14 İyul 2021 22:27
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vəziyyətin belə gərginləşməsi, erməni tərəfinin faktiki atəşkəsi pozmasının səbəblərini konkret demək çətindir. Aydındır ki, bütün bunlar məntiqsiz davranışdır. Çünki atəşkəs pozulsa Azərbaycan ordusunun əli sərbəst olur və bu zaman istədiyi əməliyyatı keçirmək imkanı yaranır. Yəni əməliyyatlarını davam etdirə bilər. Məntiqlə baxdıqda əslində Ermənistan ən çox bundan qorxmalıdır”.

Bunu Teleqraf.com-a Ermənistan ordusunun Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutması, eləcə də rus sülhməramlılarının məsuliyyət zonasına daxil olan ərazidən qanunsuz erməni silahlı dəstələrinin Şuşa istiqamətində Azərbaycan postarına atəş açılması haqda danışan hərbi ekspert Azad İsazadə deyib.

Azad İsazadə bildirib ki, erməni tərəfinin belə təxribatları əslində periodik olur: “Burada məncə bir məqama diqqət yetirmək lazımdır. Qeyri-rəsmi deyilir ki, sentyabrda böyük sülh sazişi bağlana bilər. Deməli, istisna etmək olmaz ki, indi həmin müqavilə üzərində hansısa işçi qrupu işləyir. Sadəcə bundan bizim xəbərimiz yoxdur. Bütün hallarda hansısa işlər aparılır. Və belə təxribatlar ilk növbədə gələcəkdə ola bilən sülh müqaviləsinə zərbədir”.

Hərbi ekspert qeyd edib ki, Naxçıvan istiqamətində Ermənistan və Azərbaycan ordusu arasında sülhməramlı yoxdur: “Qarabağda isə iki tərəf arasında sülhməramlılar dayanıb. Sülhməramlıların dayandığı yerdən Azərbaycan ordusu istiqamətinə atəş açılırsa, deməli sülhməramlılar boyunlarına götürdüyü funksiyanı həyata keçirməyi bacarmır.

Sözsüz ki, ermənilər də başlayacaq ki, təxribatı Azərbaycan tərəfi edib, bizdə yaralanan, ölən var. Həmişəki kimi bunu bizim boynumuza atmağa cəhdlər edəcəklər. Əslində isə çirkin oyunun növbəti raundu başlayır. Biz buna hazır olmalıyıq. Buna qarşı da ancaq və ancaq güc nümayiş etdirmək, öz mövqeyimizdə bərk dayanmaqdır. Ən vacibi isə bu kimi təxribatlar dayanmasa məntiqlə Azərbaycan ordusu anti-terror əməliyyatlarına başlaya bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər