Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət quruculuğu strategiyası uğurla reallaşıb. Güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaradıb. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrılır. Ölkəmizin müdafiə sənayesi yaradılıb və ordu ən müasir silahlarla təchiz edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri daha da genişləndirilir: “Məhz bütün bu yaradılan real imkanların nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil olub. Tarixi ənənələrə əsaslanan, qəhrəmanlıq və milli kimliyimizin əsas ifadəsi olan Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın ən güclü ordusu hesab edilir”.
Millət vəkili hesab edir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu dövlətimizin, milli təhlükəsizliyimizin ən böyük qarantı olub: “90-cı illərin əvvələrində yenicə öz müstəqilliyini qazanmış Azərbaycan öz milli ordusunu formalaşdırmaqda böyük çətinliklərlə qarşılaşmışdı. Bunun nəticəsində işğalçı Ermənistan bir-birinin ardınca Azərbaycan ərazilərini işğal edirdi. Məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ordu quruculuğu ilə bağlı konkret addmlar atıldı. Azərbaycan Silahlı Qüvvələri yenidən formalaşmağa başladı, düşmənə cəbhə xəttində ciddi müqavimət göstərildi. Tarixə Horadiz əməliyyatı kimi daxil olmuş əks həmlə əməliyyatında işğalçı Ermənistana sarsıdıcı zərbə vuruldu. Bundan sonra düşmən cəbhə xəttində atəşkəs razılaşması imzalamağa məcbur edildi”.
Cavid Osmanov bildirib ki, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu özünün ən yüksək inkişaf dövrünü yaşayır: “44 günlük Vətən müharibəsində qələbəni şərtləndirən əsas amillər iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə təmin edilən uğurların nəticəsi idi. Bütün bunları təmin və təşkil edən, resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Ali Baş Komandan İlham Əliyev kimi liderin olması Azərbaycanın Vətən müharibəsindəki qələbəsini şərtləndirdi. Vətən müharibəsi dövründə Azərbaycan hərbçisi öz rəşadəti ilə qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirdi. Azərbaycan Ordusu öz tarixi missiyasını uğurla reallaşdırdı, ölkəmizin ərazi bütövlüyü təmin edildi”.
Deputat əlavə edib ki, Silahlı Qüvvələr günü ərəfəsində Azərbaycan Ordusunun döyüşlərdə sücaət göstərmiş hərbi qulluqçularının Ali Baş Komandan tərəfindən təltif olunması, ölkəmizdə orduya, hərbiçilərə, əsgərə olan birmənalı münasibətin bariz nümunəsidir.