29 İyul 2021 19:26
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan baş nazirini arxayın salan müəyyən xarici qüvvələr var. Bu, ilk növbədə Fransadır. Makron və Paşinyan arasında razılaşma bundan ibarətdir ki, indiki prosesləri təcili şəkildə dondurmaq lazımdır. Bu səbəbdəndir ki, Paşinyan üçtərəfli anlaşmalarda əksini tapan sərhədlərin müəyyənləşdirilməsi, Qarabağdakı erməni qanunsuz silahlılarının çıxarılması və bölgədə kommunikasiyaların açılması kimi məsələlərin həllində cığallıq edir. Rusiyadan verilən açıqlamalar isə onu göstərir ki, Moskva və Bakı sərhəd məsələlərin həllində eyni fikirdədir”.

“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır. Baş verənlərin məntiqi izahı nədir, bu, məğlub Ermənistanın cığallığıdır, yoxsa ortada daha ciddi əsaslar var?

- Ordusu dağılmış Ermənistanın bu gün sərhəddə Azərbaycanla döyüşməyə cəhd etməsi bir sıra suallar doğurur. Əslində gedişatın məntiqi ardıcıllığında baxdıqda bu sualların cavablarını da görə bilərik. Paşinyan Azərbaycan və Rusiya liderlərinin Moskva görüşündən sonra yaxşı bilir ki, yaxın aylarda sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini həll etməlidir. Paşinyan bununla əlaqədar öz üzərinə öhdəliklər götürsə də, məsələnin həlli üçün işçi qrupu yaratmaq istəmir. Əslində bununla vaxt uzadır. Paşinyan bilir ki, oktyabr ayından etibarən xüsusən də Kəlbəcər istiqamətində bu işi görmək mümkün olmayacaq. Çünki havalar soyuyacaq, Kəlbəcər kimi sərt relyefi olan bir bölgədə yerdəyişmə aparmaq mümkün olmayacaq. Buna görə də vaxt aparmaqla məşğuldur, sərhədlərin tanınmasından qaçır. Bunun üçün də təxribatlara əl atır.

Təbii ki, Ermənistan baş nazirini arxayın salan müəyyən xarici qüvvələr var. Bu, ilk növbədə Fransadır. Makron və Paşinyan arasında razılaşma bundan ibarətdir ki, indiki prosesləri təcili şəkildə dondurmaq lazımdır. Bu səbəbdəndir ki, Paşinyan üçtərəfli anlaşmalarda əksini tapan sərhədlərin müəyyənləşdirilməsi, Qarabağdakı erməni qanunsuz silahlılarının çıxarılması və bölgədə kommunikasiyaların açılması kimi məsələlərin həllində cığallıq edir. Rusiyadan verilən açıqlamalar isə onu göstərir ki, Moskva və Bakı sərhəd məsələlərin həllində eyni fikirdədir. Prezident İlham Əliyevin Moskvadakı görüşdən sonra verdiyi açıqlama bu ehtimalı gücləndirdi ki, Putinlə arasında fikir ayrılığı yoxdur, vahid mövqe var.

- Bəs sərhədi qarışdıran qüvvələrin niyyətləri nədir?

- Fransa və Ermənistan sərhəddə gərginlik yaratmaqla diqqəti bölgəyə çəkmək və Azərbaycanı aqressor kimi göstərmək, bir qədər sonra isə BMT-də anti-Azərbaycan qətnaməsinin qəbul olunmasına nail olmaq istəyirlər. Digər yandan, Makron və Paşinyan baş verənlərdən istifadə edib Rusiyanın mövqeyini hiss ediləcək səviyyədə zəiflətmək məqsədi güdürlər. Bu baxımdan, Fransa Paşinyana Avropa Birliyi adından vədlər verməklə məşğuldur.

Əslində bizim Qarabağın müəyyən hissəsi və Laçın dəhlizi ilə bağlı problemlərimiz də var. Əgər sərhəd istiqamətində Fransa və Ermənistan təxribata əl atırsa, Qarabağın həmin ərazilərində aparılan yenidənqurma işləri, “Hayastan” fondunun burada evlər tikməsi, müxtəlif şəxslərin Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə səfər etməsi Rusiya-Azərbaycan münasibətlərinin gələcəyini müəyyən edəcək. Hesab edirəm ki, bizim yaxın gələcəkdə bunlarla bağlı Moskvaya suallarımız olacaq. İndiki məqamda görünən budur ki, biz bu məsələni bir qədər sonra Moskva ilə həll etməyə başlayacağıq, bu gün isə əsas amil Ermənistanla aramızda olan digər problemləri çözməkdir. Əgər bu gün Ermənistan ABŞ, Fransa və Rusiyanın himayəsi altında təxribatlarını davam etdirərək, sülh və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı sazişləri imzalamaqdan imtina etməsini əsas götürüb Ermənistan sərhədlərini sual altında qoya və tarixi torpaqlarla bağlı iddiamızı rəsmiləşdirə bilərik.

Paşinyan çox riskli oyun oynayır, erməni xalqı bundan əmin olmalıdır. Paşinyan bu oyunlarına davam etsə, qənaətimə görə, vaxtilə qanunsuz şəkildə Ermənistana verilmiş Zəngəzur və Göyçə ilə bağlı məsələ Azərbaycan tərəfindən rəsmi şəkildə qaldırıla bilər. Eləcə də 1920-ci ildə ərazisi 9 min kvadrat kilometr olan Ermənistanın 1991-ci ildə hansı şəkildə öz ərazisini daha 20 min artırmasını beynəlxalq instansiyalar qarşısında qabarda bilərik. 20 min kvadrat kilometrlik ərazilərimiz Ermənistana saxta hüquqi sənəd üzərində verilib. Biz bu “sənəd”in qüvvədən düşməsi üçün iddiamızı rəsmi səviyyəyə qaldıra bilərik. Buna görə də yaxşı olardı ki, bizə qarşı təxribatlar dərhal dayandırılsın, əks təqdirdə, Azərbaycan öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. Onlar bu dəfə Azərbaycan ordusu tarixi torpaqlarımızda görmüş olacaqlar.

- Sərhədlərlə bağlı anlaşmadan qaçan Paşinyanın bölgədə kommunikasiya xətlərinin açılması ilə bağlı son açıqlaması da diqqət çəkir. Ermənistan baş naziri bildirdi ki, xətlər beynəlxalq qaydalara əsasən fəaliyyət göstərməlidir.

- Əslində, Nikol Paşinyan bölgədə kommunikasiyaların açılmasında maraqlıdır. Sadəcə olaraq, o, bu məsələdən danışarkən, “dəhliz” terminindən istifadə edilməsinə qarşıdır. Çünki özü də bilir ki, dəhliz bir qədər geniş anlayışdır. Dəhliz təkcə dəmir və avtomobil yollarının keçidini ehtiva etmir. Məsələn, Gürcüstan Türkiyə və Azərbaycan arasında nəqliyyat dəhlizi kimi vacib rol oynayır. Amma biz bu xətlərin keçdiyi Gürcüstan ərazilərini “dəhliz” adlandıra bilmərik. Zəngəzuru isə bundan sonra “dəhliz” adlandıracağıq. Çünki Zəngəzur təkcə nəqliyyat yolunu yox, həm də dəhliz rolunu oynayacaq. Sadəcə olaraq, Ermənistan hakimiyyəti bu dəhlizi indi açmaq istəmir. İrəvan bundan əvvəl Azərbaycan və Gürcüstan üzərindən Rusiyaya çıxış əldə etmək istəyir, bundan sonra Zəngəzur dəhlizi məsələsinə aydınlıq gətirmək fikrindədir.

Prezident İlham Əliyev həm Avropa İttifaqı şurasının prezidenti, həm də rusiyalı həmkarı ilə görüşündə bölgədəki bütün kommunikasiya xətlərinin açılmasının zərurətini diqqətə çatdırdı. Digər yandan, Ermənistan anlayır ki, kommunikasiyaların açılması onun özünün də maraqlarına uyğundur. Bütün tərəflər buna razı olsa da, təxribatların davam etdiyi indiki vaxtda bu xətlərin necə işləyəcəyi sual doğurur. Bütün bu suallara cavab vermək üçün Ermənistan rəhbərliyi kommunikasiyaların açılması ilə bağlı siyasi qərar verməlidir. Bu isə o deməkdir ki, sərhədlər dəqiqləşmədən, Azərbaycan sərhədlərini tanımadan kommunikasiyalar açılsa, bu xətlər Ermənistan tərəfindən təhdid altında olacaq. Yaxşı olardı ki, Paşinyan öz qəti mövqeyini ortaya qoysun və sərhədlərimizi tanıdığını bəyan etsin.

Bakının tələbi budur ki, delimitasiya və demarkasiyaya bu gün başlamalıyıq. Paşinyan isə qabaqdan qış aylarının gəldiyini bilərək vaxtı uzatmaqla məşğuldur. Paşinyan unutmamalıdır ki, sərhəddəki bütün strateji nöqtələr Azərbaycan ordusunun nəzarəti altındadır. Vaxt uzadılsa belə, proses lehimizə başa çatacaq.

- Rusiyanın öz hərbi qüvvələrini Ermənistan-Azərbaycan sərhədində yerləşdirəcəyi barədə iddialar yayılır. Paşinyan da bu məsələdən danışdı. Sizcə, bu baş verə bilərmi və belə bir addım atılsa, proseslərə hansı formada təsir göstərəcək?

- Sərhəddə silahlardan istifadə olunur, dünən gecə lokal müharibənin şahidi olduq. Amma Ermənistanın müttəfiqi sayılan, üçtərəfli bəyanatlarda əsas rol oynayan Rusiya İrəvanın çağırışlarına baxmayaraq, hələ də Azərbaycanla sərhəd bölgələrində öz hərbi qüvvələrini yerləşdirməyib. Bunun iki səbəbi ola bilər. Siyasi səbəb bundan ibarətdir ki, Rusiya Qarabağın dağlıq hissəsi istisna olmaqla, sərhədlərin müəyyən edilməsi və kommunikasiyaların açılması ilə əlaqədar Bakının fikri ilə razıdır. Yəni, Moskva Azərbaycana sərhəddə öz istəyinə çatmasına narazı deyil. İkinci məqam budur ki, sərhəddə ordu yerləşdirmək kifayət qədər maliyyə resursu tələb edir. Eləcə də Azərbaycan Rusiyanın maraqlarına təhdid yaratmadığından Moskva belə düşünür ki, indiki halda belə məsrəfli bir işə girişmək məqsədəuyğun deyil.

Əslində, Bakı və Moskva arasında bu məsələdə razılıq var. Buna görə də Paşinyanın rus ordusunu sərhədə çağırması təklifi Moskva tərəfindən qəbul edilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər