10 İyul 2021 13:11
1 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya sülhməramlılarının erməni separatçılarını tərksilah etmək kimi bir fikri yoxdur. Buna görə də Qarabağdakı erməni separatçıları özlərini yenə də sərbəst və rahat hiss edirlər. Nə qədər ki Qarabağda silahlı erməni separatçıları var, vəziyyət həmişə mürəkkəb olaraq qalacaq”.

Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş baş tutdu. Bu görüşdən sonra Qarabağla bağlı üçtərəfli anlaşmaların yerinə yetirilməsi istiqamətində hansı gəlişmələri görə bilərik?

- Bu anlaşmaların imzalanmasından 8-9 ay vaxt keçir, hələ də bunların əsas bəndləri yerinə yetirilməyib – Qarabağdakı separatçılar tərksilah olunmayıb. Eyni zamanda, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı atmalı olduğu addımları yubadır. Rusiya isə bu işlərdə Ermənistana heç bir təsir göstərmir.

Paşinyanın Putinlə görüşünə gəldikdə, bu, sadəcə onu Kreml sahibinin ayağına gətirmək xarakteri daşıyırdı. Parlament seçkilərindən sonra Paşinyan Moskvaya çağırıldı və bununla da göstərildi ki, Ermənistan hələ də Rusiyadan asılıdır. Rusiyadan da ciddi addımların atıldığını görmürük ki, bəyanatların yerinə yetirilməsi sürətləndirilsin, regional əməkdaşlıq mümkün olsun. Bizim də Ermənistandan ən böyük gözləntimiz budur ki, Türkiyə və Azərbaycan sərhədlərini tanısın və bizimlə sülh müqaviləsi imzalasın. Amma hələ ki, Ermənistandan bu istiqamətdə hərəkət yoxdur.

Yeganə irəliləyiş budur ki, bir qrup erməni terrorçusu minalanmış ərazilərin xəritələrinin alınması müqabilində təhvil verilib. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı da irəliləyiş yoxdur. Azərbaycan Ermənistana danışıqlara başlamağı təklif edir, amma o, yenə də Rusiyanın qucağına qaçır. Görüşdən sonra hansı gəlişmələrin olacağını da, yaxın aylarda müəyyənləşdirə bilərik.

- Bir neçə gün əvvəl Qarabağdakı erməni separatçı birləşmələri Ağdamdakı mövqelərimizi atəşə tutdu. Atəş həmin ərazilərdən açılır ki, ora Rusiya sülhməramlıları nəzarət edir. Bölgədə atəşkəsə nəzarətdən və bunun təmin olunmasından məsuliyyət daşıyan rus sülhməramlıları niyə belə təxribatlara göz yumur, biz buradan nəyi anlamalıyıq?

- Buradan onu anlamalıyıq ki, Rusiya sülhməramlılarının erməni separatçılarını tərksilah etmək kimi bir fikri yoxdur. Qarabağdakı erməni separatçıları özlərini yenə də sərbəst və rahat hiss edirlər. Nə qədər ki Qarabağda silahlı erməni separatçıları var, vəziyyət həmişə mürəkkəb olaraq qalacaq. Bir var atəşkəs sərhəddə pozulur, bunun qarşısını həmişə alırıq, bir də var, atəşkəs Azərbaycan sərhədləri daxilində pozulur, bu, həmin ərazilərdir ki, ora nəzarət bizdə deyil. Məsələnin yeganə həlli də erməni separatçılarının tərksilah edilməsindən keçir. Başqa yolumuz yoxdur. Nə qədər ki rusiyalı hərbçilər orada olacaq, atəşkəsin pozulması halları davam edəcək.

Ən pisi də budur ki, separatçılar bölgədə yenidənqurma və bərpa işləri aparan insanları da hədəfə ala bilərlər. Biz insanlarımızı ora köçürməyə hazırlaşırıq. Belə anlaşılır ki, separatçılar o insanlara da təhlükə yarada bilərlər. Biz bunları 1980-ci illərin ortalarında yaşamışıq, separatçılıq da belə başlamışdı. Ermənilər sovet bazalarından silah əldə edib Azərbaycan kəndlərinə hücuma keçərək, torpaqlarımızı işğal etdilər. Sanki tarix təkrarlanır. İndi bu səhvi yenidən təkrarlaya bilmərik. Buna görə də biz erməni separatçılarının tərksilah edilməsi planını qurub həyata keçirməliyik.

- Rusiya Müdafiə Nazirliyi isə bir neçə gün bunu təkzib etdi, daha sonra isə təsdiqlədi ki, ermənilər atəşkəs rejimini pozub. Bəs bir-birinə zidd bu açıqlamaların arxasında hansı mesaj var?

- Göz görə-görə yalan danışmağa çalışırlar. Halbuki biz görüntüləri göstəririk ki, traktora atəş açılıb, güllə izləri var. Bir vətəndaşımız – hərbçimiz yaralanıb. Sonra başa düşdülər ki, bu yalanın üstü açılacaq, buna görə də təsdiqlədilər və məsələnin araşdırılacağını dedilər. Bunu da monitorinq mərkəzi araşdırmalıdır. Araşdırıb, hansı nəticəyə gələcəklər? Araşdırma budur ki, o tərəfdən bizə atəş açılıb və bu məsələ həll olunmalıdır. Nə qədər ki orada silahlı separatçılar var, belə hallar yenə də təkrarlanacaq.

- Yenidən Rusiya tərəfindən Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi gündəmə gətirilib. Moskvanın bu istəyinə Bakının cavabı nə ola bilər, belə bir addım bizə nə verəcək?

- Bir neçə gün əvvəl Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlərin maraq göstərdiyini bildirib. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə konkret iki ölkənin adını çəkib - Azərbaycan və Pakistanın.

Azərbaycan rəsmilərinin məsələyə aydınlıq gətirməsinə ehtiyac var. Şəxsən mən Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmasının əleyhinəyəm. KTMT Rusiyanın yaratdığı amorf bir qurumdur. Bəli, KTMT Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarışmadı, qarışa da bilməzdi, çünki müharibə Azərbaycan ərazisində gedirdi, təşkilatın Ermənistanı müdafiə etməsi üçün heç bir əsası yox idi. Digər tərəfdən Rusiyanı və Ermənistanı çıxmaq şərtilə təşkilatın digər üzvləri birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verirlər. Rusiyadan son illər silah və hərbi texnika da almırıq ki, KTMT-nin üstünlüklərindən istifadə edək.

Rusiya ərazimizə atılan “İsgəndər – M” raketlərinin izahını da vermədi. Bütün bunlar varkən, təşkilata müşahidəçi statusuyla niyə qatılaq ki? Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi də Azərbaycanın KTMT-dən məsafə saxlamasını diktə edir. Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılması sadəcə, Rusiyaya lazımdır ki, bizi öz orbiti ətrafında saxlaya bilsin. Bizə bu lazımdırmı?


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər