19 İyun 2021 09:05
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Digər türk dövlətləri də, Türkiyə ilə belə bir ittifaqın qurulması haqda düşünməyə başlayacaqlar. Hesab etmək olar ki, bu, gələcəkdə türk dövlətlərinin bir çətir altında birləşməsinə yönəlik atılmış ilk addımdır. Qarabağ müharibəsində gördük ki, həmin türk respublikaları hazırkı situasiyada Azərbaycan və Türkiyə qədər bir-birinə və bizə yaxın ola bilmirlər. Heç Qarabağda baş verənlərə dərin reaksiya verə bilmədilər. Şuşa bəyannaməsi isə onları da düşünməyə vadar edəcək.

Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik bəyannaməsinin bizim üçün nə kimi üstünlükləri olacaq?

- Bu bəyannamə Azərbaycan üçün böyük üstünlüklər qazandıracaq. İlk növbədə, bundan sonrakı dönəmdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı üçüncü dövlətin müdaxiləsi halı olmayacaq. Bu sənədin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi alyansının qurulması rəsmiləşdi. Türkiyənin NATO üzvü olan dövlətlərlə də belə hərbi ittifaqları var. Bu, Azərbaycan və Türkiyə ordularının bir kontingentdə birləşməsi və bir addımlaması deməkdir. Ən əsası mühüm məqamlarda hər iki ölkənin Silahlı Qüvvələrinin hərəkəti koordinasiya ediləcək. Hər iki ölkənin ordusunda baş verəcək dəyişiklik mütləq şəkildə digərinə də təsir edəcək. Bu bəyannamə Azərbaycan üçün böyük bir şansdır. Şuşa bəyyanaməsindən danışanda burada Qars müqaviləsinə istinad edilir. Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinin qarantı Türkiyədir. Şuşa bəyannaməsi ilə isə Türkiyə Qarabağ və Azərbaycanın digər bölgələrinin təhlükəsizliyinin qarantına çevrilir.

Hesab edirəm ki, bu bəyannamə Azərbaycanın daha geniş areala – Avropadan Çinə qədər böyük bir coğrafiyaya çıxışına təkan verəcək. Yəni Azərbaycanla digər ölkələr arasında inteqrasiyanı gücləndirəcək. Artıq Azərbaycan dünyanın geosiyasətində Türkiyə ilə birlikdə hərəkət edə bilər. Bəyannamənin hərbi üstünlüyünə gəldikdə, bu, Türkiyə dronlarının belə Azərbaycanda birgə istehsalını ehtiva edir. Bunların hər biri Azərbaycan və Türkiyə üçün vacib olan məsələlərdir. Ən əsası, bu anlaşma Azərbaycana qarşı mövqe tutan dövlətlərin əl-qolunu bağlayacaq, ölkəmizin bu yöndəki mövqeyini bir qədər də gücləndirəcək. Məsələn, Rusiya artıq bu bəyannamədən öz mesajını aldı. Hesab etmək olar ki, təkcə keçmiş ittifaq respublikları və Azərbaycanın hesabına SSRİ-ni yenidən canlandırmaq istəyən Rusiyanın, eləcə də İranın suverenliyimizə yönəlmiş planları bununla suya düşdü.

- Digər türk respublikaları da belə bir addım ata bilərlərmi?

- Qənaətimə görə, digər türk dövlətləri də, Türkiyə ilə belə bir ittifaqın qurulması haqda düşünməyə başlayacaqlar. Həmin ölkələr Rusiyadan uzaqlaşmaq üçün belə bir addım ata bilərlər. Hesab etmək olar ki, bu, gələcəkdə türk dövlətlərinin bir çətir altında birləşməsinə yönəlik atılmış ilk addımdır. Qarabağ müharibəsində gördük ki, həmin türk respublikaları hazırkı situasiyada Azərbaycan və Türkiyə qədər bir-birinə və bizə yaxın ola bilmirlər. Heç Qarabağda baş verənlərə dərin reaksiya verə bilmədilər. Şuşa bəyannaməsi isə onları da düşünməyə vadar edəcək. Söhbət NATO üzvü olan və bu alyansa ikinci ən güclü orduya sahib olan Türkiyə kimi dövlətin dəstəyini qazanmaqdan gedir. Türkiyə Avropada lider dövlətə çevrilən, "Böyük Yeddilik"ə yaxın olan ölkədir. Azərbaycanın da belə bir dövlətlə hərbi alyans qurması ciddi gəlişmədir. Bu, Azərbaycanın gələcəyi üçün vacibdir. Hesab edirəm ki, Azərbaycanı örnək alan digər türk respublikaları da gec-tez bu addımı atacaqlar.

Dediyim kimi artıq Rusiya, İran və Avropanın bir sıra dövlətləri Azərbaycanı təhdid edəndə, hədələyəndə qarşılarında həm də Türkiyənin dayanacağını bilirlər. Artıq bundan sonra Rusiya, Fransa və ABŞ-ın yenidən diriltmək istədikləri Minsk qrupu məsələsini gündəmdən düşmüş saya bilərik. Bir sözlə, bəyannamənin Azərbaycana üstünlük qazandıran bir çox tərəfləri var. Bu anlaşma artıq Xankəndi və Zəngəzur dəhlizi məsələlərini də gündəmə gətirib. Yəni Ermənistan da bundan sonra Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarından imtina etməlidir. Ermənistan rəhbərliyi də anlayır ki, Türkiyənin buradakı varlığı ona baha başa gələ bilər. Levon Ter-Petrosyan da Şuşa bəyannaməsinin imzalanmasından sonra açıq şəkildə bildirdi ki, Qarabağ Azərbaycan ərazisi kimi tanınır, artıq Ermənistan da bu reallıqla barışmalıdır. Petrosyan onu da dedi ki, Ermənistan Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son qoyub öz inkişafı haqda düşünməlidir, əks təqdirdə, bu, onlara yaxşı heç nə verməyəcək.

Hesab edirəm ki, bu bəyannamə Türkiyə və Azərbaycanın bir sıra beynəlxalq platformalarda iştirakını da təmin edəcək. Bunlar hərbi, iqtisadi və digər platformalar da ola bilər.

- Belə bir anlaşma Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına zəmin yarada bilərmi?

- Dediyim kimi, Rusiya bu bəyannamədən öz mesajını aldı. Artıq masada Azərbaycan, Rusiya və Ermənistan yox, Türkiyə də olacaq. Rusiya bu reallığı qəbul etmək məcburiyyətindədir. Rusiya indiyədək Türkiyəni bölgədən uzaq tutmağa çalışırdı. Türkiyə də bir müddət kənarda qaldı, o zaman elə başa düşdülər ki, Ankara birdəfəlik qıraqda qalacaq. Bunun nəticəsində Rusiyanın bölgədə əsas güc olduğu qənaəti yaranmışdı. Amma Azərbaycanla imzalanmış bəyannamə göstərdi ki, artıq proseslər tam fərqli istiqamətdə gedir. Bununla Türkiyə və Azərbaycan orduları birləşdi. Bundan sonrakı mərhələlərdə Azərbaycan və Türkiyə birgə hərəkət edəcəklər.

Sülhməramlılara gəldikdə, onların taleyi bölgədəki durumdan asılıdır. Ermənilər müharibədən sonra Qarabağda yaşamaq istəmirlər. Bölgədə yaşayan ermənilər xarici ölkələrə üz tutmağa başlayıb. Bölgədəki ermənilərin sayı azaldıqca, sülhməramlıların da fəaliyyyətinə ehtiyac qalmayacaq. Bölgədə erməni olmayacaqsa, sülhməramlılar kimi kimdən qoruyacaqlar? İndiki situasiyada isə rusiyalı sülhməramlılarla yanaşı, türk hərbi qüvvələrinin də sahədə olması vacibdir. Artıq müttəfiqlik bəyannaməsi türk hərbçilərinin Qarabağda patrul xidmətinə cəlb edilməsi məsələsini gündəmə gətirib. Ən azı Türkiyə qüvvələri də ruslarla eyni sayda sahədə olmalıdır. Əgər Qarabağda rusların postları varsa, türklərin də belə post və məntəqələrinin olması vacibdir. Bu məsələnin də gündəmə gələcəyini istisna etmirəm. Digər yandan, hesab edirəm ki, Rusiya sülhməramlıları Qarabağdan beş ildən tez çıxa bilərlər. Hadisələrin gedişatı da bu ehtimalı gücləndirir.

Türkiyənin də hədəfi budur ki, yaxın gələcəkdə Qarabağda sülhməramlılara ehtiyac olmasın. Türkiyə Prezidenti Ərdoğan da bu məsələyə diqqət çəkdi. O bildirdi ki, bölgədə gələcəkdə sülhməramlılara ehtiyacın qalmadığı addımlar atılmalıdır.

- Hərbi bazanın açılması məsələsi də gündəmdədir. Sizcə, bu anlaşmadan sonra bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Artıq bu məsələ gündəmdədir. Əgər Rusiyanın Ermənistanda hərbi bazası varsa, Türkiyə də bu addımı Azərbaycanda ata bilər. Buna kimsənin etiraz etmək ixtiyarı yoxdur. Əgər hərbi müttəfiqlik haqda sənəd imzalanıbsa və Türkiyənin Azərbaycanda hərbi qüvvəsi varsa, o zaman niyə də hərbi bazanın qurulması da rəsmiləşdirilməsin? Qənaətimə görə, hadisələr bu yöndə inkişaf edir. Hesab edirəm ki, son gedişatlarla artıq bunun təməli qoyulub. Türk əsgərinin Azərbaycandakı varlığı bu prosesinin başlanğıcıdır. Türkiyənin Azərbaycanda hərbi baza qurması bölgə üçün müdafiə qalxanı demək olacaq. Bu yöndə işlərin intensivləşəcəyini düşünürəm. Bunu Azərbaycan ictimaiyyəti də müsbət qarşılayır.

- Anlaşmada Zəngəzur dəhlizinin açılması məsələsi də yer alıb. Bundan sonra bu layihənin reallaşması intensivləşə bilərmi?

- Artıq Zəngəzur dəhlizinin açılması prosesi başlayıb, bu yöndə atılan addımlar davam etdirilir. Sadəcə gecikmələr var, bu da Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Hələlik Ermənistan buna mane olur, Rusiya da seçkilərə görə buna təpki vermir. Digər yandan, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, üçtərəfli anlaşmalar yerinə yetiriləcək. Həmin şəxsin Paşinyan və ya Köçəryan olmasının heç bir fərqi yoxdur. Rusiya Ermənistan hökumətinin yeni başçısından bu anlaşmaları yerinə yetirməyi tələb edəcək, çünki bu sənədlərə qarant olan tərəf odur və orada Putinin imzası var. Yəni Ermənistanın başqa çıxış yolu yoxdur.

Bir sözlə, Zəngəzur dəhlizi açılacaq. Bu dəhlizin təhlükəsizliyi ilə təkcə Rusiya yox, Türkiyə də məşğul olacaq. Türk əsgəri də orada olacaq. Bu da bizim üçün böyük nailiyyətdir. Azərbaycanla yanaşı, Türkiyə də Zəngəzur dəhlizinin tez açılmasında maraqlıdır. Çünki bu dəhlizlə daha geniş coğrafiyalara açılan Türkiyə bundan böyük iqtisadi qazanclar götürəcək. Türkiyə bu məsələnin tez həll olunması üçün əlindən gələni edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər