi sesiyası keçirilib. Azərbaycan 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, 2019-cu ildən Rusiyanın üzvü olmamasına baxmayaraq işində fəal iştirak etdiyi Qoşulmama Hərəkatına sədrlik edir. V.Putinin məktubunda qeyd olunan fikirlərdə məhz bu məqamlara istinad edilir.
“Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığı və səmərəli əməkdaşlığı hərtərəfli möhkəmləndirəcəyik”, - məktubda deyilir. Burada da Rusiyanın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğuna vurğu edilir.
Prezident İlham Əliyevin 27 sentyabr 2018-ci ildə Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində etdiyi çıxışında bildirdiyi kimi bizim münasibətlərimizin təməlində tarixi, mədəni əlaqələrimiz, xalqlarımızın yaxınlığı durur. “Əlbəttə, biz birlikdə humanitar əlaqələrin inkişafı üzərində çox fəal işləyirik. Gələn ay Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Humanitar Forum keçiriləcək. Bu, beynəlxalq Forum artıq humanitar xarakterli məsələlərin, mədəniyyətlərarası dialoqun, konfessiyalararası münasibətlərin müzakirəsi üçün mühüm qlobal meydana çevrilib. Azərbaycanda tədrisin rus dilində aparıldığı 341 məktəb, Rusiyanın aparıcı ali təhsil ocaqları olan Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir. Turizm sahəsində də biz Rusiya vətəndaşları tərəfindən Azərbaycanı ziyarətin çox əhəmiyyətli dərəcədə artdığını görürük. Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib. Əminəm ki, bu rəqəm də gələcəkdə artacaq”, – deyə Prezident İlham Əliyev qeyd etmişdi.
Vladimir Putinin məktubunda heç bir söz havadan götürülməyib və çox ciddi əsasları var. Əgər məktuba hansısa söz daxil edilibsə, demək onun çox ciddi fundamental əsasları mövcuddur. Məktubda məhz bu müsbət məqamlar xatırladılır. Eyni zamanda V.Putinin məktubunda əksini tapan fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində əldə olunan nəticələrin etirafıdır.