29 İyul 2021 13:15
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın siyasi mənzərəsi dəyişdi, bu adamlar dəyişmədi. Qarabağın böyük bir hissəsi işğaldan azad oldu, yenə də düşüncələrində dəyişiklik baş vermədi. Tufanın da, zəlzələnin də xeyri yoxdur, məsələ ağılla bağlıdır, onu dəyişəcək ilahi qüvvə xaricində bir möcüzə yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili səsləndirdiyi fikirlərə görə xalq artisti Flora Kərimovanı tənqid edənlərə iradını bildirib:

“Flora xanım təqribən belə deyib ki, artıq Şuşanın azad olunmasından sonra müxalifətçiliyin dozasını bir az aşağı salmaq və Qarabağ məsələsində iqtidara dəstək vermək lazımdır. İqtidara dəstəyi kimə qarşı verirsən? Əlbəttə, erməniyə qarşı. İstəmirsiniz erməniyə qarşı iqtidar bundan sonra da uğur qazansın? Bir qrup axmaq var ki, öz dəyişməzliyini əqidə deyə tələffüz edir.

Demək ki, bu iqtidarın iradəsi ilə Azərbaycanın suverenliyi Xankəndində də bərpa olunsa, yenə də deyəcəklər ki, niyə Xankəndinə antidemokratik yolla girmisiniz? Adam tanıyıram, bağırırdı ki, kim Şuşanı qaytarsa gedib ayağından öpəcəyəm. İndi az qalır ayağını gözə soxsun ki, bəs Xankəndini ermənidə saxlamaq xəyanətdir.

İndiyədək böyük sənətçi Flora Kərimovanın cəsarətlə söylədiklərinin bir cümləsini qorxudan deyə bilməyənlər, başlayıb ondan cəsarət tələb edirlər. Sənət adamı doğru mövqe ifadə edib, işğal olunmuş ərziləri azad etmiş iqtidarı bu işi sona çatdırmaq üçün dəstəkləmək lazımdır. Biz bu gün cəmiyyətimizin bəlası olun korrupsiyanı da, ədalətsizliyi də, inhisarçılığı da, haqsız rəqabəti də öz imkanlarımızla ortadan qaldıra bilərdik, ancaq Şuşaya yenidən qayıdışı gerçəkləşdirmək bir möcüzə idi, tarixi şansı bir anı doğru seçərək dəyərləndirmək lazım gəlirdi və məhz o anda çevik davranışımızla bu möcüzəni gerçəkləşdirdik. Açılacaq, Zəngəzur da, Turan yolu da. Xankəndində də dalğalanacaq bayrağımız. Ağıllanacaqsınızmı? Bax, bu möcüzəyə inana bilmirəm”.

Fazil Mustafa Azərbaycanın mərhum lideri Əbülfəz Elçibəyin oğlunun toyu ətrafında gedən müzakirələrə də diqqət çəkib:

“Həm də bu ağılsızlıq yalnız Qarabağ məsələsi ilə əlaqəli deyil ki? Böyük millət fadaisi, liderimiz Elçibəyin oğlunun toyu ilə bağlı eyni xəstə düşüncəninin gündəmdə dolaşdığını görüb üzülürsən. Elçibəyin oğlu bir dövlət məmurudur, siyasətlə məşğul deyil və atasının silahdaşları ilə elə bir təması yox. Öz işlədiyi qurumun rəhbərliyini, iş yoldaşlarını, bir də qohum-dostlarını toyuna çağırır. Pandemiyada say məhdudiyyətini də nəzərə alıb. Başqa nə ertməlidir? Axmaq sürüsü bir gənci topa tutub ki, bəs cəbhəçiləri, partiya sədrlərini niyə toya çağırmamısan? Buna görə adamı birbaşa xəyanətdə ittiham edirlər. İnsan azadlığı, iradə azadlığı deyilən heç nə beyinlərinə girmir. Qardaş, Allah xoşbəxt etsin demək nə qədər çətindir? Əxlaqlı davranış bu olmazdımı?

Bir siyasətçimiz də ABŞ səfirinin erməniləri dəstəkləyən davarnışna görə iqtidarı günahlandırır ki, bütün bunlar məhz bu iqtidarın ABŞ-la münasibətləri düzgün qurmadığından qaynaqlanır. Yahu, nə düzgün qurmamaq, həmin ABŞ başını ATƏT-in Minsk qrupundan bayıra çıxarıb deyir ki, Qarabağdan çıxın və ermənilərin dövlət qurmasına imkan verin, indi deyirsən razılaşıb münasibəti düzgün quraq?

Dəyişməyən soydaşlarım, 2020-ci ilin Moskva vaxtı ilə 9 noyabr, Bakı vaxtı ilə 10 noyabr tarixindən yeni bir tarix başlayıb. Söz də, fikir də, müxalifətçilik də, orta məktəbdə tədris metodikası da, dövlətə münasibət də, qalib gəlmiş iqtidarla davranış qaydaları da, bir sözlə çox şeylər kökündən dəyişməlidir, yeniləşməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər